Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

“Qızıl Qələm  işığında bir şair ömrü”- Xutra Ramazan 78

“Qızıl Qələm işığında bir şair ömrü”- Xutra Ramazan 78

Yeni Şərif kənd Sənətkarlıq evində tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin fəxri diplomçusu, “Qızıl Qələm” mükafatı laureatı Xutra Ramazanın ad günü münasibətilə “Qızıl Qələm  işığında bir şair ömrü” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, rayon ziyalıları,xaricdə  yaşayan iş və sənət  adamları,  mədəniyyət və incəsənət kollektivləri, geniş  əhali  kütləsi  və qonaqlar iştirak etdilər.

Görüşdə Sənətkarlıq Evinin direktoru Cəmilə Çaxiyeva və bədii rəhbəri  Mehriban Rəhmanova  şairin həyatı və yaradıcılığı haqqında geniş məruzə etdilər. Qeyd olundu ki, o bir çox mükafatlara, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı və Ulu Öndər Heydər Əliyevin yubiley medallarına, eləcə də Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür.

Görkəmli söz ustası Ramazan Xutra azərbaycan və mənsub olduğu  avar dillərində  yazıb-yaradan  şair  olaraq bu iki  xalqın ədəbiyyatının və mədəniyyətinin inkişafı sahəsində mühüm rol oynayır. Şair azərbaycan dilində  səkkiz  kitab,  20-dən çox poema, uşaq ədəbiyyatı nümunələrinin müəllifidir. Onun Vətən Müharibəsində canlarını  fəda  etmiş  şəhidlərimiz, döyüş meydanlarında hünər göstərmiş qazilərimiz və  öz  dəstəsi ilə  Şuşa qalasına birinci girmiş  Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulova  həsr olunmuş “Qartallar Şuşaya uçur” kitabı böyük rəğbət görmüşdür.

Yeni Şərif kənd tam orta məktəbin şagirdləri Osbanova Əsiyyətin, Mağliyeva Albinanın  poemadan  söylədikləri   parçalar  maraqla qarşıladı.

Tədbir iştirakçıları Ramazan Xutranın  həyat və yaradıcılığına həsr olunmuş videoçarxa  da baxdılar.

Şairin kitabları və aldığı mükafatlarından ibarət sərgi təşkil olunmuşdu.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, Qabaqçöl Polis Şöbəsinin Rəisi Vilayət  Allahverdiyev,veteran müəllim-Meysarat  Qaysayeva, Bakıda Avar  Milli Mədəniyyət Mərkəzinin rəhbəri Mamed  Nooyev, Yunan – Roma güləşi  üzrə  Aərbaycanın  Əməkdar  Məşqçisi İsmayıl Copsiyev,  Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Rəisət  Tınayeva, kimyaçı-alim Abdulla Musayev, Yeni Şərif tam orta məktəbin müəllimi Həvva Anqbazova, Şərif 1 saylı tam orta məktəbin müəllimi Adilə Hacıyeva, ziyalılar: Fatma Xutrayeva, Musa Dibirov, Musa Behalov, Hacı Osbanov, Maqsud Bazarov və başqaları çıxış edərək şairlə olan xatirələrini,əsərləri barədə fikirlərini,onunla bağlı səmimi duyğularını iştirakçılarla bölüşdülər .

Çıxış edənlər şair Xutra Ramazanı ad günü münasibətilə təbrik edərək ona yaradıcılıq uğurları arzuladı, onun çoxşaxəli yaradıcılığı yolundan söz açdılar. Qeyd olundu ki, sənətkarın yaradıcılığı vətən sevgisindən, doğma yurduna  bağlılığından, təbiətin gözəlliyindən, bu gözəlliyi özündə yaşayan insanların həyat tərzindən qaynaqlanır. Şairin  alovlu vətənpərvər və əsl  beynəlmiləlçi olduğu da vurğulandı.

Gecədə qiraətçilər və məktəb şagirdləri şairin şeirlərini səsləndirdilər. Tələbə qız  Ayişə Xanayevanın, məktəbli Xacay  Əhmədiyevanın  ifasında  şairin avarca yazdığı şeirləri böyük maraqla qarşılandı.

İncəsənət kollektivlərinin çıxışları, Qabaqçöl  qəsəbə Folklor klubunun  “Cahan” avar rəqs qrupunun rəqsləri, eləcə də Zaqataladan gəlmiş rəqqasə Zöhrənin çıxışı alqışlarla səbəb oldu.

Tamburçu Şamil Terçiyevin şairin sözlərinə yazılmış mahnıları, Səməd Qoqayevin ifa etdiyi musiqilər gecəyə gözəllik qatdı.

Sonda istedadlı şair Xutra Ramazan tamaşaçılara və Sənətkarlıq Evinin kollektivinə  minnətdarlığını bildirdi.

Redaksiyadan: “Yeni Balakən” qəzeti rayon mədəniyyət müəssisələrinin fəaliyyətini həmişə diqqətlə  izləyir.Qeyd edək ki, bu sahədə məqsədyönlü işlər görülür. Yeni Şərif kənd Sənətkarlıq evinin kollektivinin  fəaliyyəti  bu baxımdan fərəh  doğurur. Sənətkarlıq Evinin direktoru Cəmilə Çaxiyeva, bədii  rəhbəri  Mehriban Rəhmanova , Mesed Papaxova  işinə  yaradıcı yanaşaraq rəngarəng  və maraqlı tədbirlər həyata keçirir. Bu işgüzar kollektivə uğurlar diləyirik.

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir