30 mart 2026-cı il tarixində Balakən Rayon Şəhidlər Xiyabanında itkin şəhidimiz Həsənov Cavanşir İsrafil oğlunun 40 mərasimi keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidimizin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Cavanşir Həsənov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş, onun nəşi uzun illərdən sonra – 19 fevral 2026-cı ildə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə tapılaraq ailəsinə təhvil verilib və doğulduğu Balakən rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
Mərasimdə şəhidin döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsi və Anti-terror əməliyyatı zamanı qazanılmış qələbələrdən, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin nəşlərinin tapılaraq ailələrinə təhvil verilməsindən və dövlətimizin bugünkü uğurlarından söz açılıb.
Şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yeni Balakən



































