Balakənli müəllim Günay Sofiyevanın uğurları
Balakən rayonunun Püştətala kəndində anadan olan, uzun illərdir təhsil sahəsində çalışan Sofiyeva Günay Hacısüleyman qızı kimya-biologiya müəllimi kimi həm rayon, həm də respublika miqyasında böyük nailiyyətlər qazanıb.
2001-ci ildən Əli Şirinov adına Qaravəli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Günay müəllim şagirdlərinə kimya fənnini sevdirərək onların ali məktəblərə yüksək ballarla qəbul olunmasına, olimpiadalarda və bilik yarışlarında uğurla iştirak etməsinə nail olub.
Onun fəaliyyəti təkcə məktəb daxilində deyil, həm də ölkə miqyasında dəyərləndirilib. Müəllim “Qabaqcıl təhsil işçisi” döş nişanı, Təhsil Nazirliyinin fəxri fərmanları, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Günay Sofiyeva bir sıra yerli və beynəlxalq layihələrin müəllifi və koordinatoru kimi də tanınır. “İpək ilahəsi”, “Hackathon”, “Balakənli mühəndislər” və “Virtual kimya” layihələri onun təşəbbüskarlığının bariz nümunəsidir. Bu layihələr vasitəsilə şagirdlər virtual laboratoriyalarda təcrübələr apararaq fənni daha dərindən öyrənmək imkanı qazanıblar.
Elm və təhsilə bağlılığı, gənc nəslin inkişafına verdiyi töhfələr Günay müəllimi həm şagirdlərinin, həm də təhsil ictimaiyyətinin sevimlisinə çevirib. Onun fəaliyyəti Balakən rayonunun təhsil tarixində xüsusi iz qoyur.
Yeni Balakən













































