Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakən rayonunun Bedağar kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilib

Balakən rayonunun Bedağar kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilib

 Sentyabrın 15-də Balakən rayonunun Bedağar kənd tam orta ümumtəhsil məktəbi üçün inşa edilən 2 mərtəbəli və 180 şagird yerlik bina istifadəyə verilib.

  Açılış mərasimində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri, valideynlər, kənd sakinləri və şagirdlər iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Çıxış edənlər müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən bəhs ediblər.  Ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açaraq pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıblar. Təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. 180 şagird yerlik tədris binasında ibtidai siniflər daxil olmaqla, 20 sinif otağı, fizika və kimya laboratoriyaları, böyük idman zalı və idman meydançası vardır. Eyni zamanda informatika, gənclərin  çağırışaqədərki hazırlıq və  texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, akt zalı şagirdlərin istifadəsinə verilib.  Məktəb müasir istilik sistemi, mebel və hər bir texniki avadanlıqla təchiz olunub. Məktəbin həyətində hasar çəkilib, asfalt örtük döşənib, abadlıq işləri aparılıb, işıqlandırma dirəkləri basdırılıb.

   Qeyd edək ki, 2026-2027-ci tədris ilində təhsil müəssisəsində 140 şagird təhsil prosesinə cəlb olunub. Məktəbdə 29 nəfər pedaqoji işçi çalışır.

                                                                              Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir