Noyabrın 18-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Balakən rayonunda görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində günəbaxan yağı istehsalı müəssisəsinin yaradılması istiqamətində aparılan işlərə, intensiv meyvə bağlarına və digər təsərrüfatlara baxış keçirilib, həmçinin soyuducu anbar kompleksinin tikintisi ilə tanış olunub.
Qeyd edək ki, “Balakən Toxum” MMC tərəfindən 0,4 hektar torpaq sahəsində dəyəri 2,2 milyon manat olan günəbaxan yağı istehsalı müəssisəsinin tikintisi üçün sənədləşmə və layihələndirmə işləri həyata keçirilir. Eyni zamanda, AZZA Firması tərəfindən 4 hektar, fərdi sahibkar Nadir Hacıyev tərəfindən 7 hektar sahədə yeni intensiv bağların salınması məqsədilə ərazilərin təmizlənməsinə və müvafiq infrastrukturun yaradılmasına başlanılıb. Fərdi sahibkar Elməddin Layıcov tərəfindən isə 4 hektar sahədə yeni intensiv bağın salınması istiqamətində nəzərdə tutulan işlər yekunlaşdırılıb.
Rayonda yeni soyuducu anbar komplekslərinin yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Fərdi sahibkar Elçin Cəyiyev tərəfindən layihə dəyəri 2,2 milyon manat, saxlama tutumu 2000 ton olan soyuducu anbar kompleksinin tikintisi başa çatdırılıb.
Həmçinin Dövlət Proqramının icrası ilə əlaqədar yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində digər layihələrin həyata keçirilməsidə planlaşdırılır.
Baxış zamanı sahibkarların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklərlə maraqlanılıb, onların təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. İclasda Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Həyata keçirilən tədbirlər Balakən rayonunun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir. Bu istiqamətdə işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
Yeni Balakən






















Leave a Reply