Təhsil bir millətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Bu gələcəyi formalaşdıran əsas qüvvə isə şagirdlərə bilik, bacarıq və özünəinam aşılayan müəllimlərdir. Qazma kənd 1 nömrəli tam orta məktəbində əldə olunan növbəti uğur da məhz müəllim zəhmətinin, məqsədyönlü tədrisin və istedadlı şagirdlərin əzmkarlığının parlaq nəticəsidir.
Belə ki, məktəbin 9, 10 və 11-ci sinif şagirdləri 25 oktyabr tarixində keçirilən Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadasının 2026-2027-ci tədris ili üzrə seçim mərhələsində iştirak edərək yüksək nəticələr nümayiş etdiriblər. Olimpiadada göstərdikləri bilik və bacarıqlarla məktəbin adını beynəlxalq arenada tanıtmağa nail olan şagirdlər uğurları ilə qürur hissi yaşadıblar.
Seçim mərhələsinin nəticələrinə əsasən, 11a sinif şagirdi Ömər Mirəliyev və 10a sinif şagirdi Xəyyam Mollayev bürünc medala layiq görülərək 2027-ci ilin mart ayında ABŞ-ın Mayami şəhərində keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazanıblar. Bu nailiyyət təkcə məktəb üçün deyil, həm də rayonun və ölkəmizin təhsil uğurları sırasında xüsusi yer tutur. Gənc istedadların beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək hüququ qazanması onların gələcək uğurlarının möhkəm təməl üzərində qurulduğunu göstərir.
Bununla yanaşı, olimpiadada fərqlənən 10a sinif şagirdləri Xədicə İbrahimova, İbrahim Məmmədzadə, İlay Daanova və 9a sinif şagirdi Həsən Şabanov yüksək nəticələrinə görə fəxri fərmanla təltif olunublar. Bu göstəricilər məktəbdə tədrisin keyfiyyətindən və şagirdlərin elmə olan marağından xəbər verir.
Əldə olunan bu uğurun arxasında uzun illərin pedaqoji təcrübəsi, zəngin biliyi və fədakar əməyi ilə seçilən ingilis dili müəllimi Tamara Mirəliyevanın böyük zəhməti dayanır. Tamara müəllimə peşəsinə ürəkdən bağlı, hər bir şagirdin potensialını üzə çıxarmağı bacaran, onların yalnız bilik deyil, eyni zamanda özünəinam qazanmalarına da dəstək olan nümunəvi pedaqoqlardandır. Onun yüksək peşəkarlığı, müasir tədris metodlarından səmərəli istifadə etməsi və şagirdlərə fərdi yanaşması bu uğurların əsas hərəkətverici qüvvəsinə çevrilib.Şagirdlərinin hər bir uğurunu şəxsi uğuru kimi qəbul edən pedaqoq gələcəyin savadlı, dünyagörüşlü və rəqabətqabiliyyətli gənclərinin yetişməsində mühüm rol oynayır.
Bu möhtəşəm uğur münasibətilə Ömər Mirəliyevi, Xəyyam Mollayevi, fəxri fərman qazanan bütün şagirdləri və onların əziz müəllimi Tamara Mirəliyevanı səmimi qəlbdən təbrik edir, beynəlxalq final mərhələsində yeni qələbələr arzulayırıq. İnanırıq ki, onların əldə edəcəyi növbəti nailiyyətlər də məktəbimizin, rayonumuzun və ölkəmizin təhsil salnaməsinə qızıl hərflərlə yazılacaqdır.
Uğurunuz davamlı, yolunuz daim açıq olsun! 🌹📚🏅
Yeni Balakən













Leave a Reply