Balakən – gözəl memarlığın və düzgün şəhərsalmanın nümunəsi olsun.
Cənab Prezidentin sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq” ili elan olunub. “Yeni Balakən” qəzeti olaraq biz də bu mühüm təşəbbüsə dəstək verməyi özümüzə borc bilirik. Çünki ev tikmək, bir yuvaya sahib olmaq hər bir insanın ən böyük arzularından biridir.
Lakin çoxları bilmədən inşaata başlayır və sonradan müxtəlif çətinliklərlə üzləşir. Əslində isə ilk addım layihələndirmədir: tikiləcək evin memarlıq planı hazırlanmalı, müvafiq sənədlər Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada təqdim edilməlidir. Komitə 10 iş günü ərzində layihəni yoxlayır və qanunlara uyğun olduğu halda portalda qeydiyyata alır. Bu qeydiyyat tikintinin rəsmi statusunu təsdiqləyir və sizi cərimələrdən, narahatlıqlardan qoruyur.
Tikinti tamamlandıqdan sonra portalda “tamamlama” qeydiyyatı aparılır. Bununla evinizə qaz xətti çəkilir, çıxarış verilir. Qeyri-yaşayış obyektləri – mağaza, anbar, dükan – üçün də eyni qaydalar keçərlidir. Əks halda, cərimələr ard-arda artır: əvvəl 300 manat, sonra 500, daha sonra minlərlə manat… Halbuki, qanuna uyğun sənədləşmə ilə bütün bu problemlərin qarşısını almaq mümkündür.
Biz “Yeni Balakən” olaraq oxucularımıza həm məlumatlandırma, həm də sənədlərin sistemə yerləşdirilməsi sahəsində dəstək göstəririk. İstər fərdi yaşayış evi, istər yardımçı tikili, istərsə də ticarət obyekti olsun – rayonumuzda fəaliyyət göstərən gənc və savadlı memarlar, peşəkar layihə və dizayn şirkətləri ilə sizi əlaqələndirə bilərik. Üstəlik, sərfəli qiymətlərlə və tam rəsmi qaydada.
Nəticə olaraq, “Şəhərsalma və Memarlıq” ili hər birimiz üçün yalnız dövlət proqramı deyil, həm də öz həyatımızı daha rahat, qanunlara uyğun qurmaq fürsətidir. Ev tikmək, obyekt inşa etmək – bunlar sadəcə daşdan, taxtadan ibarət deyil, həm də gələcəyimizin təminatıdır. Qanunlara riayət etməklə, düzgün layihələndirmə və rəsmi qeydiyyatla hər bir tikinti həm sahibinə rahatlıq, həm də cəmiyyətə gözəllik bəxş edir.
Balakənlilər olaraq biz də bu prosesdə həm dövlətimizin çağırışına cavab verməli, həm də öz yuvamızı, iş yerimizi qanuni və möhkəm əsaslarla qurmalıyıq. Çünki hər bir sağlam tikili – sağlam gələcəyin təməlidir.
Yeni Balakən
Author: Ramazan Abal
Əlaqədar Mövzular
30 mart 2026-cı il tarixində Balakən Rayon Şəhidlər Xiyabanında itkin şəhidimiz Həsənov Cavanşir İsrafil oğlunun 40 mərasimi keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidimizin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Cavanşir Həsənov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş, onun nəşi uzun illərdən sonra – 19 fevral 2026-cı ildə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə tapılaraq ailəsinə təhvil verilib və doğulduğu Balakən rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
Mərasimdə şəhidin döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsi və Anti-terror əməliyyatı zamanı qazanılmış qələbələrdən, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin nəşlərinin tapılaraq ailələrinə təhvil verilməsindən və dövlətimizin bugünkü uğurlarından söz açılıb.
Şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yeni Balakən
Əlaqədar Mövzular
Bir ölkənin ən böyük sərvəti onun insanıdır. Bu sərvətin formalaşmasında bölgələrimizin rolu danılmazdır. Balakən və balakənlilər bu baxımdan xüsusi yer tutur. Tarix boyu dövlətə sədaqəti ilə tanınan, dövlətçiliyimizi yaşadan oğullarımız və qızlarımız olmuşdur, bu gün də var, gələcəkdə də olacaq. Ən önəmlisi isə bu insanlara sağlığında dəyər vermək, diqqət göstərməkdir.
Balakənin Qəhrəmanları
• Mehdiyev İlham İsmayıl oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Qebedov Elnur Ceerov oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Hudulov Ramazan İzzət oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Əliyev Fərid Vaqif oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Novruzov Amin Tacəddin oğlu – (ölümündən sonra)Vətən Müharibəsi Qəhrəmanı
Bu qəhrəmanlarımız dövlətimizin müstəqilliyi və təhlükəsizliyi uğrunda böyük fədakarlıqlar göstərmişlər.
Balakənin Tanınmış Şəxsiyyətləri
Balakən rayonundan çıxmış, ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək vəzifələr tutan, bayrağımızı ucaldan, ad-san qazanmış insanlar çoxdur:
• Nəsib Məhəməliyev – Millət vəkili
• Qoşqar Səlimov – Prezident Administrasiyasında
• Əhmədov Emil Yaşar oğlu-Taylandda Azərbaycan səfirliyi,konsul
• Məmmədov Nazim Şahruddin oğlu-BMT-nin regional ofisində BMT İnkişaf Proqramının Asiya və Sakit okean regionu üzrə enerji məsələlərində rəhbər (Bangkok,Tailand)
• Zamir Dibirov – İqtisadiyyat Nazirliyində,nazir müavini
• Aydın İsayev – Maliyyə Nazirliyində
• General-mayor Canpolad Daanov – Polis Akademiyasının rəisi
• General-mayor Nurullah Məmmədxanlı – DİN Baş Mühafizə İdarəsinin rəisi
• General-mayor Bilal Çompuzov – Azərbaycan Ordusunun korpus komandiri
• Muradov Səməd Əli oğlu-Müdafiə Nazirliyində
• Rəsul Çunayev – Dünya çempionu
• Laləzar Mustafayeva-Azərbaycan Respublikasının xalq artisti
• Füzuli İsmət oğlu Hüseynov-Azərbaycan Respublikasının əməkdar artisti.
• Nailə İslamzadə – Azərbaycan Respublikasının əməkdar artisti.
• Kamran Yunis-teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası
• Leyla Atayeva-Pantomima Teatrının istedadlı gənc aktrisası
• Osman Gündüz – Azərbaycan İnternet Fondunun Prezidenti
• Rəvan Əliyev – BDU-nun doktorantı
• Məmmədli Akif Əlavəddin oğlu-Tarix üzrə fəlsəfə doktoru
• Ruslan Herayev – ARB televiziyasının informasiya şöbəsinin müdiri
• Elnur Şibliyev – ARB 24-ün icraçı direktoru
• Nuranə İbrahimli – Aparıcı
• Əfsanə Rəcəb- gənc xanım jurnalistimiz
• Zeynal Əmrəliyev-Politoloq
• Rasim Əmrəliyev – “LUKOİL” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri
• Qasımova Samirə-Dünya Bankı, Amerika
• Puçaxov Nurlan-London Maliyyə Bankı-İngiltərə
• Zaur Fazil oğlu Yaqubov-Suraxanı Maşın Zavodunun direktoru
• Nəsibov Şaban -Çikaqo,Amerika
• Abdullayev Nürəddin-Texas,Amerika
• Ərbəşiyev Elnur-Kanada
• Gallacov Nurlan-İrlandiya
• Xoçberov Natiq -Birləşmiş Ərəb Əmirlikləri
• Qurbanov Rəsul-Latviya
• Qurbanov Şamil -həkim,Almaniya
• Abbasov Nihat – həkim,Moskva Rusiya
Bu şəxslər tanınmış şəxslərimizin çox az hissəsidir,onlar öz sahələrində uğur qazanaraq həm rayonumuzun, həm də ölkəmizin adını ucaldırlar.
İctimai Həyatda İştirakın Əhəmiyyəti
Belə tanınmış insanların rayonumuzda təşkil olunan kütləvi tədbirlərə, bayram şənliklərinə, toplantılara dəvət olunması çox önəmlidir. Bayram günləri qeyri-iş günləri olduğundan onların böyük əksəriyyəti evdə olur, bəziləri isə doğma Balakəndə bayramı keçirirlər. Böyük məmnuniyyətlə bu tədbirlərdə iştirak edər, rayonumuza şərəf verərlər.
Strateji Baxış
İdarəetmənin strateji planlamasında “çevrədən faydalanma, fürsətləri dəyərləndirmə” anlayışı mövcuddur. Respublika miqyasında fayda verən bu hörmətli insanların rayonumuzun ictimai, siyasi və mədəni həyatında iştirakı Balakənə böyük xeyir gətirər. Onların təcrübəsi, nüfuzu və dəstəyi ilə biz birlikdə daha güclü ola bilərik.
____________________________________________________________________
Balakənin fəxrləri bizim üçün yalnız qürur mənbəyi deyil, həm də gələcək inkişafımızın təminatıdır. Onlara dəyər vermək, rayon həyatına cəlb etmək hər birimizin borcudur.
==========================================
P.S.Adlarını siyahıda qürurla,fəxrlə qeyd etdiyim dəyərli Balakənlilərim,sizlərdən kiçicik bir xahişim var-Balakənə gəldiyiniz zaman “Yeni Balakən” qəzetinin redaksiyasında(Balakən İcra Hakimiyyəti binasının birinci mərtəbəsində) mən redaktor Ramazan Abalov, Balakən Rayon İcra Hakimiyyətinin Başçısı Natiq Ağayev,Balakən RİH-in başçısının birinci müavini Turan Dibirov sizləri məkanımızda qarşılamaqdan, sizlərlə görüşməkdən məmnunluq duyarıq.Qapımız üzünüzə açıqdır.Balakənə gəldiyinizdə mütləq görüşək,sizləri görmək xoşdur.
Ramazan Abal
Əlaqədar Mövzular
1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində imperiyanın tərkibində olan ərazilərdə yaranmış qeyri-müəyyən durum və idarəetmədə meydana çıxan boşluqlar ermənilərin Qafqazı, xüsusilə də Azərbaycanı nəzarətə götürmək istəklərini yenidən alovlandırdı. Regionda yaranmış vəziyyətdən istifadə edən erməni daşnakları bolşeviklərin köməkliyi ilə azərbaycanlılara qarşı XX əsrin ən qanlı soyqırımlarından birini həyata keçirməyə başladılar. “Böyük Ermənistan” ideyasının reallaşması istiqamətində həyata keçirilən bu soyqırım, əslində, Azərbaycan xalqını tamamilə məhv etməyə hesablanmışdı. Soyqırımın təkcə Bakı şəhərini deyil, eləcə də Azərbaycanın bölgələrini əhatə etməsi bu qətliamın planlı şəkildə, azərbaycanlıların məhvinə hesablandığını demək üçün əsas verirdi.
1918-ci ilin mart-aprel aylarını əhatə edən bu soyqırım nəticəsində Bakı şəhərində, həmçinin Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. İnsanlara xüsusi amansızlıqla işgəncələr verildi. Tarixi faktlara əsasən, 1918-ci ilin 30 mart–3 aprel tarixlərini əhatə edən günlərdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə həyata keçirilən soyqırım nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib. Erməni daşnakları təkcə insanlara qarşı vəhşilik edərək onları qətlə yetirmir, eyni zamanda azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıdır, onları məhv edirdilər.
Erməni daşnaklarının bir nömrəli hədəfi isə, heç şübhəsiz ki, Bakı şəhəri idi və Bakını ələ keçirmək ermənilər üçün böyük uduş olardı. Çünki Bakı, bu gün olduğu kimi, XX əsrin əvvəllərində də dünyanın ən mühüm neft mərkəzlərindən biri idi. Şəhərə nəzarət etmək ermənilər üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük üstünlük olardı. Bu səbəbdən Bakı uğrunda mübarizə xüsusi qəddarlıqla aparılırdı.
Mart soyqırımının ən dəhşətli günlərindən biri də Qubada yaşanıb. Quba qırğınları zamanı şəhərdə təxminən 3 minə yaxın, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq şəxs erməni daşnaklarının qurbanına çevrilib. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.
Zaman keçdikcə imperiyanın məkrli planı və tarixi saxtalaşdırmağa yönəlik siyasəti ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqın yaddaşından unutdurulmağa çalışılsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın tarixinin yenidən öyrənilməsi, başımıza gətirilən müsibətlərin və soyqırımların gələcək nəsillərə çatdırılması tarixi həqiqətlərin üzə çıxmasına şərait yaratdı. Bütün istiqamətlərdə olduğu kimi, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün də dərindən öyrənilməsi, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. 1998-ci il 26 mart tarixində Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında Fərman”ı bunun bariz sübutudur.
Həmin fərmana əsasən, 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu da öz növbəsində 1918-ci il hadisələrinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi idi. Sözügedən fərman, eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş qırğınların araşdırılmasının dövlət siyasətinin bir hissəsinə çevrilməsi demək idi. Ulu Öndər bu məsələnin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıdılmasına xüsusi önəm verirdi. Xarici ölkələrdə müxtəlif tədbirlərin və konfransların keçirilməsi, diplomatik nümayəndəliklər vasitəsilə məlumatlandırma işlərinin aparılması məhz bu məqsədə xidmət edirdi.
Heydər Əliyevin müəyyən etdiyi bu siyasət sonrakı illərdə də davam etdirildi. Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin mühüm rolu nəticəsində bu günün beynəlxalq səviyyədə tanıdılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ötən illər ərzində məqsədyönlü addımlar atılıb. Öz növbəsində Prezident İlham Əliyev də müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər qurumlarda çıxışları zamanı 1918-ci il hadisələri barədə məlumat verərək bu faciənin dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tariximizin saxtalaşdırılmasının qarşısını almaq üçün ardıcıl siyasət həyata keçirir. Xarici ölkələrdə konfranslar, sərgilər və təqdimatların təşkil olunması, soyqırımı ilə bağlı materialların müxtəlif dillərdə nəşr edilməsi, Azərbaycan diplomatiyası vasitəsilə müxtəlif ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda bu mövzunun gündəmə gətirilməsi İlham Əliyevin xarici siyasət kursunun tərkib hissəsidir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Əlaqədar Mövzular
Ali Osmanov və “Cahan” avar xalq kollektivinin möhtəşəm konserti
Balakən rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkı bu gün baharın gəlişini musiqi və rəqs ahəngi ilə qarşıladı. Tanınmış sənətkar Ali Osmanovun ifası və “Cahan” avar xalq kollektivinin rəngarəng çıxışları tamaşaçılara unudulmaz anlar yaşatdı.
Parkda qurulan səhnə bahar bayramının ruhunu əks etdirən bəzəklərlə işıqlandırılmış, ətrafı isə yüzlərlə insanın sevinc dolu alqışları ilə canlanmışdı. Uşaqların şən oyunları, gənclərin coşqusu və böyüklərin maraqlı izləyici dəstəyi tədbirə xüsusi rəng qatdı.
Konsert boyu milli musiqi alətlərinin sədası, avar xalq rəqslərinin ritmik hərəkətləri və Ali Osmanovun ürəklərə toxunan ifası Balakənlilərin qəlbində baharın təzə nəfəsini oyatdı. “Cahan” kollektivinin milli geyimlərdə səhnəyə çıxışı isə həm estetik gözəlliyi, həm də mədəni irsin zənginliyini nümayiş etdirdi.
Bu tədbir bir daha sübut etdi ki, Balakən mədəniyyətin, dostluğun və bahar sevincinin mərkəzidir. İştirakçılar konsertdən ruh yüksəkliyi ilə ayrıldılar, baharın gəlişini musiqi və rəqs vasitəsilə qarşılamağın fərəhini yaşadılar.
Yeni Balakən
Əlaqədar Mövzular
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həftə ərzində əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında imzalamış olduğu müvafiq fərman və sərəncamlara yanaşmalar, bu mühüm sənədlərin qiymətləndirilməsi və onların analizi müxtəlif olsa da, dəyişməyən bir reallıq ondan ibarətdir ki, atılan addımlar və qəbul edilən qərarlar ilk növbədə şəffaflığa, dövlət vəsaitlərinin düzgün istiqamətə sərf edilməsinə xidmət edir.
Təsadüfi deyil ki, əksəriyyətin mövqeyi də ondan ibarətdir ki, əməkhaqqı sistemində edilən dəyişikliklər şəffaflığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyətlidir. Heç kimə sirr deyil ki, bəzi hallarda dövlət qulluqçularının maddi təminatının, əməkhaqqının az olması istər-istəməz onlarda qeyri-rəsmi yollarla gəlir əldə etməyə maraq formalaşdırırdı. Bu da öz növbəsində ölkədə korrupsiya və rüşvətxorluq hallarına imkan yaradırdı. Eyni zamanda, dövlət qulluğunda çalışanların hansı formada gəlir əldə etdikləri barədə cəmiyyətdə şəffaf bilgi yox idi. Yeni tətbiq edilən qaydalar və yanaşmalar əsasında artıq bu məlumatsızlıq aradan qalxacaq, şəffaflıq təmin olunacaq.
Ən əsası, yüksək səviyyədə maddi təminatla əhatə olunan dövlət qulluqçusu qeyri-rəsmi gəlir mənbələrinin axtarışına maraq göstərməyəcək ki, bu da nəticə etibarilə korrupsiya və rüşvətxorluq risklərinin minimuma enməsinə gətirib çıxaracaq. Digər tərəfdən, bu həm də dövlət strukturlarında dürüstlük mühitinin formalaşmasına şərait yaradacaq. Məhz bu amil də öz növbəsində vətəndaşların dövlətə olan etimadının artırılması və ictimai münasibətlərdə sağlam mühitin formalaşmasını şərtləndirən başlıca amillərdəndir.
İkinci mühüm məqam ondan ibarətdir ki, əməkhaqqı sisteminin təkmilləşdirilməsi ölkədə kadr bazasının formalaşdırılması və onların ölkədən axınının qarşısının alınmasına xidmət edəcək. Heç kimə sirr deyil ki, yeni tətbiq edilən qaydalar peşəkar kadrların dövlət qulluğuna cəlb olunmasına imkan yaradacaq. Artıq bilikli və bacarıqlı kadrlar maddi təminat üçün özəl sektor deyil, dövlət orqanlarında çalışmağa üstünlük verəcəklər. Çünki əməkhaqqı sistemində tətbiq edilən yeni qaydalar dövlət sektorunu özəl sektorla müqayisədə daha cəlbedici edəcək. Nəticədə, yüksək ixtisaslı mütəxəssislər dövlət qulluğuna maraq göstərəcək ki, bu da daha savadlı kadrlar arasında sağlam rəqabətin yaranmasına yol açacaq. Eyni zamanda, qeyd etdiyimiz kimi, bu, ölkədən kadr axınının qarşısını alacaq. Artıq bacarıqlı və savadlı kadrlar yüksək əməkhaqqı və xoş gələcək üçün Avropaya üz tutmayacaq. Həmin yüksək maddi təminatı dövlət qurumunda çalışmaqla da əldə edə biləcəklər.
Nəhayət, yeni qaydalar həm də dövlət qurumlarında optimallaşma prosesləri ilə sıx bağlıdır. Bir-birini təkrarlayan vəzifələrin ixtisarı dövlət aparatının yükünü azaldacaq. Beləliklə, daha az sayda, lakin daha peşəkar və maddi cəhətdən yaxşı təmin olunmuş kadrlarla daha yüksək nəticələr əldə etmək mümkün olacaq.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Əlaqədar Mövzular
Millət vəkili Nəsib Məhəməliyev seçiciləri ilə bayramı qeyd etdi
Balakən rayonunda bayram ab-havası seçicilərlə birgə yaşandı. Hörmətli millət vəkili Nəsib Məhəməliyev bu gün hər iki bayram münasibətilə balakənliləri səmimi şəkildə təbrik edərək, onların sevincini bölüşdü.
Şambul kəndində keçirilən görüşdə millət vəkili seçicilərlə bir araya gələrək onların gündəlik həyatla bağlı problemlərini dinlədi. Vətəndaşların qaldırdığı məsələlərdən dərhal həll olunması mümkün olanlar yerindəcə həll edildi. Zaman tələb edən və aidiyyatı qurumların müdaxiləsini tələb edən problemlərin isə mütləq şəkildə müvafiq instansiyalar qarşısında qaldırılacağına söz verdi.
Görüş zamanı sakinlər millət vəkilinin diqqət və qayğısını yüksək qiymətləndirərək, onların yanında olmasından məmnunluqlarını ifadə etdilər. Bayram günündə seçicilərlə birgə olmaq, onların sevincini paylaşmaq və eyni zamanda problemlərinə həll yolları tapmaq millət vəkili ilə xalq arasında səmimi ünsiyyətin bariz nümunəsi oldu.
Yeni Balakən
Əlaqədar Mövzular
Balakəndə Ramazan Bayramı: Birlik, sevinc və mənəvi ucalıq
Ramazan ayını geridə qoyan Balakən camaatı bu gün böyük coşqu ilə Ramazan bayramını qarşıladı. Səhərin erkən saatlarından etibarən məscidlərə üz tutan insanlar bayram namazını qılmaq üçün bir araya gəldilər. Məscidlərdəki mənzərə həm dini, həm də ictimai baxımdan dərin məna daşıyırdı: müxtəlif yaş qruplarından olan insanlar bir səfdə dayanaraq dua etdilər, bayramın mənəvi ucalığını birlikdə yaşadılar.
Namazdan sonra bayramlaşma mərasimi başladı. İnsanlar bir-birini təbrik edir, qucaqlaşır, sevincini bölüşürdü. Bu bayram sadəcə dini bir mərasim deyil, həm də sosial bir hadisədir: qohumlar, qonşular, dostlar bir araya gələrək həmrəyliyin, paylaşmanın və mərhəmətin təcəssümünü ortaya qoyurlar. Balakəndəki bayram ab-havası bir daha göstərdi ki, Ramazan ayı insanları birləşdirən, qəlbləri saflaşdıran və cəmiyyətə mənəvi güc verən bir məktəbdir.
Bayram günlərində həm də ehtiyacı olanlara yardım etmək, kasıbları sevindirmək, uşaqlara bayram hədiyyələri vermək ənənəsi yaşadılır. Bu, bayramın ruhunu daha da zənginləşdirir və onun sosial ədalət, paylaşma və mərhəmət prinsiplərini ön plana çıxarır.
Bayram təbriki
Ramazan bayramı münasibətilə bütün oxucularımızı ürəkdən təbrik edirik! Bu mübarək günlər hər bir evə bolluq, bərəkət, sevinc və sülh gətirsin. Qəlblərimizdə mərhəmət, dilimizdə dua, əllərimizdə paylaşma olsun. Bayramınız mübarək! 🌙
Yeni Balakən
Əlaqədar Mövzular
Baharın gəlişi böyük coşqu ilə qarşılandı
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı və qədim adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Balakəndə böyük coşqu ilə qeyd olunub. Martın 19-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon şənliyi keçirilib. Park səmənilər, gül-çiçəklər, al-əlvan xonçalar və xalq tətbiqi sənəti nümunələri ilə bayramsayağı bəzədilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar Bahar qız, kosa və keçəl, milli geyimli gənclərin təqdim etdiyi Novruz xonçaları və şərbətlə qarşılanıb. “Yallı” rəqsi bayramın ruhunu daha da canlandırıb. İcra başçısı Natiq Ağayev musiqi sədaları altında bayram tonqalını alovlandıraraq şənliyi rəsmi şəkildə açıq elan edib.
Sərgilər və bayram guşələri
Bayram çərçivəsində sahibkarların və məktəblilərin əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, rəsm sərgiləri və milli mətbəximizin nümunələri qonaqların böyük marağına səbəb olub. İdmançılar öz məharətlərini nümayiş etdiriblər.
Təbriklər və mükafatlandırma
Rayon rəhbəri Natiq Ağayev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O, həmçinin Balakən gimnaziyasının təmirinə dəstək verən iş adamı Qalib Əhmədovu təltif edib və region məktəblilərinin velosiped turnirində qalib gəlmiş idmançıları mükafatlandırıb.
Rəngarəng konsert və personajların çıxışı
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayaraq xoş arzularını çatdırıblar. Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivləri bayram konserti ilə çıxış edib. Kosa və Keçəl məzəli zarafatları ilə tədbirə şənlik qatıb, iştirakçılarda unudulmaz təəssürat yaradıb.
Şənlik park ərazisində ağacəkmə aksiyası ilə başa çatıb. Bu addım Novruzun təbiətə sevgi və yenilənmə fəlsəfəsini bir daha təsdiqləyib.
Yeni Balakən
Əlaqədar Mövzular
Torpaq Çərşənbəsi Balakəndə İncəsənət Bayramına Çevrildi
17 mart 2026-cı il tarixində Balakən Uşaq İncəsənət Məktəbi baharın gəlişini, torpağın oyandığı ilaxır – “Torpaq çərşənbəsi*ni xüsusi bir tədbirlə qeyd etdi. Bu məkanda keçirilən hər bir tədbir özəl və gözəl görünüm alır, ən kiçik məqam belə böyük təəssürat yaradır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev, dövlət hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid anaları, mədəniyyət işçiləri, valideynlər və digər qonaqlar iştirak etdilər. Onların iştirakı tədbirə həm rəsmi, həm də mənəvi dəyər qatdı.
İncəsənətlə Qarşılama
Girişdə qonaqları məktəbin rəqs qrupunun şagirdləri milli “Yallı” rəqsi ilə qarşıladı. Bu qədim rəqs həm birlik, həm də milli ruhun təcəssümü kimi tədbirin başlanğıcına xüsusi rəng qatdı. Ardınca gənc rəssamların canlı yaradıcılıq prosesi və sərgilənən əsərləri təqdim olundu. Qonaqlar uşaqların fırçasından doğan bayram ovqatını, milli motivləri və yaradıcılıq həvəsini böyük maraqla izlədilər.
Xatırladaq ki, Balakən Uşaq İncəsənət Məktəbi 2020-ci ildə cənab Prezidentin iştirakı ilə açılmış, respublikada nadir layihələrdən biridir. Məktəbin özünə məxsus səs yazma studiyası, məşhur tar ustası Aydın Tağıyevin emalatxanası və zəngin yaradıcılıq mühiti tədbir iştirakçıları üçün xüsusi maraq doğurdu. Bu imkanlar Balakən gənclərinin incəsənətə olan marağını daha da artırır.
Tədbirin əsas hissəsi böyük zalda baş tutdu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərimizin ruhu ehtiramla yad edildi. Ardınca uşaq xor kollektivinin, xalq çalğı alətləri ansamblının və müəllimlərin ifasında milli musiqi nümunələri səsləndi. Rəqs kollektivlərinin çıxışları isə zalda bayram ovqatını daha da gücləndirdi. Hər ifa, hər rəqs tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Bayramın Son Nəğməsi
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək belə gözəl tədbirlərin davamını tövsiyyə etdi. O, məktəb kollektivi ilə birgə xatirə şəkli çəkdirərək bu günün yaddaşlarda qalacaq bir bayram səhifəsinə çevrilməsinə töhfə verdi.
Ramazan Abal




































