Balakəndə sahibkar Elməddin Layıcovun uğur hekayəsi – bölgənin iqtisadi inkişaf fonunda
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” – Ulu Öndər Heydər Əliyevin bu fikri bu gün də öz aktuallığını qoruyur. Güclü iqtisadiyyat ölkənin siyasi müstəqilliyinin təminatıdır, ordunun gücünün, əhalinin rifahının və sosial müdafiəsinin əsas dayağıdır. Azərbaycan dövləti bu strateji xəttə uyğun olaraq dayanıqlı inkişaf, sahibkarlığın dəstəklənməsi və azad olunmuş ərazilərin iqtisadi canlanması istiqamətində mühüm addımlar atır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramı” da bu addımların bariz nümunəsidir.
Bölgənin iqtisadi mənzərəsi
Balakən rayonu kənd təsərrüfatı potensialı ilə seçilən bölgələrdən biridir. Əhalinin böyük hissəsi meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıqla məşğul olur. Son illərdə dövlət dəstəyi ilə bölgədə:
- Əkin sahələrinin genişləndirilməsi və müasir suvarma sistemlərinin tətbiqi,
- İntensiv bağçılıq texnologiyalarının yayılması,
- Emal müəssisələrinin yaradılması və soyuducu anbarların qurulması,
- ABAD və digər dəstək mexanizmləri vasitəsilə kiçik və orta sahibkarların bazara çıxışı, kimi mühüm işlər həyata keçirilir.
Rəsmi göstəricilərə görə, Balakəndə kənd təsərrüfatı məhsullarının istehsalı son beş ildə orta hesabla 12–15% artım nümayiş etdirib. Bu artım bölgənin iqtisadi strukturunda kənd təsərrüfatının hələ də aparıcı rol oynadığını göstərir. Əlavə olaraq, emal müəssisələrinin sayının artması məhsulların əlavə dəyər qazanmasına, yerli brendlərin formalaşmasına imkan yaradır.
Elməddin Layıcovun uğur hekayəsi
Bu ümumi mənzərənin fonunda Qaracabinə kənd sakini Elməddin Layıcovun fəaliyyəti xüsusi diqqət çəkir. Elməddin bəy 2020-ci ildə toyuq ferması ilə iş həyatına başlayaraq quşçuluq sahəsində fəaliyyət göstərib. Beş il sonra, 2025-ci ildə isə istehsal müəssisəsi açaraq 10 növ mürəbbə və rəngli çeri pomidor turşularının istehsalına start verib. ABAD ilə əməkdaşlıq edən sahibkar istehsalı artıraraq daha geniş bazarlara çıxmağı hədəfləyir.
Xammalı əsasən öz əkin sahələrindən təmin edən Elməddin bəy bu il dövlət proqramı çərçivəsində əkin sahəsini 4 hektar genişləndirib, artezian quyusu qazdıraraq suvarma suyunu əldə edib. Çağırışa cavab olaraq təbiətdə az miqdarda yetişən böyürtkəni intensiv bağçılıq sistemi ilə planlı şəkildə becərməyə başlayıb. Qırmızı moruq da eyni üsulla yetişdiriləcək. Müəssisədə hazırda 6 daimi, 30 mövsümi işçi çalışır. İşlərin genişlənməsi həm istehsalın, həm də işçi sayının ikiqat artmasına imkan verəcək.
Soyuducu anbarın mövcudluğu sahibkara həm xammalı, həm də hazır məhsulu uzun müddət saxlamağa, kəsintisiz istehsal və satış həyata keçirməyə şərait yaradır. Rayon rəhbəri Natiq Ağayev müəssisəyə gələrək sahibkarla görüşüb, istehsal prosesi ilə tanış olub və ona dəstəyin göstəriləcəyini bildirib.
Elməddin Layıcov yaxın gələcəkdə məhsullarını xarici bazarlara çıxarmağı, “Balakən brendi”ni dünyaya tanıtmağı, rayonun adını məşhurlaşdırmağı və daha çox insanı işlə təmin etməyi əsas məqsəd kimi qarşısına qoyub. Evli, üç övlad atası olan Elməddin bəyin böyük oğlu hazırda hərbi xidmətdədir.
Balakən sahibkarlarının dövlət proqramına səs verməsi, yeni layihələrə imza atması bölgənin iqtisadi inkişafına, insanların rifahına və Azərbaycanın güclü iqtisadi dayaqlarına töhfədir. Statistik göstəricilər və yeni təşəbbüslər göstərir ki, Balakən kənd təsərrüfatı və emal sahəsində ölkənin aparıcı bölgələrindən birinə çevrilməkdədir. Elməddin Layıcovun uğur hekayəsi isə bu çağırışa verilən ən gözəl cavablardan biridir.
Uğurlar, Elməddin!
Ramazan Abal












Leave a Reply