Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Natiq Ağayevin Balakəndə Bir İli:”Yenilənən İdarəçilik, Xidmət, İnkişaf və Dövlətçilik”

Natiq Ağayevin Balakəndə Bir İli:”Yenilənən İdarəçilik, Xidmət, İnkişaf və Dövlətçilik”

2025-ci il noyabrın 13-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Natiq Ağayevin fəaliyyətə başlamasından bir il ötür. Ötən bir il ərzində rayonda həyata keçirilən işlərə, idarəetmədə müşahidə olunan yeniliklərə və müxtəlif sahələrdə atılan addımlara nəzər saldıqda aydın görünür ki, Balakən inkişafın, yenilənmənin və dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın şahidi olub.

Bu bir il ərzində rayon rəhbərinin fəaliyyəti yalnız inzibati idarəçiliklə məhdudlaşmayıb, eyni zamanda vətəndaş məmnunluğunun təmin olunması, şəffaflığın artırılması, sahibkarlığın inkişafı və sosial məsuliyyət prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi yadda qalıb.

İlk addımlar dəyişikliklərin başlanğıcı oldu

Natiq Ağayevin fəaliyyətə başladığı ilk günlərdən atdığı addımlar Balakən ictimaiyyətində böyük rəğbətlə qarşılandı. Uzun illərdir dəyərli oftalmoloq alimimizin adına olan Zərifə Əliyeva küçəsinin şlaqbaumlarla məhdudlaşdırılması, M.Əsədov küçəsində yolun uzun illər plansız dəmir barmaqlıqlarla bağlanması nəticəsində sakinlərin hərəkəti çətinləşirdi. Yeni rəhbərin qərarı ilə həm Səttar Gözəlov küçəsi ilə bərabər Z.Əliyeva küçəsində əhalinin gediş gəlişi üçün mərkəzi yolun yükü azaldıldı həm də küçələr  yenidən insanların istifadəsinə verildi və bu addım dövlət idarəçiliyində vətəndaş maraqlarının hər şeydən üstün tutulduğunu nümayiş etdirdi.

Rayonun əsas küçələrindən biri olan Səttar Gözəlov küçəsində illərlə davam edən küçə ticarəti problemi də qətiyyətlə həll edildi. Uzun müddət ərzində müxtəlif səbəblərlə aradan qaldırılmayan xaotik vəziyyət qısa müddətdə nizama salındı, küçə ticarəti tamamilə aradan qaldırıldı, şəhərin mərkəzi küçəsində (S.Gözəlov) antisanitar vəziyyəti ilə az qala “Hindistan bazar”larını xatırladan küçə tamamilə qaydaya salındı və şəhərin mərkəzi hissəsində həm estetik görünüş, həm də hərəkət rahatlığı təmin olundu. Burada ümumiyyətlə, rayon ərazisində bir qrup şəxsin dilənməsi halının aradan qaldırılmasına da nail olundu. Onların dilənməsinin qarşısının alınması inzibati metodla yox, düşünülmüş formada ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri  ilə onların məşğulluğunun təmin olunması, təhsilə cəlb edilməsi kimi metodlardan istifadə olunmaqla həyata keçirildi.

 Növbəti addımlarından biri də Ulu Öndərimizin adını daşıyan parkdakı durğunluğun aradan qaldırılması istiqamətində addımlar oldu. Köhnə və şəraitsiz köşklər yığışdırılaraq onların yerində müasir, təmirli kafe və restoranlar əhalinin xidmətinə verilmişdir. Əvvəllər burada şəraitsizlik səbəbindən sahibkarlar burada yalnız mövsümi fəaliyyət göstərirdilər. Artıq müasir və isti şəraitə malik obyektlər qış fəslində də parka gələn qonaqların istifadəsindədir. Həmçinin Natiq müəllimin təklifi ilə burada açıq havada şahmat döşəməsi, Memarlıq ili çərçivəsində çay daşlarında pozitiv guşə, divar üzərində rəsm, konsert səhnəsinin hazırda yenidən qurulması kimi yeniliklər parkda tətbiq olundu.

İkinci Qarabağ müharibəsi qazisi Asim Seyidovun dilindən: “Natiq müəllimin Göyçay rayonunda qazi, veteranlara dəstək göstərdiyini eşitmişdim. Buna güvənərək onun qəbuluna getdim və öz layihəmi təqdim etdim. Dərhal özü əraziyə gəlib tapşırıqlarını verdi və çox şükürlər olsun ki, ailəmi buradan gələn gəlirlə dolandırıram”. Asim Seyidovun timsalında park ərazisində digər gənc sahibkarlar da öz iş şəraitlərini yaxşılaşdıraraq əhaliyə normal iaşə xidmət göstərirlər.

Dövlətçilik ənənələrinə söykənən idarəçilik

Natiq Ağayevin fəaliyyətində xüsusi diqqət çəkən məqamlardan biri dövlət tədbirlərinin təşkili və keçirilməsində müşahidə olunan yeniliklər oldu. Keçirilən tədbirlər daha məzmunlu, daha dövlətçilik ruhunda və ictimai əhəmiyyət daşıyan platformalara çevrildi.

İdarəçilikdə işləri düzgün təşkil etmək məqsədilə Natiq müəllim hər həftənin birinci günü aidiyyatı xidmət təşkilatlarının rəhbərlərini, nümayəndələri, bələdiyyə sədrləri və aparatın rəhbər şəxslərini yığaraq həftə ərazində görülmüş işlər və qarşıda duran vəzifələri müzakirə edərək konkret planlar üzərində işləyir. Natiq müəllim Balakən rayonuna təyin olunduğu ilk gündən idarəetmənin operativliyini təmin etmək məqsədilə başda özü olmaqla Aparatın rəhbər şəxslərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəsissə,təşkilat rəhbərlərinin, nümayəndəliklərin və bələdiyyə sədrlərinin iştirakı ilə “Balakən Operativ Qrup” başlığı ilə WhatsApp qrupu yaradılmış, hansı ərazidə hər hansı problemlə ( su daşma, yol problemi, işıq-qaz olmaması, avtoqəza, zibil atılma və sair) rastlaşıldıqda dərhal qrupa atılır və heç bir tapşırıq verilmədən hər kəs öz sahəsi üzrə xidməti təşkil edir.

Həmçinin bələdiyyələrin hər kənd üzrə müntəzəm olaraq hesabat verməsi qrafik üzrə yerlərdə YAP Balakən rayon təşkilatı ilə ideoloji işlərin aparılması, aqrar sahədə yeniliklər – subsidiya və digər qaydalar barədə vətəndaşların maarifləndirilməsi məhz Natiq müəllimin rəhbərliyi dövründə başladı.

Onun dövlət idarəçiliyinə peşəkar yanaşması, vətəndaşlara diqqəti və qanunçuluğa əsaslanan fəaliyyəti rayon sakinlərində dövlətə inamı daha da artırdı. İnsanlar məmurun vəzifəsinin xalqa xidmət etmək olduğunu bir daha əyani şəkildə gördülər.

Media ilə açıq və səmimi əməkdaşlıq

Müasir idarəçiliyin vacib elementlərindən biri olan media ilə əməkdaşlıq Balakəndə yeni mərhələyə qədəm qoydu. Rayon rəhbərliyi yerli və respublika mediası ilə açıq münasibətlər formalaşdırdı, ictimaiyyətin qaldırdığı məsələlərin operativ araşdırılması və həlli istiqamətində tələbkar mövqe ortaya qoydu.

Mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirən Natiq Ağayev KİV-lərin fəaliyyətinə diqqətlə yanaşaraq şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verdi.

Sahibkarların və fermerlərin ən yaxın tərəfdaşı

Rayon rəhbərinin fəaliyyətində iqtisadi inkişaf əsas prioritetlərdən biri olub. İlin bütün dövrlərində sahibkarlar, iş adamları, fermerlər və təsərrüfat sahibləri ilə mütəmadi görüşlər keçirilib, onların problemləri dinlənilib və həlli istiqamətində konkret addımlar atılıb. Balakən rayonunda istehsal olunan məhsulları tanıtmaq üçün bir simvola ehtiyac vardı. Natiq müəllim rayon ziyalıları, ağsaqqalları və gəncləri ilə birlikdə Balakən rayonunun loqosunun hazırlanmasını təşkil etmişdir. Rayon sahibkarları, təsərrüfatçıları, hətta idmançıları belə həmin loqodan istifadə edirlər. Bu loqonun olduğu məhsul Balakən rayonuna məxsus olması ilə bərabər, bu məhsulun ekoloji cəhətdən təmiz məhsul olduğunu göstərir. Əhalinin tikinti materialları ilə təmin olunmasında qanuni fəaliyyət göstərən qum-çınqıl karyerlərinə ehtiyac vardır. Katex kəndində yerləşən 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin fəaliyyəti üçün Sərəncam verərək müəssisənin qanuni fəaliyyətinə şərait yaradılmışdır.

            Sahibkarlarla görüşdə rayonda həmişəyaşıl güllərin yetişdirilməsi üçün Yusifov Nəsib və həyat yoldaşı Yusifova Səbinə ailə bizneslərini yaxşılaşdırmaq üçün yaşıl güllər əkini məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Dərhal Katex bələdiyyəsi ərazisindən 1.5 ha ərazi vrilmiş “Katex Yaşıllaşdırma” mağazası istifadəyə verilmişdir. 12 nəfər mövsümi, 5 nəfər isə daimi işlə təmin olunmuşdur.

            Möhtərəm cənab Prezidentin 25.05.2026-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” icrasına xidmət edən sahələr xüsusi diqqətda saxlanılmışdır.  Cənab Prezidentin hədəfləri Balakən rayonu üzrə təhlil edilmiş, müvafiq tədbirlər planı hazırlanmışdır.

Ketex kəndində 2 min  ton tutumu olan soyuducu anbarın tikintisi üçün Talalar kənd sakini Elçin Cəyiyevin sənədləşmə işlərinə müvafiq köməklik olunmuş, hazırda layihənin tikintisi yekunlaşmaq üzrədir. İnvestisiya dəyəri 2 milyon manat olan bu layihənin icrası nəticəsində 12 nəfərin daimi, 63 nəfərin isə mövsümi işlə təmin olunması nəzərdə tutulur.

Türkiyə Respublikasının vətəndaşı olan Serxan Keltepe xarici investor cəlb olunaraq Günəbaxan yağı istehsalı müəssisəsi üçün müvafiq yer seçilmiş, tikili layihələndirilmiş, hazırda sənədləşmə prosesi davam edir. Lahiyənin dəyəri 1.7 milyon manat olmaqla burada 7 nəfər daimi, 50 nəfər mövsümü işlə təmin olunacaqdır.

AZZA Firması ilə aparılmış söhbət nəticəsində 4 hektar ərazidə yeni intensiv bağın salınması prosesi başlanmışdır. 200 min manat dəyəri olan layihənin icrasına başlanmış, ərazi əkinə tam hazır vəziyyətə gətirilmiş, suvarma sistemi qurulmuş, tinglər sifariş olunmuşdur.

Sahibkarlarla görüşdə digər yararlanan sahibkarlardan biri də Qaracabinə kəndində Elməddin Layıcovun müasir üsulda hazırladığı 4 hektar intensive qırmızı moruq bağıdır. 78 min manat investisiya dəyəri olan bağın tinglərinin əkininə başlanmış, sahədə müasir suvarma sistemi quraşdırılmışdır.

Uzun illər memarlıq sahəsində problemləri olan süni maneələr yaradılan sahibkarların tikinti sənədlərinə yenidən baxılmış, 25 ədəd istismara icazə sənədi hörmətli Natiq müəllim tərəfindən verilmişdir.

Məhz bu yanaşmanın nəticəsində uzun illər müxtəlif səbəblərlə istifadə olunmayan və ya qanunsuz zəbt edilmiş torpaq sahələri yenidən kənd təsərrüfatı ilə məşğul olan insanların istifadəsinə qaytarılıb. Yeni istehsal müəssisələrinin yaradılması, məşğulluğun artırılması və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm layihələrin təməli qoyulub.Baramaçılıq, fındıqçılıq, tütünçülük, dənli bitkiçilik, qarğıdalıçılıq, intensiv bağçılıq, heyvandarlıq və istixana təsərrüfatlarının inkişafı daim diqqət mərkəzində saxlanılıb. Sahibkarlara dövlət proqramlarından istifadənin üstünlükləri izah edilib, investisiya təşəbbüsləri dəstəklənib.Natiq Ağayevin ”2026-2030 Dövlət Proqramını” düzgün təbliği sayəsində sahibkar,iş adamları fəaliyyət sahələrini genişləndirmək,çeşidləndirmək,yenilərini yaratmaq barədə qərarlar qəbul edərək planlama,layihələndirmə işlərini həyata keçirmişlər.Buna misal olaraq Balakəndə günəbaxan yağı istehsal edəcək böyük zavadun artıq bir çox işlərinin tamamlandığını deyə bilərik.Bu qəbildən görülən işlər həm  yeni iş yerlərinin açılmasına,həm də iqtisadi inkişafa,qalxınmaya təkan verəcəkdir.

Vətəndaşa yaxın rəhbər modeli

Natiq Ağayev fəaliyyətinin ən mühüm istiqamətlərindən birini vətəndaş qəbulları üzərində qurub. Təkcə rayon mərkəzində deyil, hətta uzun illər yüksək vəzifəli şəxslərin üz tutmadığı ucqar kəndlərdə keçirilən səyyar qəbullar insanların böyük rəğbətini qazanıb.Bu bir il ərzində hər həftənin 3-cü günləri RİH binasında,4-cü günləri isə kəndlərdə toplam 100-dən artıq vətəndaş qəbul prosesi və bu qəbullarda beş mindən artıq vətəndaş qəbul edilərək dinlənilmişdir.Bu görüşlər zamanı qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb, digərləri isə aidiyyəti qurumlar qarşısında nəzarətə götürülüb. İş üçün müraciət edən ali təhsilli 20 nəfərdən yuxarı vətəndaş dövlət qulluğu sayılan vəzifələrə işə götürülüb. Vətəndaş qəbullarında 11 nəfər qadınlardan ibarət “Analar” qadınlar qrupunu və Nadir Hüseynov adlı vətəndaşı xatırlayıram. Qadınlar kənddə topladıqları meyvə və giləmeyvələrdən mürəbbə, cem, kompot hazırladıqlarını, gül-çiçək əkdiklərini bildirdilər. Həmçinin Nadir Hüseynov evində ailəsi ilə birgə günəbaxan yağı hazırladıqlarını lakin satış üçün yer olmadığını bildirmişlər. Natiq müəllin onların təsərrüfat qabiliyyətini gördü və bəzi müraciətçilərdən fərqli olaraq onların “ələbaxımlılıqla” yox öz qabiliyyətləri ilə çörək qazanmaq istəklərini müsbət qiymətləndirdi və onlara müvəqqəti yer ayrılması barədə göstəriş verdi. Hazırda onlar öz məhsullarının satışı ilə məşğuldurlar.Dövlət-vətəndaş münasibətlərində operativlik və həssaslıq nümayiş etdirilib.

Şəhid ailələri və qazilərə xüsusi diqqət

Vətən uğrunda canından keçən şəhidlərimizin ailələri və müharibə iştirakçıları daim rayon rəhbərinin diqqət mərkəzində olub. Şəhid ailələrinin və qazilərin problemləri ilə yaxından maraqlanılıb, onların məşğulluğunun təmin olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində şəhid ailələrinin üzvlərinin, qazilərin və müharibə veteranlarının məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirilmiş, ümumilikdə 4 şəhid ailəsi üzvü, 2 qazi və 5 müharibə veteranı işlə təmin olunmuşdur. Vətən müharibəsi qazisi, paraatlet Ömər Bozbaxovun dövlət qulluğuna,Xalatala kənd icra nümayəndəsi vəzifəsinə təyin olunması təqdirə layiq haldır.Bu istiqamətdə görülən işlər onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və sosial təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə rayon ərazisində yaşayan bütün şəhid ailələrinə maddi yardımlar göstərilmiş, həmçinin 15 nəfər müharibə və hərbi xidmət əlili maddi yardımla təmin edilmişdir. Yaxın dövrdə bu kateqoriyadan olan digər şəxslərə də maddi yardımların göstərilməsi nəzərdə tutulmuşdur.

Şəhid ailələrinə və qazilərə mənəvi dəstəyin göstərilməsi, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması da fəaliyyətin əsas istiqamətlərindən olmuşdur. Bayramlarda və əlamətdar günlərdə şəhid ailələri və qazilər mərhələli şəkildə ziyarət edilərək onlara diqqət və ehtiram ifadə olunmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarına və şəhidlərimizin həyat yoldaşlarına hədiyyələr təqdim edilmiş, müqəddəs Ramazan ayında isə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunmuşdur.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və onların uyuduğu məkanların abadlaşdırılması istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, Balakən Şəhidlər Xiyabanında 10 şəhidin qəbirüstü abidəsi yenilənmişdir.Şəhərdəki Şəhidlər Xiyabanında və kəndlərdə yerləşən şəhid məzarlarında aparılan abadlıq işləri, nöqsanların aradan qaldırılması və anım mərasimlərində göstərilən yüksək ehtiram dövlətimizin şəhidlərə verdiyi qiymətin bariz nümunəsi olub.

Gənclərə güvən, gələcəyə inam

Rayon gəncləri ilə keçirilən çoxsaylı görüşlər, forumlar və tədbirlər onların ictimai fəallığının artırılmasına xidmət edib. Gənclərin sosial, iqtisadi və ictimai proseslərdə daha yaxından iştirakına şərait yaradılıb.

Ali məktəblərə yüksək ballarla qəbul olunan məzunlarla görüşlər zamanı verilən əsas mesajlardan biri Balakənə bağlılıq, rayonun gələcək inkişafına töhfə vermək və əldə olunan bilikləri doğma yurda qaytarmaq çağırışı olub.

Turizmin inkişafı üçün yeni baxış

Balakənin zəngin təbiəti və tarixi irsi rayon rəhbərinin diqqət yetirdiyi əsas istiqamətlərdən biridir. Tarixi abidələrin turizmə qazandırılması, eko, aqro, dağ, mədəni və idman turizminin inkişafı məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilib. Antik Yunan coğrafiyaçısı Strabonun Azərbaycanın şimal-qərbinin eləcə də Balakən rayonunun məbədlər diyarı adlandırılmasına, burada 60 yaxın bəlli tarixi abidələrin olmasına baxmayaraq etiraf olunmalıdır ki, bu abidələr digər icra başçılarının dövründə bir dəfə də olsun ziyarət olunmamışdır. Natiq müəllimin gözəl ifadəsi var: Balakən rayonun kənd təsərrüfatı rayonu kimi baxmaq düzgün deyil. Buranın turizm potensialı daha çoxdur. Hazırda abidələrin tanınması istiqamətində işlər aparılır. Turizmə mənfi təsir edən xüsusi mühafizə olunan ərazi kimi 2008-ci ildə təhlil olunmadan rayonun şimal hissəsinin tamamilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə salınması da Natiq müəllimin diqqətindən kənarda qalmayıb. Təyin olduğu ilk gündən bu məsələni də aidiyyəti qurum qarşısında qaldıraraq rayon əhalisinin narazılığının turizm koridorunun olmamasının fəsadları haqqında məlumat vermişdir. Güman edirik ki, qısa vaxtda bu problem də öz həllini tapar.

Yerli və xarici investorlarla görüşlər təşkil olunub, rayonda turizm infrastrukturunun genişləndirilməsi istiqamətində konkret addımlar atılıb. Balakənin gələcəkdə Azərbaycanın ən tanınmış turizm məkanlarından birinə çevrilməsi üçün mühüm zəmin formalaşdırılıb.

Mədəniyyət və mənəviyyatın inkişafına dəstək

Mədəniyyət müəssisələri, kitabxanalar, Uşaq İncəsənət Məktəbi və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə rayon rəhbərinin iştirakı bu sahəyə verilən önəmin göstəricisi olub.

Sənət adamları ilə görüşlər, konsert proqramları, müzakirələr və mədəni layihələr Balakənin mənəvi həyatına yeni dinamizm gətirib. Açıq səma altında muzey yaradılması təşəbbüsü də bu istiqamətdə diqqət çəkən yeniliklərdən biri kimi qiymətləndirilir.Balakən şəhərində yerləşən Mədəniyyət və İstirahət Parkı məhz rayon rəhbərinin düzgün yanaşması nəticəsində bu günə qədər mövsümi(sadəcə yay aylarında) olan fəaliyyətdən illik(İl boyu) fəaliyyətə keçmişdir.

İdmanda yeni uğurların təməli

İdmanın inkişafı istiqamətində də mühüm addımlar atılıb. Şahmat, güləş, voleybol, velosiped və digər idman növləri üzrə yarışlar, festivallar təşkil olunub. Atçılıq idmanının inkişafı üçün yeni imkanlar yaradılıb.

Bu tədbirlər gənclərin sağlam həyat tərzinə təşviq edilməsinə və yeni idmançı nəslinin formalaşmasına xidmət edib.

Həlli gözləyən problemlərə sistemli yanaşma

Uzun illər həllini tapmayan bir sıra məsələlər də diqqət mərkəzinə çəkilib. Asfaltlaşdırılmamış yolların dövlət proqramlarına daxil edilməsi, qeydiyyata alınmamış su mənbələrinin və kanalların rəsmiləşdirilməsi, içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər görülüb. Natiq müəllim ən vacib sahəni təhlil edərək rayon ərazisində 300 km dək suvarma və ötürücü kanalların, 103 ədəd artezian quyularının Dövlət Su Ehtiyyatları Agentliyinin qeydiyyatından kənar qaldığını aşkarlayaraq aidiyyatı orqanlara müraciət etdi. 300 km dək kanalın aidiyyatı orqan olan Balakən Su Meliorasiya Sistemləri İdarəsinin balansından kənarda olması bu kanallara illərlə baxılmadan qalması nəticəsində burada iri gövdəli ağacların bitməsinə, əksərinin məcrasının yararsız vəziyyətdə olmasına və nəticədə əhalinin sel su fəlakəti ilə üzləşməsinə, suvarılmaya ehtiyac olan çöllərin suvarılmadan qalmasına səbəb olmuşdur. 103 ədəd artezianın isə qeydiyyatdan kənar bələdiyyələrin istifadəsində qalması artezianlar xarab olduqda onların təmir prosesində heç bir texnikası olmayan bələdiyyələr tərəfindən yubanmalara və nəticədə günlərlə əhalinin yerlərdə içməli su problem ilə qalmasına gətirib çıxarır. Güman edirik ki, Natiq müəllimin qaldırdığı məsələ tezliklə öz həllini tapar.

Həmçinin şəhər və ətraf kəndləri su ilə təmin edən Qafqaz dağlarının yamacında yerləşən Siltikçay su anbarına Natiq müəllim şəxsən özü baxış keçirmiş bu anbarda ki mövcud nöqsanlar barədə aidiyyatı orqanlara müraciət etmişdir.

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və kənd təsərrüfatının qorunması istiqamətində rayon səviyyəsində koordinasiyalı fəaliyyət həyata keçirilib.

Bir ilin yekunu, gələcək uğurların başlanğıcı

Natiq Ağayevin Balakəndə fəaliyyət göstərdiyi ilk il idarəetmədə yenilənmə, vətəndaşlara yaxınlıq, iqtisadi fəallığın artırılması və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi dövrü kimi yadda qalır. Görülən işlər göstərir ki, rayon rəhbərliyi qarşıya qoyulan hədəflərə məqsədyönlü şəkildə irəliləyir.

Bu gün Balakən inkişaf yolunda inamla addımlayırsa, burada dövlət-vətəndaş birliyi, şəffaf idarəçilik və gələcəyə hesablanmış qərarlar mühüm rol oynayır. İlk bir ilin nəticələri onu deməyə əsas verir ki, rayonun qarşıdakı illərdə daha böyük uğurlara imza atması üçün möhkəm təməl formalaşdırılıb və bu inkişafın mərkəzində dayanan əsas amillərdən biri də rəhbərliyin nümayiş etdirdiyi məqsədyönlü fəaliyyət və yorulmaz xidmət əzmidir.

Yeni Balakən. Foto: Mələk Abal

P.S.Hörmətli ictimaiyyət nümayəndələri,dəyərli oxucular fikirləriniz bizim üçün dəyərlidir:

1.Rayon rəhbərliyinin fəaliyyətində ən çox bəyəndiyiniz məqam nədir?

2.Sizcə, qarşıdakı dövrdə hansı problemlərin həllinə daha çox diqqət yetirilməlidir?

3.Balakənin gələcəyi ilə bağlı təklif və arzularınız

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir