Seçilmiş postlar

Zəfərlə gözəl  bayramınız mübarək!

Azərbaycan Bayrağı
0

Zəfərin işığında sizlərə – 2026-ya salam!

Əziz şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları!

2026-cı ilə qədəm qoyarkən “Yeni Balakən” qəzeti ilk yazısını sizlərə və Ali Baş Komandanımıza ünvanladığı təbriklə açır.

Sizin və övladlarınızın fədakarlığı sayəsində Azərbaycanımız bu gün bütöv, suveren və qürurlu bir dövlət kimi bütün bayramlarını – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, Yeni İli və digər milli-mənəvi günləri – ərazisinin hər qarışında qeyd edir. Bu, sadəcə bir bayram deyil, həm də tariximizin ən şərəfli səhifəsidir.

Sizlər canınızla, qanınızla, biləyinizlə, zəkanızla zamanın yaddaşına əbədi bir zəfər tarixi yazdınız. Bu zəfər, gələcək nəsillərə yol göstərən, milli birliyimizi möhkəmləndirən, Azərbaycan xalqının gücünü dünyaya nümayiş etdirən bir işıqdır.

2026-cı ilin ilk səhifəsini açarkən biz bir daha qürurla deyirik:

Azərbaycan əbədi var olacaq, əbədi bütöv olacaq!

Zəfərlə gözəl  bayramınız mübarək!

“ELMAS”da ilin son iş günü

“ELMAS”da ilin son iş günü
0

“ELMAS”da ilin son iş günü

“ELMAS” klinikasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirildi. Klinikanın təsisçisi və rəhbəri Əfqan Balayev giriş sözü ilə tədbiri açaraq iştirakçıları salamladı. O, 2025-ci ildə əldə olunan uğurlardan, həkim heyətinin peşəkarlığından və vətəndaşların məmnuniyyətindən danışaraq, 2026-cı ildə daha böyük nailiyyətlərə imza atmağı hədəflədiklərini vurğuladı.

Klinikanın baş həkimi, doktor Məhəmməd Herayev çıxışında rəhbərliyi və ictimaiyyəti əmin etdi ki, bu temp davam etdirilərsə, daha çox vətəndaşa yüksək keyfiyyətli, operativ və yerində tibbi xidmət göstəriləcək.

Tədbirin sonunda rəhbərlik bütün personalı 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə dəyərli hədiyyələrlə təbrik etdi, işlərində uğurlar arzuladı. İştirakçılar xatirə şəkli çəkdirərək tədbiri yekunlaşdırdılar.

P.S. “ELMAS” klinikasında bir sıra yeniliklərin şahidi olduq. Bu barədə növbəti nömrəmizdə geniş məlumat verəcəyik.

Yeni Balakən

31 Dekabr

31 Dekabr
0

30 dekabr 2025-ci il tarixində Balakən Rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə “Hər bir azərbaycanlı üçün həmrəylik günü” adlı bayram şənliyi təşkil olunub.

Tədbir müxtəlif millətlərin nümayəndələrinin milli geyimlərdə ifa etdikləri multikultural yallı ilə başlanıb. Azərbaycan bayrağı altında oynanılan bu yallı Dünya Azərbaycanlılarının birliyini və həmrəyliyini rəmzi şəkildə ifadə edib.

Bayram şənliyində Şaxta Baba, Qar Qız və nağıl personajlarının çıxışları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Onların səmimi təbrikləri, şən zarafatları və uşaqlarla səmimi ünsiyyətləri tədbirə xüsusi rəng qatıb, balacalara xoş ovqat bəxş edib. Şaxta Babanın təşkil etdiyi maraqlı şeir, mahnı və rəqs müsabiqələrinin qaliblərinə hədiyyələr təqdim olunub.

Mədəniyyət müəssisələri işçiləri və folklor  kollektivlərinin təqdim etdiyi rəngarəng rəqs və musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

81 yaşlı müəlliməyə bayram ziyarəti – həmrəylik və minnətdarlıq

81 yaşlı müəlliməyə bayram ziyarəti – həmrəylik və minnətdarlıq
0

81 yaşlı müəlliməyə bayram ziyarəti – həmrəylik və minnətdarlıq

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Balakən rayonunun Qaysa kəndində tənha yaşayan, uzun illər Qabaxçöl peşə məktəbində çalışmış Amalova Məleykə Ramazan qızı ziyarət olundu. Bu mənalı görüş Balakən rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, idarə heyətinin üzvləri Maqsud Bazarov və Meysarat Qaysayeva, Balakən RİH yanında İctimai Şuranın sədri Ramazan Molulovun təşəbbüsü ilə baş tutdu.

81 yaşlı Məleykə xanım tənha yaşasa da, bu bayram günü onun evində sevgi və hörmət dolu anlar yaşandı. Qonaqlar onu xoşladığı hədiyyələrlə sevindirdilər, bayram münasibətilə təbriklərini çatdırdılar. Məleykə Amalova Sovet dövründə Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, mühasib və iqtisadçı kimi çalışmış, Azərbaycanın müstəqillik illərində isə Qabaxçöl peşə məktəbində dərs demişdir. 70 yaşında təqaüdə çıxana qədər bu təhsil ocağında fədakarcasına fəaliyyət göstərmişdir.

Ziyarət zamanı Məleykə xanım peşə məktəbi kollektivindən razılığını bildirdi. Xüsusilə vida tədbirində ona göstərilən diqqət və hörməti unutmayan Məleykə xanım, məktəbin direktoru Azad Dibirova “Yeni Balakən” qəzeti vasitəsilə təşəkkürünü çatdırmağı xahiş etdi:

“Hörmətli Azad Dibirov, sizin mənə göstərdiyiniz xoş münasibəti, anlayışınızı, zəhmətimə verdiyiniz dəyəri unutmuram və hər yerdə bunu qiymətləndirirəm. Sizə təşəkkür edirəm.”

Məleykə xanım həmçinin qonşularına, qohumlarına və xüsusilə Sosial Xidmətlər Agentliyinin sosial işçisi Svetlana Bazarovaya göstərdikləri qayğıya görə minnətdarlığını bildirdi. Dövlətin ona göstərdiyi diqqətə görə cənab Prezidentə təşəkkürünü dilə gətirdi.

Sevincin gücü

Ziyarət günü Məleykə xanımın sevinc dolu anları yadda qaldı. Adətən yeriməkdə çətinlik çəkən, iki tutacaqlı, dörd ayaqlı xüsusi vasitədən istifadə edən Məleykə xanım, qonaqların gələcəyini əvvəlcədən bildiyindən həyətdə onları görəndə sevincindən hər şeyi unutdu. Ayaqda qalmaqda çətinlik çəksə də, heç bir vasitə olmadan bir neçə addım ataraq balkona çıxdı və qonaqları ayaqda qarşıladı. Bu an sevginin və diqqətin insan həyatında necə böyük gücə sahib olduğunu bir daha göstərdi.

Bu ziyarət həmrəylik gününün ruhuna uyğun olaraq, yaşlılara göstərilən hörmətin, keçmişə olan ehtiramın və insanlıq dəyərlərinin gözəl nümunəsi oldu.

                                                         Yeni Balakən

“Mənim Azərbaycanım”: Həmrəylik Ruhunun Musiqi ilə Vüsət Tapdığı Axşam

“Mənim Azərbaycanım”: Həmrəylik Ruhunun Musiqi ilə Vüsət Tapdığı Axşam
0

27 dekabr tarixində Balakən rayonunda keçirilən “Mənim Azərbaycanım” adlı konsert proqramı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunaraq, həm milli qürur hissini, həm də musiqi və incəsənətin birləşdirici gücünü bir daha nümayiş etdirdi.

Tədbir məktəbin müəllim və şagird kollektivinin təşəbbüsü ilə hazırlanmış, səhnədəki hər çıxış bir vətən sevgisinin ifadəsinə çevrilmişdi. Konsertin xüsusi qonağı — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Səxavət Məmmədov — öz rəngarəng çıxışları,Balakən Uşaq İncəsənət Məktəbinin direktoru Arifə Tağıyevayla birgə ifaları ilə proqramın bədii dəyərini daha da artırdı.

Zəfər ruhu ilə açılan səhnə

Tədbirin açılışında məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblıuşaq xorunun birgə ifasında “Heyratı” muğamı əsasında hazırlanmış Zəfər marşı səsləndirildi. Bu kompozisiya təkcə musiqi deyil, həm də tarix və qürur dolu bir mesaj idi — tamaşaçılar arasında duyğulu baxışlar, alqışlar və qürur dolu anlar yaşandı.

Ardınca nümayiş olunan videoçarx, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətini və bu günün xalqımız üçün nə qədər dəyərli olduğunu vizual və emosional şəkildə çatdırdı.

Səhnədə birləşən ürəklər

Konsert boyu səhnədə müəllim və şagirdlərin birgə çıxışları, fortepiano və xoreoqrafiya şöbələrinin sinerjisi ilə təqdim olunan “İgidlər” mahnısı ilə kulminasiya nöqtəsinə çatdı. Bu ifa, həm estetik baxımdan, həm də məna etibarilə tədbirin ruhunu tamamladı — igidlik, birlik və vətənə sevgi.

Tədbirin qonaqları və ictimai əhəmiyyəti

Tədbirdə Rayon İcra Hakimiyyəti adından Nəzakət xanım Rüstəmova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Ülkər Mahmudova və idarə heyəti, şəhid və qazi ailələri, mədəniyyət işçiləri, valideynlər və digər qonaqlar iştirak edirdi. Onların varlığı tədbirə həm rəsmi, həm də mənəvi dəyər qatdı.

Son söz əvəzi

“Mənim Azərbaycanım” konsert proqramı bir daha sübut etdi ki, musiqi və incəsənət təkcə sənət deyil — həm də həmrəylik, tarix və kimlik ifadəsidir. Balakənin gənc ifaçıları və müəllimləri bu axşam səhnədə təkcə notları deyil, ürəklərini bölüşdülər. Bu tədbir yaddaşlarda birlik, qürur və sevgi ilə dolu bir musiqi gecəsi kimi qalacaq.

                                                                                                   Ramazan Abal

Ümid və Birlik Körpüsü – Həmrəyliyin Bayramı

Ümid və Birlik Körpüsü – Həmrəyliyin Bayramı
0

Balakəndə xüsusi qayğıya ehtiyacı olan gənclər və uşaqlar üçün əlamətdar tədbir keçirildi.

26 dekabr 2025-ci il tarixində Balakən Gənclər Evi “Balakən” sarayda “Ümid və birlik körpüsü” adlı tədbir keçirdi. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən bu bayram proqramı gənclər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün unudulmaz anlar yaşatdı.

Balakən Rayon İcra Hakimiyyəti tədbirə həm təşkilati, həm də mənəvi dəstək göstərdi.Tədbir isə Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə Gənclər və İdman Sektoru, Rayon Təhsil Sektoru və Balakən Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutdu.

Əyləncəli proqramın ərsəyə gəlməsində,keçirilən yarışların qaliblərinin mükafatlandırılmasında,bir sıra hədiyyələrin və mükafatların təşkil olunmasında rayon Təhsil Sektoru, Gənclər və İdman Sektoru, Balakən Olimpiya İdman Kompleksi, eləcə də yerli sahibkarların maddi və təşkilati yardımı mühüm rol oynadı.

Tədbirin keçirildiyi məkanda təşkil edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət baxış və satış sərgisinə iştirakçılar maraq göstərir,satış üçün qoyulan əl işlərindən alaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara maddi dəstək oldular.Gənclər Evi bu qəbildən olan tədbirləri mütəmadi olaraq həyata keçirir və belə insanların tanınmasında,cəmiyyətə inteqrasiya olunmasında,onlara maddi-mənəvi dəstəyin göstərilməsində önəmli addımlar atır,keyfiyyətli işlər görür.

Bayram abu-havası ilə keçən tədbirdə birlik və həmrəylik ruhu hər kəs tərəfindən hiss olundu. İştirakçılar – gənclər, uşaqlar, valideynlər və idarə əməkdaşları – birgə şənlikdə həmrəyliyin gücünü bir daha dərk etdilər.

Balakən Gənclər Evi olaraq bu nəcib təşəbbüsə dəstək verən bütün qurumlara və sahibkarlara təşəkkürümüzü bildirir, hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik.

                                                                    Tale Şahverdiyev

                                                                       Direktor 

                                                             Balakən Gənclər Evi SXM

Daha çox foto üçün üstdəki facebook nişanına tıkla.

Balakəndə futzal liqasının açılışı

Balakəndə futzal liqasının açılışı
0

Balakəndə futzal liqasının açılışı

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş turnir start götürdü

Balakən rayonunda idarə, təşkilat və bələdiyyələr arasında futzal liqasının açılışı keçirilmişdir. Turnir Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunaraq gənclərin idmana marağını artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.

Futzal liqası Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən sektoru, eləcə də Balakən Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə reallaşır. Oyunlar hər həftənin üçüncü və dördüncü günləri Olimpiya İdman Kompleksində keçiriləcək.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, UGİŞM, Olimpiya İdman Kompleksi, bələdiyyə və müxtəlif təşkilatların təmsilçiləri iştirak ediblər.

Bu mötəbər liqada ümumilikdə 14 komanda mübarizə aparır. İlk oyun günündə nəticələr belə olub:

•             ⚽ Qabaqçöl – Texas: 4–1

•             ⚽ Mahamalar bələdiyyəsi – Katex bələdiyyəsi: 4–2

•             ⚽ Gənclər – OİK: 8–2

Turnir 2025-ci ilin may ayında yekunlaşacaq və qalib komanda Balakən idman tarixində yeni bir səhifə açacaq.

Yeni Balakən

Balakən Mədəniyyət Mərkəzinin  Zaqatala səfəri

Balakən Mədəniyyət Mərkəzinin  Zaqatala səfəri.
0

“Konstitusiya  və  Suverenlik  İli” çərçivəsində keçirilən silsilə tədbirlərin növbətisi, 25 dekabr 2025-ci il tarixdə   Zaqatala rayon Heydər Əliyev Mərkəzində Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı  və MİHİ Balakən  rayon Komitəsinin dəstəyi ilə  “Heydər Əliyev – Konstitusiyamızın və dövlət suverenliyimizin memarıdır!”-ədəbi-bədii kompozisiyası Zaqatalalı tamaşaçılara təqdim olunub.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,ulu öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı.

Tədbirdə çıxış edən ŞZRMİ Balakən rayon üzrə  nümayəndəsi Şəfəq Hacıyeva ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunda və dövlət suverenliyinin möhkəmləndirilməsində oynadığı əvəzsiz roldan bəhs edib.

Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiya Ulu Öndərin mənalı həyat yolunu, dövlətçilik tariximizdəki misilsiz xidmətlərini və xalq yaddaşında əbədi yaşayan zəngin irsini bədii formada təqdim edib. Ulu Öndərin keçdiyi şərəfli  həyat yolunu əks etdirən sənədli filmlərdən kadrlar nümayiş olunub.

Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

                                                                                    Yeni Balakən

Media nümayəndələri ilə görüş

Media nümayəndələri ilə görüş
1

“Media ilə rəhbərlik arasında səmimi dialoq”

Balakən Rayon İcra Hakimiyyətində rayon rəhbəri Natiq Ağayevin bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüşü keçirildi. Görüşdə qəzet, televiziya, sayt və informasiya agentliklərinin əməkdaşları iştirak edərək, öz sahələrinə aid məsələləri, rastlaşdıqları problemləri və təkliflərini səsləndirdilər.

Uzun illər Balakəndə bir çox  media nümayəndələri tam və ətraflı fəaliyyət göstərə bilmirdi. Bunun səbəbi əvvəlki rəhbərliyin idarəetmədəki səriştəsizliyi və media nümayəndələrinə göstərdiyi münasibətlə bağlı idi. Yeni rəhbərlik isə ilk gündən mətbuatla səmimi münasibət quraraq, dördüncü hakimiyyətin dövlət və cəmiyyət həyatındakı roluna xüsusi diqqət yetirdi.

“Yeni Balakən” qəzeti olaraq biz də həmin tədbirdə iştirak etdik. Rəhbər bizə söz verdikdə, qəzetin redaksiya otağının olmaması və digər problemləri dilə gətirdik. Natiq müəllim məsələlərin müsbət yöndə həll olunacağını bildirdi, qəzetlə bağlı əhəmiyyətli tövsiyələr verdi. Media nümayəndələri də öz sahələrində informasiya təminatında rastlaşdıqları çətinlikləri, irad və təkliflərini səsləndirdilər.

Natiq Ağayev Balakən rayonunda indiyə qədər görülməyən, görülməkdə olan və görüləcək işlərdən danışaraq, bu proseslərin mediada düzgün təqdimatının gələcəkdə işlərin daha asan və keyfiyyətli olmasına, sakinlərin də məlumatlı olmasına xidmət edəcəyini vurğuladı.

Bu sadəcə bir toplantı deyildi, Balakən və bölgədə fəaliyyət göstərən media nümayəndələri üçün bu görüş yeni bir səhifə açdı. Açıq dialoq və rəhbərliyin diqqəti bizə göstərdi ki, bundan sonra bölgənin informasiya təminatı daha güclü və şəffaf olacaq. “Yeni Balakən” qəzeti olaraq biz də bu prosesin önündə dayanaraq, hər bir vətəndaşın səsini eşidilən bir mətbuat orqanı olmağa davam edəcəyik. Görüşün yaratdığı ümid və ruh yüksəkliyi isə bizə gələcəyə daha böyük inamla baxmağa imkan verir.

                                                         Yeni Balakən

Milli Metbuatın 150 illiyi

Milli Mətbuatın 150 illiyi münasibətilə təltif Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Media İnkişafı Agentliyi tərəfindən yubiley medalı ilə təltif olunmaq mənim üçün böyük bir şərəfdir. Bu medal təkcə şəxsi deyil, həm də "Yeni Balakən" –nin, bütün yaradıcı dostlarımızın, yerli qəhrəmanlarımızın və Balakənin ruhunu yaşadan hər kəsin uğurudur. Bu təltif, mətbuatın gücünə, yerli hekayələrin dəyərinə və ictimai yaddaşın qorunmasına olan inamımızın rəsmi təsdiqidir. Bu yolda bizimlə olan hər kəsə təşəkkür edirəm. Ramazan Abalov
0

Milli Mətbuatın 150 illiyi münasibətilə təltif

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikası Media İnkişafı Agentliyi tərəfindən yubiley medalı ilə təltif olunmaq mənim üçün böyük bir şərəfdir. Bu medal təkcə şəxsi deyil, həm də “Yeni Balakən”–in, bütün yaradıcı dostlarımızın, yerli qəhrəmanlarımızın və Balakənin ruhunu yaşadan hər kəsin uğurudur.

Bu təltif, mətbuatın gücünə, yerli hekayələrin dəyərinə və ictimai yaddaşın qorunmasına olan inamımızın rəsmi təsdiqidir. Bu yolda bizimlə olan hər kəsə təşəkkür edirəm.

                                                                                             Ramazan Abalov