Qaysada iftar

Qaysada iftar
1

Ramazan ayının bərəkətli süfrələri

Ramazan günləri özündə bir çox gözəllikləri cəmləyir: sahur vaxtlarının sükutu, iftar süfrələrinin bolluğu, təravih namazlarının ruhaniyyəti, yardımlaşma və paylaşma ənənələri. Bu müqəddəs ayda hər bir məclis, hər bir görüş insanları bir araya gətirir, qəlbləri yaxınlaşdırır.

Dünən şəhərdə, bu gün isə Qaysa kəndində hörmətli millət vəkilimiz Nəsib müəllimin təşkil etdiyi iftar süfrələrində dəyərli din xadimlərimiz, mömin qardaş və bacılarımızla bir araya gəldik. Birlikdə orucumuzu açdıq, axşam namazımızı camaatla qıldıq. Bu görüşlər sadəcə bir süfrə ətrafında toplaşmaq deyil, həm də Ramazanın ruhunu yaşamaq, birlik və qardaşlıq bağlarını möhkəmləndirməkdir.

Qaysa sakini hacı Rəşad Qaysayev kənd sakinləri adından təşəkkürünü bildirərək, bu gözəl təşəbbüsün dəyərini vurğuladı. İftar süfrəsi həm dini, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıyır – insanlar bir-birinə daha yaxın olur, yardımlaşma və paylaşma duyğuları güclənir.

Görüşdən xoş təəssüratlarla ayrıldıq. İnşallah, gələn Ramazanda da yenidən belə bərəkətli süfrələrdə görüşmək,Qaysalılarla bir arada olmaq nəsib olar.

 “Birlikdə edilən dualar, paylaşma və yardımlaşma Ramazanın ən böyük nemətidir.”

                                                   Yeni Balakən

Ramazanın işığında

Ramazanın işığında
1

Ramazanın işığında – Balakəndə birlik və paylaşma

Ramazan ayı insanları bir araya gətirən, paylaşma və mərhəmət duyğularını gücləndirən ən müqəddəs zamanlardandır. Bu ayın ən gözəl ənənələrindən biri isə iftar süfrələridir – möminlərin bir masa ətrafında toplanaraq həmrəyliyi, qardaşlığı yaşatması.

Balakən rayonunda illərdir davam edən bir gözəl ənənə var: imkanlı şəxslərin, xeyirxah insanların Ramazan boyunca iftar süfrələri açması, ehtiyacı olanlara ərzaq yardımı etməsi. Bu il də həmin ənənəyə sadiq qalan hörmətli millət vəkilimiz Nəsib müəllim rayonun müxtəlif bölgələrində – şəhərdə, kəndlərdə – iftar süfrələri təşkil edir, imkansız ailələrə ərzaq yardımları çatdırır. Dünən şəhərdə, bu gün isə Meşəşambul kəndində oruclu insanlarla bir araya gələrək iftar süfrəsində iştirak etdik, birlikdə oruc açıldı.

Meşəşambul əhalisi ötən yay kəndin bir kilometrdən çox yolunun asfaltlanmasını minnətdarlıqla xatırlayaraq, bu mübarək ayda da onları unutmayan Nəsib müəllimə təşəkkürlərini “Yeni Balakən” qəzeti vasitəsilə çatdırmağı istədilər. Bu təşəkkür həm yolun çəkilişinə, həm də kənddə təşkil olunan iftar süfrəsinə görədir.

İftar süfrələri bununla bitmir – sabah yenə şəhər mərkəzində, biri gün Qaysa kəndində və digər bölgələrdə davam edəcək. Ramazan boyunca bu xeyirxah ənənə sürəcək, insanlar bir araya gələcək, birlik və bərabərlik ruhu daha da güclənəcək.

Allah qəbul etsin verilən iftarları, tutulan orucları. Amin.

                                                                      Yeni Balakən

Balakəndə 8 Mart

Balakəndə 8 Mart
0

Balakəndə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Bu gün Balakən Rayon Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və xanımları, övladları, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər. Şəhid ailəsinin üzvlərinə rayon icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək  ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edib. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın  simasında dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Rayon rəhbəri qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.

Həmçinin tədbirdə şəhid anası Gülşən Kərimova və şəhid atası Şəmsəddin Tuhumov çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbir Balakən Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Eyni zamanda rayon rəhbəri Natiq Ağayev rayon icra hakimiyyətində çalışan xanım əməkdaşları təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

                                                                             Yeni Balakən

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının 33-cü ildönümü qeyd olunub

YAP 33
0

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri Azad Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, partiya fəalları, gənc və veteran üzvlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məruzə ilə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev partiyanın yaranma zərurətindən, keçdiyi mühüm tarixi mərhələlərdən, rayon təşkilatının fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və bu siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiya üzvlərini və fəallarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi həyatında müstəsna rolundan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən söz açıb. Rayon rəhbəri bildirib ki, partiyanın təsisçisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamaqda davam edəcəkdir.

Tədbirdə həmçinin Balakən rayonu üzrə gənclər və idman sektorunun məsləhətçisi Nurlan Şibliyev, Nizami adına şəhər 1 saylı tam orta  ümumtəhsil məktəbinin müəllimi Leyla Hacıyeva,  R.Səmədov adına şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Züleyxa Dibirova,  Vətən müharibəsinin iştirakçısı Osman Əliyev və partiya veteranı Ruqiyyə Seyidova çıxış edərək YAP-ın keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan və əldə olunan nailiyyətlərdən danışıblar.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində xüsusi xidmətləri olan veteran üzvlər qiymətli hədiyyələrlə təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

                                                                                               Yeni Balakən

5 mart – Bədən Tərbiyəsi və İdman Günü

5 mart – Bədən Tərbiyəsi və İdman Günü
1

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən Balakən məktəblilərinin Spartakiadasının açılışı olub

Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının rəhbərliyi, icra aparatının əməkdaşları, dövlət orqanlarının yerli idarə və xidmət sahələrinin rəhbərləri, idmançılar və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Balakən Atçılıq və Velosiped İdmanı Klubunun üzvlərinin nümunəvi keçidi baş tutub.

Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Sarxan Hacıyev çıxış edərək dövlətin idmana olan qayğısı, bədən tərbiyəsinin inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanın idman sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq arenada nüfuzunun göstəricisidir. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Spartakiadanın proqramına daxil olan sərbəst güləş, mini futbol, atletika və voleybol yarışlarına start verilib.

                                                                               Yeni Balakən

🌸 “R.Səmədov adına bağçada 8 Martın sevinc dolu anları”

“R.Səmədov adına bağçada 8 Martın sevinc dolu anları”
0

Balakənin İncisi – R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası

Balakənin mədəni həyatında özünəməxsus yeri olan R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası illərdir ki, rayonumuzun ən böyük və nümunəvi məktəbəqədər müəssisəsi kimi fəaliyyət göstərir. 1984-cü ildən qapılarını balaca fidanlara açan bu bağça, I Qarabağ müharibəsinin qəhrəman şəhid müəllimi Rafiq Səmədovun adını daşımaqla həm tarixi yaddaşımızı yaşadır, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayır.

2014-cü ildən etibarən bağçaya YAP Balakən rayon Təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Cavad qızı Dibirova rəhbərlik edir. Onun gərgin zəhməti, incə düşüncəsi və böyük hədəflərə ağılla yönələn idarəçilik bacarığı sayəsində müəssisə inkişaf edir.Dövlətin dəstəyi,Elm və Təhsil Nazirliyinin xətti ilə bağça 2025-ci ildə əsaslı təmir olunmuş, uşaqların hərtərəfli inkişafı üçün müasir şərait yaradılmışdır.Rayon Təhsil Sektorunun müdiri Mehparə Mirzəyevanın diqqət və qayğısı,müəssisənin problemləri ilə yaxından maraqlanması ümumi işin keyfiyyətinə müsbət təsir edir.

Bağçanın fəaliyyət istiqamətləri genişdir:

•             uşaqların əqli, fiziki və yaradıcı potensialının inkişafı,

•             sosial–emosional bacarıqlarının möhkəmləndirilməsi,

•             estetik tərbiyə və əmək vərdişlərinin formalaşdırılması,

•             sağlam həyat tərzinə həssas münasibətin aşılanması,

•             milli-mənəvi dəyərlərə, ana dilimizə və dövlətçiliyimizə bağlılığın gücləndirilməsi.

Burada hər bir uşaq yalnız biliklə deyil, həm də sevgi ilə böyüyür. Müəssisənin pedaqoji kollektivi balacaların istedadını üzə çıxarmağa, onları cəmiyyət üçün sağlam və faydalı fərdlər kimi yetişdirməyə çalışır.

8 Mart – Analara Həsr Olunan Bayram

Bu gün bağçada “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə möhtəşəm tədbir keçirildi. Tədbirin iştirakçıları bağçanın kollektivi, balaca fidanlar və onların anaları idi.

Balacalar analarına bayram konserti təqdim etdilər:

•             hər biri analarına təbii çiçək hədiyyə etdi,

•             şeirlər söylədilər, mahnılar oxudular,

•             rəqslər ifa etdilər, oyunlar oynadılar.

Bu anlarda anaların sevinc dolu baxışları, qürurla parlayan göz yaşları salonda xüsusi bir ab-hava yaratdı. Çünki övladın valideynə bəxş etdiyi duyğu, yaşatdığı hisslər bənzərsizdir.

Tədbirin gözəl və uğurla keçirilməsində bağçanın müəllim və tərbiyəçilərinin zəhməti danılmazdır. Onların fədakar işi, uşaqlara göstərdikləri qayğı və sevgi, rəhbər Züleyxa xanımın uzaqgörən idarəçiliyi ilə birləşərək bu günün bayram ovqatını daha da möhtəşəm etdi.

R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası Balakənin təkcə ən böyük məktəbəqədər müəssisəsi deyil, həm də gələcəyimizin təməlini qoyan bir mədəniyyət ocağıdır. Burada böyüyən hər bir uşaq milli dəyərlərə bağlı, sağlam düşüncəli və yaradıcı bir fərd kimi formalaşır. Bu isə həm rayonumuz, həm də bütövlükdə ölkəmiz üçün böyük qürur mənbəyidir.

                                                                                              Ramazan Abal

Azərbaycan qadını

Azərbaycan qadını
0

Qadınlar tarixən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb

Azərbaycanda qadınlar yalnız 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində diqqət və qayğı ilə əhatə olunmur, onlara yalnız ildə bir dəfə diqqət göstərilmir. Zərif cinsin nümayəndələri hər zaman bu diqqəti, qayğını öz üzərlərində hiss edir, onu yaşayırlar. Əslində, bu da qəribə yaxud təsadüfi deyil. Çünki qadınlar tarixən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb, öz potensialları, bacarıqları ilə dövlət idarəetmə sistemində kişilərlə çiyin-çiyinə çalışıblar. Tomrisdən tutmuş Möminə Xatun, Sara Xatun, Nüşabə, Nigar, Həcər kimi dövlət idarəetmə sistemində ad-san qazanmış, həm də döyüş meydanında qəhrəmanlıq göstərmiş qadınlarımız olub ki, bu gün onların zamanında ortaya qoyduqları fəaliyyətlərlə fəxr edirik.

Azərbaycan qadını həm də maarifçilik hərəkatında mühüm rol oynayıb, bu prosesə öz töhfəsini verib. Bu tendensiya xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində özünü daha qabarıq şəkildə göstərib. Həmin dövrdə ölkədə genişlənmiş maarifçilik hərəkatı qadınların təhsilə cəlb olunmasını sürətləndirdi. Bu prosesdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin təşəbbüsü ilə Bakıda qızlar üçün məktəblərin açılması mühüm rol oynadı. Bu addım qadınların savadlanmasına və gələcəkdə cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına zəmin yaratdı.

Təkcə uzaq tarixdə deyil, elə keçən əsrdə də Azərbaycan tarixində qadınlar ictimai fəallıqları ilə seçiliblər. Şərqdə ilk dəfə seçib-seçilmək hüququnun məhz XX əsrin əvvəllərində Azərbaycanda verilməsi də bu məsələdə xüsusi rol oynayırdı. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olmuşdur.

Azərbaycan qadını tarixən ailənin dayağı, milli-mənəvi dəyərlərin qoruyucusu, eyni zamanda cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyət kimi səciyyələndirilib. Bütün bu xüsusiyyətləri Azərbaycan qadını tarixin bütün dövrlərində şərəflə, qüsursuz şəkildə həyata keçirib.

Qadınların cəmiyyətdə iştirakçılıq göstəricisinin, onların ictimai-siyasi həyatda rolunun artması müstəqillik illərində daha açıq şəkildə müşahidə edilməyə başlandı. Azərbaycan qadınlarına yaradılan şərait nəticəsində onlar dövlət quruculuğu, elm, mədəniyyət, biznes və beynəlxalq münasibətlər sahəsində fəal iştirak etməyə başladılar. Məhz qadınlar üçün yaradılmış şəraitin nəticəsidir ki, bu gün qadınlar parlamentdə, dövlət strukturlarında, qeyri-hökumət təşkilatlarında və özəl sektorda geniş şəkildə təmsil olunurlar.

Bütün müşahidə edilən bu müsbət tendensiya, heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə qadınlara yönəlik həyata keçirdiyi siyasətdən irəli gəlirdi. Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan cəmiyyətində lider qadınlar yetişirdi.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşaraq deyirdi:

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Ulu Öndər qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı, Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Azərbaycan Qadınlarının Birinci Qurultayı da məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf etdi və 1998-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirildi. Bu, dövlət qadın siyasətinin tarixində mühüm hadisə idi.

Günümüzdə dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət yeni dünya düzənində yaranmış yeni reallıqlara, meyarlara uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Belə ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində həm qabaqcıl ölkələrdən birinə çevrilib, həm də bu istiqamətdə mühüm yeniliklərə imza atıb.
Azərbaycan Respublikasının Konstitusiyasında da kişi ilə qadının eyni hüquq və azadlıqları təsbit olunur. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarır.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub.

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda da qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib.

Günümüzdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə rəhbəri ilə çiyin-çiyinə çalışaraq Azərbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edən simalardan biri də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Uzun illər ərzində Mehriban xanım Əliyevanın göstərdiyi çoxşaxəli fəaliyyət qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakına töhfə verib.

Hələ Heydər Əliyev Fondunun prezidenti olarkən Mehriban xanım sosial və humanitar layihələrə rəhbərlik edərək təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrində genişmiqyaslı proqramların həyata keçirilməsi ilə qeyd edilən istiqamətlərdə mühüm nailiyyətlərə imza atıb. Paralel olaraq, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi xeyirxah missiyası ilə minlərlə insanın taleyini müsbət mənada dəyişib, onlarda yaşamaq eşqi yaradıb, ölümlə mübarizə aparan ayrı-ayrı insanlara əl tutaraq onların həyatda qalmasına vəsilə olub.

Mehriban Əliyeva da hər zaman çıxışlarında gender bərabərliyi, qadın hüquqlarının qorunması və ailə dəyərlərinin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. O, qadınların yalnız ailə institutunda deyil, eyni zamanda dövlət idarəçiliyi, elm, mədəniyyət və biznes sahələrində də fəal rol oynamasının vacibliyini vurğulayır.

Mehriban Əliyeva Azərbaycanı beynəlxalq humanitar platformalarda da layiqincə təmsil edir, ölkəmiz adına uğurlar qazandırır. O, mədəniyyətlərarası dialoq, multikulturalizm və humanitar əməkdaşlıq sahəsində təşəbbüslərlə çıxış edir. Bu fəaliyyət qadın liderliyinin qlobal miqyasda təşviqinə və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.

Bu gün Mehriban xanım Əliyeva ictimai fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyəti ilə də diqqət çəkir. Ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva ölkə başçısı ilə eyni addımlayır, Azərbaycan naminə, dövlətimiz üçün təkcə daxili deyil, eləcə də beynəlxalq prizmada çiyin-çiyinə mübarizə aparır. Elə ən son Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təxribatçı ünsürlərin verdiyi suala Mehriban xanım Əliyevanın qarşısındakını nokaut vəziyyətinə salan cavabı zərif cinsin “yumşaq güc” nümayişinin göstəricisidir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

İnternat tipli gimnaziyada tanışlıq

İnternat tipli gimnaziyada tanışlıq
0

İnternat tipli gimnaziyada tanışlıq: problemlər və həll yolları gündəmdə

Balakən rayon rəhbəri Natiq Ağayev hüquq mühafizə orqanlarının rəhbərləri və təhsil sektorunun əməkdaşları ilə birgə İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada olub. Tanışlıq xarakterli səfərdə gimnaziyanın ümumi vəziyyəti ilə yaxından maraqlanılıb, sinif otaqları, yataqxana, dərs prosesi və şagirdlərin istirahət şəraiti yerindəcə izlənilib.

Gimnaziya rəhbərliyi tərəfindən bir sıra çatışmazlıqlar səsləndirilib, təmirə ehtiyacı olan sahələr göstərilib. Ümumilikdə məktəbin əsaslı təmirə ehtiyacı olduğu vurğulanıb. Natiq müəllim məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayacağını, əgər proses uzanarsa, rayonda xeyirxah işlər görmək istəyən iş adamlarını bu işə cəlb edəcəyini bildirib. Bu, həm dövlət, həm də ictimai dəstəyin birgə gücünü göstərən mühüm mesaj idi.

Təhsil və gigiyena: uşaqların gündəlik həyatına təsir edən problemlər

Səfər zamanı mətbəx və anbarlarda da şəraitə baxış keçirilib. Yeməklərin hazırlanması, günün menyusu, ərzaqların saxlanılması diqqətlə izlənib. Təəssüf ki, hər şey ideal deyildi. Gigiyenik vəziyyətin zəifliyi, sanitar qovşaqlarda bərk sabun və dəsmalın olmaması, su kranlarının işləməməsi, kağız dəsmalların gec və az verilməsi kimi problemlər açıq şəkildə görünürdü. Ən əsası, qaydalara görə maye sabun istifadəsi zəruri olsa da, həftələrlə təmin olunmadığı müşahidə edildi. Bu çatışmazlıqlar uşaqların gündəlik həyatına birbaşa təsir göstərir, onların sağlamlığını və psixoloji rahatlığını risk altına qoyur.

Rəhbərliyin mövqeyi və dərhal verilən tapşırıqlar

Rayon rəhbəri dərhal təhsil sektorunun məsul şəxslərinə tapşırıq verərək, problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsini tələb etdi. O, çətinliklər yarandığı halda icra hakimiyyətinə məlumat verilməsini və şəxsən Nazirliklə danışacağını da qeyd etdi. Bu, məsuliyyətin yalnız bir qurumun üzərinə düşmədiyini, həm yerli, həm də mərkəzi səviyyədə koordinasiyanın vacibliyini göstərirdi.

İctimai dəstək nümunəsi

Maraqlı məqam isə rayon polis şöbəsinin rəisi Çingiz Aslanovun mövqeyi oldu. O, gigiyenik vəziyyətin acınacaqlı olduğunu görərək biganə qalmadı və öz hesabına məktəbə 50 litr maye sabun (təxminən bir aylıq tələbat) hədiyyə etdi. Bu addım həm şagirdlərin sağlamlığına, həm də ümumi şəraitin yaxşılaşdırılmasına mühüm töhfə verdi. Belə nümunələr göstərir ki, təhsil müəssisələrinin problemlərinin həllində yalnız dövlət qurumları deyil, ictimaiyyətin də rolu böyükdür.

Nəticə: uşaqların gələcəyi üçün birgə məsuliyyət

İnternat tipli gimnaziyada səsləndirilən problemlər təkcə bir məktəbin deyil, bütövlükdə ölkə təhsil sisteminin qarşısında duran çətinliklərin göstəricisidir. Regionlarda təhsil müəssisələrinin vəziyyəti, onların maddi-texniki bazası, gigiyenik şəraiti birbaşa uşaqların gələcəyinə təsir edir. Bu səbəbdən hər bir qurum, hər bir vətəndaş öz imkanları daxilində bu sahəyə dəstək verməli, uşaqların sağlam və rahat mühitdə təhsil almasına töhfə verməlidir. Bu səfər bir daha göstərdi ki, təhsil müəssisələrinin problemlərinin həlli yalnız dövlətin deyil, bütün cəmiyyətin üzərinə düşən bir vəzifədir. Uşaqların sağlam, rahat və ümidli gələcəyi üçün hər birimizin kiçik də olsa töhfəsi böyük dəyişiklik yarada bilər.

                                                                                                   Ramazan Abal

Dövlət Başçısının açılışını etdiyi Soyqırım Memorial Kompleksi

Azərbaycan qadını
0

Faciə qurbanlarına olan ümumxalq ehtiramının zirvəsi

“Xocalı şəhərində, Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı, Prezidentin və birinci xanımın iştirakı tarixi hadisədir. Soyqırım Memorial Kompleksinin məhz hadisənin baş verdiyi ərazidə inşa olunması, tarixi yaddaşın qorunması, erməni faşist-millətçilərinin həyata keçirdikləri soyqırım siyasətinin gələcək nəsillərə çatdırılması baxımından ən doğru vasitə, dərin düşünülmüş qərardır”.

Yeni Balaken.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, kompleks erməni faşizminin ifşasına da böyük töhfə verəcək:

“Qətliamın törədilməsindən 34 il ötür. Hər il fevral ayının 26-da, ölkəmizdə və soydaşlarımızın məskunlaşdığı bir çox ölkələrdə, böyük hüznlə faciənin qurbanları yad edilir, ruhlarına dualar oxunur.

Əfsuslar olsun ki, Xocalıda baş verənlərə dünya birliyi biganə yanaşdı. Azərbaycan hökuməti, paralel olaraq Heydər Əliyev Fondu tərəfindən, soyqırımının dünyada tanıdılması üçün sistemli siyasət aparıldı. Nəticədə, dünya Xocalıda baş verənlərdən məlumatlıdı. 10 dan artıq dövlət, ABŞ-nın bir çox ştatı tərəfindən tanındı. Gələcəkdə daha çox dövlətlər tərəfindən tanınacağına şübhə yoxdur.

Bu gün əminliklə deyə bilərik ki, Xocalıda və digər bölgələrdə şəhid olmuş soydaşlarımızın ruhu şaddır. Torpaqlarımız tamamilə işğaldan azad olunub. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdırlar. Dövlət Başçısının açılışını etdiyi Soyqırım Memorial Kompleksi, faciə qurbanlarına olan ehtiramın zirvəsi hesab oluna bilər. Kompleks funksional olaraq, möhtəşəmliyi ilə seçilir və erməni faşizminin ifşası baxımından son dərəcə əhəmiyyətli abidədir”.

Xocalı soyqırımı-34 il

Xocalı soyqırımı-34 il
0

Balakəndə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Balakən rayonunda Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonda məskunlaşan Xocalı sakinləri ilə görüşüb. Rayon rəhbəri bildirib ki, Xocalı soyqırımı insanlıq tarixinin qanlı səhifəsidir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş cinayətdir. Qeyd edilib ki, Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan Zəfər sayəsində torpaqlarımız işğaldan azad olunaraq suverenliyimiz təmin edilib. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Azərbaycanın şanlı Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin qürurunu yaşayır. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işləri, insanların öz doğma yurdlarına qayıdışı həm də tarixi ədalətin təntənəsidir.

Saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Balakən rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciənin ildönümü ilə əlaqədar rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.

Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya zamanı Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazbinə kəndi ərazisindən keçən hissəsində həmişəyaşıl şam və şabalıd ağacları  əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

                                                                       Yeni Balakən