Balakəndə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert

Balakəndə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert
0

Balakən rayonunda uşaqların sevinci, musiqinin sehrli ahəngi ilə birləşdi. İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakən Uşaq İncəsənət Məktəbi və Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə möhtəşəm konsert proqramı keçirildi.

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, mədəniyyət müəssisələrinin nümayəndələri, valideynlər və ictimaiyyət iştirak edirdi. Çıxışlarda vurğulandı ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Mədəniyyət və incəsənət sahəsində həyata keçirilən tədbirlər isə uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafında, estetik zövqünün formalaşmasında və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.

Konsert proqramı çərçivəsində hər iki məktəbin şagirdləri zəngin və rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya musiqisinin incilərinə də yer verildi. Balaca ifaçıların səmimi çıxışları tamaşaçılara bayram ovqatı bəxş etdi, onların istedadı və musiqiyə olan sevgisi alqışlarla qarşılandı.

Bu tədbir Balakəndə uşaqların bayramına xüsusi bir rəng qatdı. Musiqi və incəsənət vasitəsilə onların yaradıcılıq dünyasına açılan pəncərə, gələcəkdə daha böyük uğurların başlanğıcı kimi yaddaşlarda qalacaq.                         

Yeni Balakən

Balakəndə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının möhtəşəm konserti

Balakəndə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının möhtəşəm konserti
0

İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Balakən şəhəri musiqi və sevinclə doldu. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası səhnəyə çıxaraq balakənlilərə unudulmaz anlar yaşatdı.

Konsert proqramı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Bu anlar tədbirə xüsusi bir ruh qatdı, həm milli qüruru, həm də uşaqların bayram sevincini birləşdirdi.

Ardınca Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Həcər Məmmədova çıxış edərək göstərilən qonaqpərvərliyə görə Balakən Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi. Onun sözlərində həm mədəniyyətin birləşdirici gücü, həm də bölgələrarası əlaqələrin önəmi vurğulandı.

Səhnəyə çıxan balaca ifaçılar isə tamaşaçıların qəlbini fəth etdilər. Onlar milli musiqimizi və klassik əsərləri böyük peşəkarlıqla təqdim edərək hər bir dinləyicidən alqış qazandılar. Uşaqların səmimi ifaları, musiqiyə olan sevgiləri və istedadları konserti daha da rəngarəng etdi.

Tədbirin əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların musiqi dünyasına daha geniş imkanlar açmaq və bölgələrarası mədəni əlaqələri gücləndirmək idi. Bu baxımdan konsert həm maarifləndirici, həm də mədəni dəyər daşıyan bir hadisə kimi yadda qaldı.

Konsertin sonunda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirdi. O, bu cür tədbirlərin uşaqların gələcək inkişafında mühüm rol oynadığını qeyd etdi.

Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olundu. Bu hədiyyələr uşaqların sevincini daha da artırdı və onların yaddaşında bu günü unudulmaz bayram kimi həkk etdi.                                                               

                         Yeni Balakən

28 May — Müstəqillik Günüdür.

28 May — Müstəqillik Günüdür.
0

28 May — Müstəqillik Günüdür.
1918-ci ilin bu günü müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsası qoyulmuşdur. Bu əlamətdar tarix xalqımızın azadlıq əzmini və dövlətçilik ənənələrini dünyaya bəyan edən şanlı bir gündür.
Azərbaycan Respublikasının rəsmi dövlət bayramı olan 28 May tarixi haqqında əsas məqamlar aşağıdakılardır:
• 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini elan etdi.
• Müsəlman aləmində ilk parlamentli respublika olan AXC-nin ilk rəsmi hökumət başçısı Fətəli Xan Xoyski, Milli Şuranın sədri isə Məmməd Əmin Rəsulzadə olmuşdur
• 1990-cı ildən etibarən “Respublika Günü” kimi qeyd edilən bu bayramın adı 2021-ci ilin oktyabr ayından dəyişdirilərək rəsmi olaraq Müstəqillik Günü adlandırılmışdır.

“Yeni Balakən” olaraq Azərbaycan xalqını “28 May Müstəqillik Günü” münasibətilə təbrik edirik.
Yeni Balakən

Bayram Sevinci Şəhid Ailəsinin Evində Bölüşüldü

Bayram Sevinci Şəhid Ailəsinin Evində Bölüşüldü
0

Qurban bayramı Balakəndə bu il də paylaşma, bölüşmə və birlik ruhu ilə başladı. Bayramın ilk günündə Mahamalar kəndindən olan Vətən müharibəsi şəhidi Hacıyev Qurban Əsəbəli oğlunun ailəsi ziyarət olundu. Qurban bayramının ən ülvi məqamlarından biri paylaşmaq, bölüşmək və birlik hissini yaşatmaqdır. Bu müqəddəs günlərdə imkansız ailələrin qapısını döymək, onların evinə bayram ovqatı gətirmək həm dini, həm də mənəvi borcumuzdur. Xüsusilə şəhid ailələri – Vətən uğrunda canından keçmiş igidlərin əmanəti olan bu ailələr – hər zaman diqqət və qayğıya layiqdirlər. Vətən müharibəsi şəhidi Hacıyev Qurban Əsəbəli oğlunun ailəsi həm şəhid ailəsi, həm də rayonun ən kasıb ailələrindən biridir

Şəhidin anası, Balakən rayon Mənzil İstismarı Müəssisəsində sosial işçi kimi çalışan Hacıyeva Nərgiz xanım, qapısına gələn bayram qonaqlarını səmimi qarşılayırdı. Müəssisənin rəisi Ramil Mirəliyev və müavini İzafi Akqubayev ailəyə qurban payı və bayram sovqatı təqdim edərək, bayram sevincini onlarla bölüşdülər.

Görüş sadəcə bir rəsmi ziyarət deyildi – evin içində bayramın əsl ovqatı hiss olunurdu. Ramil müəllim ailənin gündəlik problemləri ilə maraqlanaraq, onların maddi vəziyyətini diqqətlə dinlədi. O, şəhid ailəsinin daim diqqətdə saxlanılacağını, bu gəlişlərin sonuncu olmayacağını vurğuladı. “Şəhid ailələrinin qapısı yalnız bayramlarda deyil, hər zaman açılmalıdır” – deyə o bildirdi.

Nərgiz xanımın gözlərində həm sevinc, həm də kövrəklik vardı. O, oğlunun xatirəsinin unudulmadığını, ailəsinin diqqətdə saxlanıldığını görməkdən qürur duyurdu. Bayram süfrəsi sadə olsa da, səmimiyyət və minnətdarlıqla dolu idi.

Bu ziyarət bir daha göstərdi ki, Qurban bayramının mahiyyəti yalnız qurban kəsmək deyil, həm də paylaşmaq, sevindirmək və birlik yaratmaqdır. Şəhid ailəsinə göstərilən diqqət və hörmət həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.

                                                                                                    Yeni Balakən

Balakəndə Qurban Bayramının İlk Günündə Yeni Kəsim Məntəqəsi Açıldı

Balakəndə Qurban Bayramının İlk Günündə Yeni Kəsim Məntəqəsi Açıldı
0

Balakən rayonuna başçı təyin olunan Natiq Ağayev ilk gündən etibarən rayonun ehtiyaclarını öyrənməyə, problemləri ilə maraqlanmağa və onların həlli istiqamətində qətiyyətli addımlar atmağa başladı. Onun ideyası və təşəbbüsü ilə ərsəyə gələn kəsim məntəqəsi bu gün – Qurban bayramının ilk günü istifadəyə verildi. Bu, Balakənlilərə bayram hədiyyəsi oldu.

Məntəqənin ilk kəsimi də qurbanlıq heyvanlarla başladı. Rayon İcra Hakimiyyətinin əzmkarlığı nəticəsində yaradılan bu məntəqədə ilk qurbanlıq heyvanın təkbiri oxundu, bütün niyyətlərin və saleh əməllərin Allah tərəfindən qəbul olunması üçün dualar edildi.

Tədbirdə Balakən RİH nümayəndələri, millət vəkilinin nümayəndəsi, məhkəmə təmsilçiləri, din xadimləri, şəhid ailələri, qazilər, ağsaqqallar və QHT-lər iştirak edərək məntəqənin açılışına xeyir-dua verdilər. Vətəndaşlar gətirdikləri iri və xırda buynuzlu heyvanları burada kəsdirmək imkanı qazandılar. Balakən DAİM-in baytarları heyvanları yoxlayaraq qida təhlükəsizliyini təmin etdi,AQTA, AXA nümayəndələri və Balakən GEM rəhbərliyi isə prosesi nəzarətdə saxladı.

Yeni kəsim məntəqəsi Balakən–Gürcüstan yolunun üzərində, Qullar kəndində köhnə kərpic zavodu adlanan ərazidə yerləşir. Burada həm mal bazarı, həm də kəsim məntəqəsi fəaliyyət göstərəcək. Gələcəkdə bazardan mal alan istər fərdi vətəndaş, istərsə də ət satışı ilə məşğul olan ticarətçilər natəmiz işlərdən azad olacaq, həkim və baytar nəzarətində peşəkar qəssabların gigiyenik xidmətindən yerindəcə faydalanacaqlar.

Bu addım Balakənin sosial və dini həyatında mühüm yenilikdir. Qurban bayramının ilk günündə istifadəyə verilən kəsim məntəqəsi həm dini dəyərlərə hörmətin, həm də vətəndaşların rifahına göstərilən diqqətin bariz nümunəsidir.

Bayramın sevinci, təmizlik və birliklə tamamlandı. Allah bütün niyyətləri qəbul etsin, Balakənə daha çox xeyirli işlər nəsib etsin.

                                                                             Yeni Balakən

Qurban Bayramı – İman və Birliyin Zirvəsi

Qurban Bayramı – İman və Birliyin Zirvəsi
0

İnsanın həyatını nizamlayan, ona düzən verən ilk növbədə inancıdır. İnsan inandığı kimi yaşar, bildiyi kimi edər. Bizim inancımız isə Allahdan, Onun bizə Qurani-Kərimdə bildirdiklərindəndir. Din – bir həyat tərzi, bir yaşam biçimidir. Yaradanın bizə buyurduğu din – İslamdır. İslam dini başdan ayağa gözəlliklərlə doludur.

Bu gözəlliklərdən biri də minilliklərdir yaşadılan Qurban bayramıdır. Həzrəti İbrahimin övladı İsmayılla imtahana çəkildiyi o sınağın müsbət cavabı Allah tərəfindən bayramla mükafatlandırıldı. Yeddi min ilə yaxın tarixi olan Qurban bayramı bu gün də dünyanın hər yerində müsəlmanlar tərəfindən sevgi, sayğı və paylaşma ilə qeyd olunur. Maddi nemətlər paylaşdıqca azalır, mənəvi dəyərlər isə paylaşdıqca çoxalır. Sevinclər də bu qəbildəndir.

Bu gün səhər saatlarında Balakən Cümə Məscidində bayram namazı qılındı. Balakənin müxtəlif yerlərindən gələn möminlər bir araya gələrək bayram xütbəsini dinlədilər. İbadətdən sonra din qardaşları bir-birini təbrik etdi, ən xoş arzularını dilə gətirdi. Hər kəs Allahdan neçə-neçə belə bayramları qarşılamağı, birlik və bərəkət içində yaşamağı dilədi.

Qurban bayramı – yalnız qurbanlıq heyvanların kəsilməsi deyil, həm də mənəvi dəyərlərin, yardımlaşmanın, qardaşlığın bayramıdır. Bu gün Balakən Cümə Məscidində yaşanan mənzərə bir daha göstərdi ki, İslamın ruhu – sevgi, paylaşma və həmrəylikdir.

Bayramınız mübarək olsun! Allah hər bir evə bolluq, hər bir ürəyə sevinc bəxş etsin.

                                                                                                                                     Yeni Balakən

Balakən məktəblisinin uğuru: Nurdin Abalın parlaq nəticələri

Nurdin Abal
0

26 aprel və 3 may tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanlarının nəticələri açıqlanıb. Balakən şəhəri Nizami adına 1 saylı tam orta məktəb bu dəfə də uğurları ilə seçildi. Bu məktəbdə təhsil sağlam təməldən başlayır, uğurlar isə həmin möhkəm bünövrənin üzərində inşa olunur.

Məktəbin 9b rus bölməsinin şagirdi Nurdin Abal imtahanlarda yüksək nəticə göstərərək üç fənn – ingilis dili, rus dili və riyaziyyat üzrə 266.7 bal, Azərbaycan dili üzrə isə 86.7 bal toplayıb. Bu göstəricilər onun bilik və potensialının yalnız bir hissəsini əks etdirir. Çünki Nurdin suallara cavab verərkən əzbərçilikdən deyil, düşüncədən, şüurun dərinliyindən çıxış edir. Bu xüsusiyyət onun zehni inkişafını, dərrakəsinin genişlənməsini və intellektual gücünü daha da artırır.

🎓 Müəllimlərin zəhməti – görünməyən qəhrəmanlıq

Nəticələrin arxasında müəllimlərin böyük zəhməti dayanır. Sinif rəhbəri Hacıəhmədova Pərvanə müəllimənin diqqəti və əzmkarlığı, ingilis dili müəlliməsi Əliqayeva Mtvarisanın davamlı nəzarəti, riyaziyyat müəlliməsi Feyziyeva Həqiqət, rus dili müəlliməsi Qalayeva İnarə, Azərbaycan dili müəlliməsi Xəlilova Mesed, kimya müəlliməsi Hacıyeva Leyla, biologiya müəlliməsi Dibirova Gülnarə, coğrafiya müəlliməsi Osmanova Həvva, tarix müəlliməsi Şindiyeva Şəhla, fizika müəlliməsi Qalayeva Aygün, rəqəmsal bacarıqlar müəlliməsi Əlibəyova Sevinc və digər pedaqoqların məsuliyyətli yanaşması bu uğurun əsas dayağıdır. İbtidai sinif müəlliməsi Alqayeva Adilənin əsl pedaqoq kimi verdiyi təməl isə Nurdinin yolunun başlanğıcında mühüm rol oynayıb.

Bir valideynin sözləri ilə desək: “Əziz müəllimlər, yetişdirdiyiniz ağacın meyvələri həqiqətən şirindir. Nurdinin uğurları bizim qədər sizi də sevindirir, fərəhləndirir. Başımızı uca edir, zəhmətiniz hədər getmir.”

🌟 Gəncliyin gücü – gələcəyin təminatı

Bugünkü təhsil mühitində sistemsizlik, aşırı yüklənmə və keyfiyyətsiz qida məhsullarının yaratdığı diqqət dağınıqlığı uşaqların biliklərini tam şəkildə ortaya qoymasına mane olur. Buna baxmayaraq, Nurdin kimi gənclərin göstərdiyi nəticə bir qəhrəmanlıqdır. Onun uğuru həm ailəsinin, həm müəllimlərinin, həm də Balakənin qürurudur.

Nurdinin uğuru sadəcə rəqəmlərlə ölçülən nəticə deyil, bir məktəbin, bir müəllimlər ordusunun, bir ailənin və bütöv bir şəhərin ümididir. Onun topladığı ballar bir gəncin gələcək yolunun başlanğıcıdır. Bu yolun hər addımında müəllimlərin zəhməti, valideynlərin duası, dostların dəstəyi var.

Balakənin təmiz havası, Nizami məktəbinin möhkəm təməli, müəllimlərin işıqlı baxışları Nurdinin yoluna nur saçır. O, cavablarını əzbərdən deyil, düşüncədən verir – bu, gələcəyin alimlərinin, ziyalılarının, liderlərinin yoludur.

Bir gün Nurdin daha böyük zirvələrə qalxanda, arxaya dönüb deyəcək: “Mənim müəllimlərim var idi – onlar mənə yalnız bilik deyil, həm də həyatın mənasını öyrətdilər.”

Bu sözlər Balakənin, Azərbaycanın gələcəyinə yazılmış bir ümid şeiridir. Çünki savadlı balalarımızın uğuru dövlətimizin sabahını daha güvənli, daha parlaq edəcək.

                                                                  Ramazan Abal

Balakənin Sevimlisi – Doktor Məhəmməd Herayev

Balakənin Sevimlisi – Doktor Məhəmməd Herayev
5

Herayev Məhəmməd Ramazan oğlu 1954-cü il noyabrın 27-də Balakən rayonu Şambul kəndində dünyaya göz açıb.Orta məktəbi bitirdikdən sonra 1973-75-ci illərdə ordu sıralarında hərbi xidmət keçib.1976-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib.1983-cü ildən indiyə qədər Balakən Rayon Mərkəzi Xəstəxanasında cərrah,şöbə müdiri işləyir.İşlədiyi müddətdə Ukraynanın Kiyev,Xarkov şəhərlərində,doğma Bakımızda mədə-bağırsaq traktının cərrahiyəsi,damar cərrahiyəsi,döş qəfəsi və qarın boşluğunun təxirə salınmaz cərrahiyyəsi üzrə dəfələrlə kurslarda və elmi praktik konfranslarda iştirak edərək çıxış etmiş,bilik və təcrübəsini həmkarları ilə bölüşmüdür.Rayonda ilk dəfə xolesisfektomiya,qara ciyər və öd yollarında rekonstruktiv əməliyyatları,mədə və on iki barmaq bağırsağın xora xəstəliklərində, mədənin müxtəlif tipli rezeksiyaları,mədə və on iki barmaq bağırsaq xoralarında icra olunan vaqotomiya əməliyyatları,aşağı ətraf venalarının varikoz xəstəliyində flebektomiya,varikoz genəlmələrində çoxsaylı və bir sıra ginekoloji əməliyyatları icra edib.Bu sadaladığımız əməliyyatların hamısı Balakənin səhiyyə tarixində ilk dəfə onun cərrahi əlləri ilə həyata keçirilib, ilk və son icraçısı da məhz cərrah Məhəmməd Herayevdir. Herayevin adı Balakəndə icra olunan mürəkkəb əməliyyatlarla tarixə düşüb: xolesisfektomiya, qaraciyər və öd yollarında rekonstruktiv əməliyyatlar, mədə və on iki barmaq bağırsaq xoralarında vaqotomiya, varikoz xəstəliyində flebektomiya…

Bu gün də respublikanın bir çox xəstəxalarında çalışan cərrahlar doktor Herayevdən öyrənir, bu çətin əməliyyatlarda onun məsləhətini alır,göstərdiyi istiqamətdə öz bölgələrinin insanlarını sağlamlığına qovuşdururlar.Herayev Azərbaycanda nadir cərrahlardandır ik,öz dəsti xətti var,dəqiq diaqnoz,kəsə yoldan effektiv müdaxilə edərək  bir çox  xəstələri son saniyələrdə ölümdən xilas edib.Məhəmməd Herayevin təcrübəsi,tibbi,elmi bilikləri  başlı başına bir kafedra,məktəbdir. 1994-2000-ci illərdə Qabaxçöl xəstəxanasında cərrah işlədiyi zaman Azərbaycanın hər bölgəsindən,hətta qonşu dövlətlər olan Gürcüstan və Rusiyadan (Dağıstandan) xəstələr gəlirdi onun yanına əməliyyat olunmaq üçün.Gün ərzində 13-14 əməliyyat icra edib.Bu onun əzmkarlığının bariz nümunəsidir.

Doktor,cərrah Məhəmməd Herayev bu gün də Allahın izni ilə xəstələrə şəfa bəxş etməkdə davam edir.Balakənin hörmətlisi,sevimlisidir.Balakən MRX-da cərrahiyə şöbəsinin müdiri vəzifəsini daşıyır.Cərrah olaraq da ən kritik,çətin əməliyyatlara girir,xəstənin sönmək üzrə olan həyat nəbzini geri qaytarır.Adətən Əzrayılla kəllə-kəlləyə çıxsa da,sonda qalib gəlir.

Məhəmməd Herayev barədə Balakən MRX –nın direktoru,Publik Hüquqi Şəxs Dilbər Quliyeva fikir bildirərkən ilk dediyi o oldu ki,-həkim olmağıma baxmayaraq,əgər Doktor Herayev olmasaydı bu gün mən həyatda yox idim.Biz həkimlər də insanıq,xəstələnirik,bıçaq altına düşürük. Herayevin son anda özünü yetirməsi,əməliyyat qrupunu toplaması,dəqiq diaqnozu və  professional cərrahi müdaxiləsi, bütün bunları bir dəqiqə ərzində etməsi məni həyata qaytardı.Məhəmməd Herayev işinin peşəkarı,xəstəxanamızın ağsaqqalı,əsl insan,cərrahiyyənin dahisidir.Mənim sağ əlimdir.O ordadırsa,cərrahiyyə şöbəsindən arxayınam..

Doktor Herayevin davamçılarından oğlu Sərxan Herayev Moskva şəhərinin əyalət xəstəxanasında cərrah işləyir.Qızı Samirə xanım isə Balakən MRX-da ACİL şöbəsinin müdiridir. Herayevin yolunu şərəflə davam etdirirlər. Hər ikisi də həddən ziyadə mədəni,tərbiyəli, savadlı,qabiliyyətli həkimlərdir. Onların savadı, mədəniyyəti və peşəkarlığı atasının qoyduğu yolun davamı kimi dəyərləndirilir.Təbii ki,kimin övladlarıdırlar…?

Məhəmməd Herayev – Balakənin sevimlisi, Azərbaycanın nadir cərrahlarından biri, həyatın son anında ümid işığıdır. Onun adı tibb tariximizdə bir məktəb kimi yaşayacaq. Balakənlilər üçün o, sadəcə həkim deyil – Əzrayılla üz-üzə gəlib qalib gələn qəhrəmandır.

“Bir insanın ömrünü xilas etmək – bütün insanlığı xilas etməkdir.”
Doktor Herayevin ömrü bu kəlamın canlı təcəssümüdür.

                                                                                                       Ramazan Abal

“Heydər Əliyevin 103 illiyinə həsr olunan rəqs bayramı”-müsabiqənin yekunu

“Heydər Əliyevin 103 illiyinə həsr olunan rəqs bayramı”-müsabiqənin yekunu
0

Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr edilən silsilə tədbirlər çərçivəsində rəngarəng bir mədəniyyət bayramı yaşandı. Mayın 22-də Rayon İcra Hakimiyyəti, Mədəniyyət Mərkəzi və MİHİ Balakən rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqslərin sehri” adlı rəqs müsabiqəsinin nəticələri elan olundu.

Müsabiqənin I və II turunda 76 nəfər gənc və yeniyetmə iştirak etmiş, 5 duet, 3 qrup və 7 solo çıxış olmaqla 4 nominasiya üzrə ümumilikdə 35 nəfər istedadlı iştirakçı mükafatlandırılmışdır. Qaliblərə kubok, medal və diplomlar münsiflər heyəti tərəfindən təqdim olunaraq onların zəhməti və istedadı yüksək qiymətləndirildi.

Tədbir çərçivəsində uğur qazanan iştirakçılar öz rəqs nömrələrini bir daha səhnədə nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşatdılar. Rəngarəng çıxışlar, milli geyimlər və musiqi ilə müşayiət olunan performanslar tədbiri əsl bayrama çevirdi.

Balakən ictimaiyyəti tərəfindən böyük maraqla izlənilən müsabiqə həm gənclərin yaradıcılıq potensialını üzə çıxardı, həm də Heydər Əliyevin mədəniyyətə verdiyi önəmin bariz nümunəsi kimi yadda qaldı. Bu günün sevinci bir daha göstərdi ki, Balakən gəncliyi milli-mənəvi dəyərlərə bağlıdır və onları incəsənət vasitəsilə yaşatmağa hazırdır.

                                                                   Yeni Balakən

Şəhid ailəsinə diqqət və qayğı

Şəhid ailəsinə diqqət və qayğı
0

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Antiterror əməliyyatı zamanı şəhid olmuş Köklərov Sərxan Eyvaz oğlunun ailəsini ziyarət edib. Görüş zamanı icra başçısı şəhidin qızı Məryəm Köklərovanı doğum günü münasibətilə hədiyyələrlə təbrik edərək, ona uzun ömür, sağlamlıq və dərslərində uğurlar arzulayıb.

Şəhidimizin Aysu, Məryəm və Yusif adlı övladları Vətənə əmanət qalıb. Onların gələcəyi dövlətin diqqət və qayğısı ilə təmin olunur.

Görüşün səmimi ab-havası şəkillərdə də öz əksini tapırdı. Şəhidin xatirəsinə həsr olunmuş guşədə onun döyüş yolunu əks etdirən hərbi geyimlər, çantalar və fotoşəkillər nümayiş olunurdu. Divarda “Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Balakənin qəhrəman övladları” başlığı altında igidlərin portretləri yer almışdı. Bu guşə həm ailə üzvləri, həm də qonaqlar üçün qürur və kədərin birləşdiyi müqəddəs bir məkana çevrilmişdi.

Digər anlarda isə ailə üzvləri və icra başçısı birlikdə şəhidin ailə fotoları önündə dayanaraq, onun həyat yolunu xatırladılar. Azərbaycan bayrağı və hərbi forma ilə bəzədilmiş guşə Sərxan Köklərovun Vətən uğrunda göstərdiyi şücaətin rəmzi idi.

Görüşün ən duyğulu məqamı isə Məryəm Köklərovanın doğum günü münasibətilə kəsilən tort oldu. Ailə üzvləri və qonaqlar bir araya gələrək bu anı bölüşdülər. Şəhidin övladlarının üzündəki təbəssüm, onların gələcəyinə olan ümidin və dövlətin qayğısının bariz göstəricisi idi.

Şəhidimizin anası Xalisət Köklərova, həyat yoldaşı Günel Köklərova, qardaşları Absələddin və Ceyhun Köklərov Sərxan Köklərovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan, onun həyat və şərəfli döyüş yolundan söz açaraq, bu günün həm kədərli, həm də qürurlu olduğunu vurğuladılar.

İcra başçısı ailənin gündəlik qayğıları ilə maraqlanaraq, onların problemlərinin həlli istiqamətində dəstəyini ifadə etdi.

Allah bütün şəhidlərimizin ruhunu şad etsin, ailələrinə səbr versin.

                                                     Yeni Balakən