Bu gün Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva yaşayış yerini dəyişməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən ayrılmışdır.
Dilbər Quliyevanın Balakən səhiyyəsində fəaliyyət yolu 1998-ci ildən başlayır. O, həkim-nevropatoloq kimi başladığı əmək fəaliyyətində illər ərzində müxtəlif məsul vəzifələrdə çalışmış, 2012-ci ildə baş həkimin müalicə işləri üzrə müavini, 2017-ci ildə baş həkim, 2019-cu ildə baş direktor, 2020-ci ildə isə Balakən RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunmuşdur.
Uzun illər ərzində rəhbər kimi fəaliyyət göstərən Dilbər xanım peşəkarlığı, səmimiyyəti, məsuliyyətli yanaşması və insanlara olan qayğıkeş münasibəti ilə seçilmişdir. Böyükdən kiçiyə, həkimdən tibb işçisinə qədər hər kəsə qarşı daim şəfqətli və diqqətli olmuş, kollektivin hər bir üzvünə dəstək göstərmişdir.
Bu illər ərzində səmərəli və peşəkar fəaliyyətinə görə Dilbər xanım müxtəlif illərdə fəxri fərman və tərifnamələrlə təltif olunmuş, səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə layiqincə qiymətləndirilmişdir. Xüsusilə COVID-19 pandemiyası dövründə yüksək peşəkarlığı, məsuliyyətli fəaliyyəti, eləcə də xəstəxananın fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunmasında göstərdiyi rəhbərlik və təşkilatçılıq bacarığı ilə seçilmişdir.Onu da qeyd edək ki,Azərbaycan dövlətinin və Türk İş qurumunun birgə təşkil etdiyi Türkiyə Respulikasında səhiyyənin idarəedilməsi təlim və kurslarına qatılan Dilbər xanımın əldə etdiyi beynəlxalq dərəcəli sertifikat ona ona nəinki Azərbaycanın,dünyanın istənilən dövlətində səhiyyə müəssisəsinin idarəetmə hüququnu tanıyır,verir.
Balakən Rayon Mərkəzi Xəstəxanasının kollektivi Dilbər xanıma uzun illər ərzində göstərdiyi fədakar əməyə, səhiyyə sahəsinə verdiyi töhfələrə və kollektivə rəhbərlik etdiyi illərdəki fəaliyyətinə görə təşəkkür edir, yeni həyat mərhələsində möhkəm cansağlığı, ailə səadəti, rahatlıq və uğurlar arzulayır.
Bəzən bir insanın vəzifəsi bitir, amma onun illərlə qazandığı hörmət, xoş xatirələr və insanların qəlbində qoyduğu iz qalır.Dilbər xanım məhz belə insanlardandır.Onun bu vəzifəyə gəldiyində ilk fotosunu mən çəkmişdim,indi də vəzifədən ayrılanda bu vəzifədəki son fotosunu da mən çəkdim,vida çiçəkləriylə…Güllər içində Gül..Belə qabiliyyətli,savadlı,bacarıqlı kadrın boş duracağına inanmıram.Ən yaxın zamanda ən böyük vəzifədə yenə də ilk fotonu çəkmək diləyilə.
Dilbər xanım, yeni həyat mərhələnizdə yolunuz açıq, günləriniz xoş və hər zaman üzünüz gülsün!
Ramazan Abal












Leave a Reply