Azərbaycan Respublikasında kənd təsərrüfatı və balıqçılıq sahələrinin inkişafı ölkənin qeyri-neft sektorunun güclənməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasında kənd təsərrüfatı və balıqçılıq sahələrinin inkişafı ölkənin qeyri-neft sektorunun güclənməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu sahələrin müasirləşdirilməsi və istehsal potensialının artırılmasına yönəlib.
Balakən rayonunda artıq bu proqram çərçivəsində addımlar atılır. Təbii ki, yol boyu problemlər də ortaya çıxır. Məxməri bağacıqla dövlət səviyyəsində aparılan mübarizə nəticəsində bu zərərverici sıradan çıxarıldı. Lakin indi kənd təsərrüfatına ciddi ziyan vuran yeni təhlükə — amerikan ağ kəpənəyi ilə üz-üzəyik. Bu zərərverici bağlara, şəxsi təsərrüfatlara, əkin sahələrinə sürətlə yayılaraq məhsuldarlığa ciddi təsir göstərir.
Hazırda sahibkarlar və vətəndaşlar öz imkanları ilə mexaniki üsullar və DAİM-in dərman dəstəyi vasitəsilə mübarizə aparırlar. Lakin bu, tam nəticə vermir. Çünki mübarizədən kənar qalan ərazilərdə kəpənək çoxalaraq yenidən yayılır. Bu səbəbdən mübarizənin planlı, eyni zamanlı və geniş miqyasda aparılması vacibdir.
Rayonda DAİM-in təşkilatçılığı ilə müasir texnologiyalardan istifadə olunur. Dronlar vasitəsilə dərmanlama prosesi həyata keçirilir. Hər biri 50 litr tutumlu dərmanla təchiz olunan dronlar 20 dəqiqə ərzində 4 hektar ərazini dərmanlaya bilir. Pərlərin yaratdığı təzyiq dərmanı bitkinin dibinə qədər çatdırır ki, bu da həm iqtisadi, həm də zaman baxımından səmərəli üsuldur. Lakin bu xidmət ödənişlidir və əsasən kənd təsərrüfatı subyektlərinə yönəlib. Meşələr, qoruma zolaqları və Balakənin böyük hissəsini əhatə edən “Zaqatala qoruğu” isə hələlik mübarizədən kənarda qalır. Bu isə problemin tam həllinə mane olur.
Rayon rəhbəri Natiq Ağayev dronların fəaliyyətini izləyərək sahibkarlarla görüşüb, mübarizə üsulları barədə diskussiya aparıb. Onun təklif etdiyi ən mühüm addımlardan biri kəndlərdə qrafik üzrə iməciliklərin təşkili və eyni zamanlı mübarizə metodunun tətbiqi oldu. Bu yanaşma amerikan ağ kəpənəyinin də sonunun yaxınlaşdığına işarədir.
Daha sonra Natiq müəllim qarğıdalı biçini ilə tanış olub, fermerlərlə söhbət edib. Görüşdə sahibkarlara işlərini genişləndirmək və çeşidləndirmək barədə tövsiyələr verilib. Dövlətin yaratdığı münbit şərait — subsidiya və kredit imkanları, özünüməşğulluq proqramı çərçivəsində yeni iş yerlərinin açılması və ilk 6 ay əməkhaqlarının dövlət tərəfindən ödənilməsi — sahibkarlar üçün böyük dəstəkdir. Rəhbər fermerlərə sona qədər dəstəyini ifadə edərək, onların fəaliyyətini daha da gücləndirməyə çağırdı.
Balakəndə həyata keçirilən tədbirlər göstərir ki, dövlət proqramları yalnız kağız üzərində deyil, real işlərdə öz əksini tapır. Müasir texnologiyaların tətbiqi, sahibkarlarla birbaşa dialoq və planlı mübarizə metodları kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinin təmininə və bölgənin iqtisadi gücünün artmasına xidmət edir. Amerikan ağ kəpənəyi ilə mübarizədə qətiyyətli addımlar, qarğıdalı istehsalında isə genişlənən fəaliyyət Balakənin gələcək uğurlarına işarədir.
Ramazan Abal




















Leave a Reply