Onda Ömər Şəhid Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta məktəbində oxuyurdu. Məktəbdə tez-tez hərbi vətənpərvərlik mövzusunda tədbirlər keçirilərdi. O vaxtlar odlar yurdu Azərbaycanımızın bir parçası olan Qarabağımız düşmən tapdağı altında idi. Tədbirlərin birində erməni vandalların şəhərlərimizi, kəndlərimizi darmadağın etməsindən, soydaşlarımızı, günahsız qadınları, qocaları, körpə uşaqları, xəsətləri əzab əziyyət verərək öldürməsindən söhbət getdi.
Birdən 11-ci sinif şagirdi Ömər ayağa qalxaraq:
—Mən, istəyirəm tezliklə əsgər gedim, düşməndən intiqam alım, torpaqlarımızı azad edim. Ana-bacılarımızı, körpələrimizi o vəhşilərdən qoruyum, lazım gələrsə, bu yolda şəhid olum dedi.
Onun bu odlu, alovlu çıxışından müəllimlər də, şagirdlər də çox təsirləndilər.
Sabir müəllim onun başını sığallayaraq:
—Tələsmə bala, o gün uzaqda deyil. Əsgərliyə də gedəcəksən, müharibə də olacaq, sənin kimi vətənpərvər, igid oğullarımızın sayəsində torpaqlarımız düşmən canynağından xilas olacaq.Nə qədər ağır olsa belə, şəhid də verəcəyik.
Ömər Qurdayev doğma kəndim Meşəşambulda dünyaya göz açıb. Zəhmətkeş ailədə böyüyüb. Təhsil aldığı məktəbdə ağıllı, tərbiyəli, mehriban, sözün yerini bilən bir şagird kimi tanınıb. Elə bu xüsusiyyətlərinə görə də müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. Təkcə onların yox, qohum-qonşuların, tanış-bilişlərin onu tanıyanların hamısının. Hər kəsə qarşı bir doğmalıq, bir istilik vardı onda…
İşgüzarlığına, qayğıkeşliyinə də söz ola bilməzdi. Qonşuları, qonşu uşaqlarını çox sevərdi. O balaca, arıq canıyla hər kəsin köməyinə yetişməyə çalışardı.
Ev heyvanlarına qulluq etməyi xoşlayardı. Mal tövləsini tərtəmiz saxlayardı. Ata qarşı xüsusi sevgisi var idi. Anasının dediyinə görə atı şampunla çimizdirər, qurudar, tumarlayardı. Ata minib kəndi gəzməyi, təbiətin füsunkar gözəlliyini seyr etməyi, Mazım çayının şırıltısına, durna gözlü bulaqların zümzüməsinə, quşların cəhcəhinə qulaq asmağı çox sevərdi. Doğma kəndinin hər qarış torpağına, daşına, gülünə, çiçəyinə bələd idi.
Onu da qeyd edim ki, ailənin maddi durumu çətin olduğuna görə məktəbli ola-ola ata qoşqu qoşaraq kiminin əkin sahəsinə kultivasiya çəkər, kiminin kartofunu çıxardar, araba ilə yük daşıyıb pul qazanar, evə lazım olan ərzaqları alardı, yaxud pulu anasına verərdi:
Bir dəfə Ömər görür ki, soyuducu boşdur, anasına deyir:
—Narahat olma, ana. Soyuducunu özüm dolduracağam.
Elə bil Ulu Yaradan nə qədər yaxşı xüsusiyyətlər varsa, hamısını bizim qəhrəmanımızın üzərinə cəmləşdirmişdi, məsumluğu, zəhmətsevərliyi, dostluqda sadiqliyi, doğma Vətənə, xalqa bağlılığı…
Anasına çox bağlı idi, onun bir sözünü iki eləməzdi. Bir dəfə anası ağır əməliyyat olunmuşdu. Xəstəxanadan çııxanda o istədi ki, sağalınca bacısıgilə getsin. Ömər anasına qəti etiraz edir.
̶ Nə danışırsan, ana? Sən bizim hər birimizin əziyyətini çəkmisən . Mən buna imkan vermərəm, özüm baxacağam sənə…
Həqiqətən anasına lazım olan hər cür qulluq göstərir, onun rahatlığını təmin edir, dərmanlarını, yeməyini, içməyini vaxtında verir. Ev-eşiyi yığışdırır, paltar yuyur, çörək bişirmək üçün xəmir yoğurur. Ömər belə oğul idi…
2020 -ci il. İyul ayı… Vaxt və də yetişdi.
Ömər Qurdayev Milli Orduya müddətli hərbi xidmətə çağırıldı.
Ordu sıralarında olduğu artıq üçüncü ay idi. Onun xidmət etdiyi hərbi hissə Füzulidə yerləşirdi. Bu cəbhənin ən qaynar yeri idi. Düşmən tez-tez təxribat törədir, iriçaplı silahlardan atəş açırdı.
27 sentyabr…
Zaman yetişmişdi. Ali Baş komandan öz qəti qərarını vermişdi. Həmin gün cəbhəyə yola düşən əsgər və zabitlər qazanacaqları qələbəyə inanırdılar. Təki Qarabağımız azad olsun, torpaqlarımızdan düşmən ayağı birdəfəlik silinsin. Tarix yazan igidlərimizin sırasında bizim Ömərin də imzası vardır. Ömərin xidmət etdiyi atıcı bölmələr döyüşlərin ən qaynar yerində – Füzulinin azad edilməsi uğrunda əməliyyatlarda iştirak edirdi. Balaca ürəyi köksünə sığmırdı Ömərin. Vətən torpaqlarını viran edən düşmənə qarşı nifrəti aşıb daşırdı. İlk gündən döyüş meydanına atılaraq düşmənə qarşı qəhrəmancasına vuruşdu. Vətən torpağını öz qanı ilə suvardı. Döyüş yoldaşlarının dediyinə görə Ömər bir dəfə yaralandıqdan sonra yenidən ayağa qalxaraq düşmən qabağında dik dayanır, sanki öz canı ilə düşmənə sipər çəkir. Yadıma Lev Tolstoyun ” Hacı Murad ” povesti düşdü. Çar rusyasının əsgərlərinə qan udduran Hacı Murad son anda sinəsini saysız-hesabsız güllələr dəlsə də düşmənin qabağında əyilmir, ölümün gözünə dik baxır. Eynən Ömər də… Bu ölüm-dirim savaşında adını tarixə yazaraq rayonumuzun, kəndimizin ilk şəhidi kimi müqəddəs zirvəyə ucaldı. Ana torpaq şəhid balasını öz qoynuna aldı, cəsur, igid, nur üzlü balamızı…
Ananın ürəyini paramparça edən oğlumuzu…
Dövlətimiz Ömər Qurdayevin Vətən qarşısındakı xidmətlərini layiqincə qiymətləndirərək ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ʺVətən uğrundaʺ, ʺXocavəndin azad olunmasıʺ, ʺFüzulinin azad olunmasına görəʺ, ʺCəsur döyüşçüʺ medalları ilə təltif olunub.
Şəhidimizin evi hər gün neçə-neçə adamın ziyarət etdiyi məkandır. Meşəşambulluların yaxın, uzaq yerdə yaşayan insanların, müəllimlərin, şagirdlərin…
Bu da Ömərin kiçik ev muzeyi. Burada şəhidimizin böyük portreti, divardan asılmış foto-stendlər, ona məxsus əşyalar, əsgər paltarı diqqəti cəlb edir. Bütün bunlara tamaşa etdikcə sanki onun ömür dünyasına səyahət edirəm, qəhrəmanımızın keçdiyi qısa, lakin şərəfli, mənalı həyat yoluna…
Oğlunun şəhid xəbərini alan kimi bir-iki günə saçları ağappaq ağaran, ürəyi qana dönən, öğlu üçün qurduğu xəyal dünyası dağılan, üz-gözündən kədər yağan, gözlərinin yaşı ürəyinə axan ananın dərdi böyükdür. Oğul dərdi. Buna dözə bilməyən ananın nə gecəsi var nə gündüzü. Hələ də gözü yolda, qulağı səsdədir. Onunla təsəlli tapır ki, aslan oğlu vətən yolunda şəhid olub, xalq üçün, hər birimiz üçün.
Sevil xanımın dediklərindən: Ömər mənim sağ əlim idi.Hər işdə yaxın köməkçim olub. Hərbi xidmətə yola düşüncə bir gün qabağa mənə dedi ki, ana,olarmı sonuncu dəfə yanında yatım. ʺƏlbəttə, oğlumʺ- dedim.
Ana-bala sübhədək yatmadıq. O sevdiyi qızdan danışdı. Oğul, dedim narahat olma, sən sağ-salamat gedib qayıt, qızın elçiliyini özüm edəcəyəm, razı olmasa, onu qaçırdacağam -deyə onunla məzələndim. Ancaq…
Yaralı ananın sözləri boğazında tıxanıb qaldı. Sonra ana söhbətini davam etdirərək:
—Bir dəfə yuxumda gördüm ki, müharibə meydanındayam. Qorxub böyük bir kolun arxasında gizlənmişəm. Arxamda kiminsə dayandığını hiss etdim. Dönüb baxanda gördüm ki, oğlumdur. Heç bilmədim, ona necə sarıldım. ʺAy oğul, indiyə qədər harada idinʺ -deyə soruşdum. Nə desə yaxşıdır: ʺAna hər gün sənin yanındayam, heç nədən qorxma. Ancaq sən məni görə bilməzsənʺ.
Bu yuxudan sonra özümü ələ almağa çalışdım. Bildim ki oğlum ölməyib. Şəhid balamın ruhu göylərdə dolaşır, hara gedirəmsə arxamca gəlir, qolunu boynuma salır, başımı sığallayır, əvvəllər olduğu kimi…
Yaralı ananın dediklərinə qulaq asdıqca ürəyimdən bir bayatı keçdi:
Analar yanar, ağlar
Günləri sanar ağlar,
Dönər göy göyərçinə
Yollara qonar ağlar.
Ömərin oxuduğu məktəbdə onun keçdiyi döyüş yolu ilə bağlı foto-stend təşkil olunub. Burada tez-tez tədbirlər keçirilir.
Məktəb direktoru Sabir Qazaxovun dediklərindən: Mənim üçün Ömər Qurdayev sadəcə bir şagirdin adı deyil, o bizim məktəbin dərsliklərə sığmayan qəhrəmanlıq dərsi, yarımçıq qalmış bir gəncliyin bütöv bir millətə çevrilmiş qürurudur. Öməri xatırlayanda gözlərimin önünə gələn onun baxışlarıdır. O, dərslərdə çox sakit, təmkinli, sanki ruhunda böyük bir fırtınanı gizlədən lakin zahirən dəniz kimi durğun bir uşaq idi:
Onu digərlərindən fərqləndirən ən mühüm cəhət məsuliyyət hissi idi. Verilən tapşırığa elə bir ciddiyyətlə yanaşardı ki, biz müəllimlər bəzən onun yaşından böyük olan bu yetkinliyinə heyran qalırdıq. İndi anlayıram ki, Ömər sanki özünü daha böyük bir imtahana – Vətən imtahanına hazırlayırmış.
Şəhidlik xəbəri məktəbə çatanda sanki zaman dayandı. Müəllim yoldaşlarımın gözlərindəki o ifadəni heç vaxt unutmayacağam, həm sonsuz kədər, ʺhəm də biz bir Qəhraman böyütmüşükʺ deyən o ağır qürur. Ömər partada əyləşib riyaziyyatın düsturlarını, tarixin səhifələrini öyrənirdi. Amma o öz şəhadəti ilə ən çətin düsturu-canını fəda edərək torpağı vətən etməyin yolunu öyrətdi.
Mənim üçün Ömər indi bu məktəbin hər küncündədir. Səhər zəngi çalınanda onun ruhunun dəhlizlərdə dolaşdığını hiss edirəm. Jurnalist dostlarımız məndən Ömər haqqında xatirə istəyəndə deyirəm: ʺÖmər xatirə deyil, canlı həqiqətdirʺ. O, bu məktəbin bitməyən dərsidir. Hər il yeni birinci siniflər gələndə onlara ilk dərsi mən yox, Ömər keçir. Onun şəkli qarşısından keçən hər şagird mənliyini, kimliyini və vətənin hüdudlarını tanıyır. Ruhu şad olsun şəhid balamızın…
Kəndimizin ilk şəhid balası… Ən böyük arzusu idi ki, torpaqlarımız işğaldan azad olsun. Qəhrəmanımızın arzuları gerçəkləşib, lakin o, bu günü görmədi. Bizim Ömərin ruhu sülh rəmzi olan ağ göyərçinə dönərək vətənimizin səması üzərində pərvaz edir.Oun əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Havva Zahid qızı.
P.S.Havva xanım Anqbazova uzun illər,sovet dövründə indiki “Yeni Balakən” qəzetinin əcdadı olan “Şən Həyat” qəzetində jurnalist olaraq çalışıb.Ən son dil-ədəbiyyat müəlliməsi olaraq işlədiyi Yeni Şərif kənd tam orta məktəbindən təqaüdə çıxan hörmətli jurnalistimizin “Yeni Balakəndə” Havva Zahid qızı imzası ilə ilk yazısıdır.Havva xanımın gözəl qələmi var,ruhuyla yazarkən duyğudan sətirlər yaradır..Havva Zahid qızına –xoş gəldin-deyirik doğma,yazıb yaratdığı qəzetə.Sizi burda görmək,yazılarınızı oxumaq həqiqətən xoşdur.Davamını gözləyirik..











Leave a Reply