Balakən Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Tədbirdə rayon rəhbəri Natiq Ağayev çıxış edərək məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, gənclərə gələcək həyatlarında uğurlar arzulayıb. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə verdiyi önəmi xatırladaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Təhsilə göstərilən bu diqqət gənc nəslin savadlı, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət edir.Natiq müəllim tələbə adını qazanmış rayon məzunlarının sevincini bölüşərkən ali məktəbi bitirdikdən sonra rayona qayıdışın olmasını da arzuladı. Hansı ki,bu il qəbul olan tələbərin seçdiyi ixtisaslar üzrə yetişəcək kadrlara rayonumuzda böyük tələbat var.Həmçinin tələbələrə həm rayon rəhbəri,dövlət adamı olaraq gələcəkdə dövlət işlərində tutacaq vəzifələrdə onlara davranış qaydalarından,vəzifə icraatından dövlət sevgisinə qədər tövsiyyələrini,həm də bir böyük kimi atanın övlada nəsihəti misalı məsləhətlərini verdi.Balakənə təyinatının hələ ili tamam olmamış rəhbər,Balakənə,Balakənlilərə olan diqqəti,sevgisi,gələcəyinə qayğısı tələbələrə-Harda olsanız,hansı işdə,vəzifədə çalışsanız da Balakəni unutmayın,rayonun inkişafı üçün əlinizdən gələni edin,dəstək olun-kimi fikirlərində, tövsiyyəsində aydın görünür.Əlbəttə bu torpaqda,rayonda yetişdikləri,onlara çəkilən valideyn əziyyətini,müəllim zəhmətini unutmamalıdırlar.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva 2025-2026-cı tədris ilinin yekunları və əldə olunmuş uğurlar barədə məlumat verib. Bildirilib ki, 2026-cı ildə rayon tam orta ümumtəhsil məktəblərini 769 şagird bitirib, onlardan 320 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 36 nəfər 500-dən, 14 nəfər isə 600-dən çox bal toplayıb. Eyni zamanda XI sinifi bitirən iki məzun-Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olan Padarov Məhəmməd Ruslan oğlu və Muqumov Şamil Eldar oğlu təhsildə qazandıqları uğurlara görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Qızıl nişana layiq görülüb.Bu sevindirici,qürur verici haldır.Qəbələ,Oğuz,Qax məzunları 1,Zaqatala isə heç qızıl nişanı yox ikən, rayonun iki məzunun uğuru Balakəndə təhsilə olan marağın,önəmin,diqqətin,bölgədə rayon təhsilinin səviyyəsinin nümunəsidir.
Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunları olan Ocaxverdiyeva Sərvim Arzu qızı, İsaxəliyeva Havva Rəfayıl qızı, Yunisli Xəzri Səid oğlu, Muradlı Gülər Sənan qızı, Mirzəliyeva Sona Rahib qızı, İmadəddin Nəsimi adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Qarayev Hikmət Mayis oğlu, Akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli ümumtəhsil məktəbinin məzunları Məmmədova Səbinə Elşad qızı, Şirbidova Qumru Akif qızı, Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin məzunları İsmayılova Reyhan Pərviz qızı, Verdiyeva Elmira Əfqan qızı, Qaravəli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Alqayeva Aliyə Fərhad qızı, Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta ümumtəhsil məktəbinin məzunu Eminov Məhəmməd Murad oğlu, Qazma kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Şabanova Gülçin Elçin qızı və Katex kənd Mübariz Şabanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Nurayeva Zəhra Ilqar qızı ali məktəblərə qəbul imtahanlarında 600 baldan çox nəticə göstərib.Bu il rayon üzrə ən yüksək,676 bal toplayaraq tələbə adını qazanan Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin məzunu Sərvim Arzu qızı Ocaxverdidir.O,Azərbaycan Tibb Universitetində müalicə işi üzrə ali təhsil alacaq.
Eyni zamanda bildirilib ki, təhsil göstəriciləri aşağı olan və ya müsabiqədən keçə bilməyən məzunlar kolleclərə və pəşə təhsili mərkəzlərinə yönləndirilir. Bu təhsildən kənarda qalan gənclərin sayının minimuma endirilməsi, onlara praktiki peşə vərdişlərinin aşılanması və ixtisaslı texniki kadrların yetişdirilməsi məqsədi daşıyır. Həmçinin vurğulanıb ki, İmadəddin Nəsimi adına şəhər 2 nömrəli, Akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli, Qarahacılı, Qaysa, Mahamalar və Qazma 1 nömrəli kənd tam orta ümumtəhsil məktəblərində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Burada əsas məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnirlər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edir.
Tədbirdə digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar. Tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Balakən Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.
Yeni Balakən














Leave a Reply