Balakən şəhərinin ən gözəl guşələrindən biri olan Mədəniyyət və İstirahət Parkı 27 hektarlıq ərazisi ilə həm sakinlərin, həm də qonaqların sevimli istirahət məkanıdır. Burada uzunömürlü, həmişəyaşıl ağaclar, gül kolları və qazon örtüyü parkı yaşıl cənnətə çevirir. Yaşıllığın sirri isə sudadır – oksigen, gözəllik və sərinlik məhz su ilə mümkündür.
Keçən ay Balakən çayının daşması nəticəsində yaranan sel fəlakəti parkı da zərərsiz qoymadı. Ərazinin bəzi hissələri lillənmiş, su xətlərində qırılmalar baş vermişdi. Üstəlik, yağışsız günlər parkın yaşıllığının sulanmasında çətinlik yaradırdı.
Bu gün səhər saatlarında rayon icra hakimiyyətinin təşəbbüsü ilə kiçik iməcilik təşkil olundu. Parkın təmizlənməsi, sulanması, qırılan su xətlərinin bərpası həyata keçirildi. İstər rəhbər, istər işçi – hər kəs bu xeyirxah işə qoşuldu, hərə bir işin qulpundan yapışdı. Bu həm əməkdaşlıq, həm də təbiətə sevgi nümunəsi idi.
Parkın gələcəkdə daha da gözəlləşdirilməsi, xidmət və əyləncə sahələrinin artırılması nəzərdə tutulur. Aidiyyəti təşkilatlar onun abadlaşdırılması, sulanması və təmizliyi üçün çalışacaq. Lakin bu iş yalnız onların deyil, həm də sakinlərin borcudur. Çünki parkı qorumaq, zibilləməmək, yaşıllığı qırmamaq hər birimizin vətəndaşlıq məsuliyyətidir.
Bizdən sonrakı nəsillərin də bu gözəllikdən faydalanmaq haqqı var. Ona görə də gəlin, gələcəyin haqqına girməyək – bizə əmanət edilən bu yaşıllığı salamat şəkildə gələcək sahiblərinə çatdıraq. 🌱
Yeni Balakən



















Leave a Reply