Balakəndə sənətkarlıq və kiçik ailə biznesinə yeni nəfəs
Rayon Mədəniyyət və İstirahət parkında bu gün keçirilən tədbir Balakənin sənətkarlarını, kiçik ailə biznesi sahiblərini, ABAD əməkdaşlarını və rayon rəhbərliyini bir araya gətirdi. Bu görüş sadəcə bir toplantı deyildi – bölgənin gələcək iqtisadi və mədəni inkişafı üçün yeni yol xəritəsinin müzakirəsi idi.
Rayon rəhbəri Natiq Ağayev çıxışında Balakənin özünəməxsus məhsullarının ölkə və dünya miqyasında tanıdılması üçün ideyalar irəli sürdü.Məsələn o, xalçaçılıqla məşğul olanların Balakənin tarixi və təbiətini əks etdirən hədiyyəlik xalçalar hazırlamasını, konserv istehsalçılarının isə yemişan, böyürtkən kimi bölgəyə məxsus meyvələrdən mürəbbə və cem istehsal etməsini xüsusi vurğuladı. Bu təşəbbüslər Balakən brendinin formalaşmasına, turizmin inkişafına və yerli iqtisadiyyatın güclənməsinə xidmət edəcək.
Rəhbər özəl sektorun inkişafına dəstəyini açıq şəkildə ifadə etdi. O, Balakəndə şaxəli və əlaqəli istehsalın yaranmasının vacibliyini qeyd etdi. Turizm xidmətləri göstərən ailəvi istirahət məkanlarının öz qida məhsullarını istehsal etməsindən tutmuş, bu xidmətlərin digər bölgələrdə də Balakən brendi adı altında göstərilməsi, yerli brendin ölkənin müxtəlif bölgələrində tanıdılması Balakənin iqtisadi gücünü artıracaq.
Maddi və mənəvi dəstək
İş adamları üçün vacib olan iki dəstəkdən biri maddi dəstəkdirsə, bunu dövlət qurumları təmin edir. İkinci dəstək isə mənəvi dayaqdır – rəhbərin hər görüşündə iş adamlarının yanında olduğunu hiss etdirməsi. Bu, sahibkarların motivasiyasını artırır, onları daha böyük uğurlara aparır. ABAD Mərkəzinin Layihələrin İnkişafı Departamentinin müdir müavini Ləman Şirinova yaradılmış şəraitə görə rayon rəhbərinə təşəkkürünü bildirməklə bu sahəyə Balakən rayonunda daha da çox diqqətin ayrılacağını bildirdi.
Sənətkarlıq evinin dirçəlişi
Tədbirdə diqqətçəkən məqamlardan biri də uzun illər istifadəsiz qalan, 2007-ci ildə tikilmiş Sənətkarlıq evinin təmir edilərək sənətkarların istifadəsinə verilməsi oldu. Bu məkan sənətkarların həm yaradıcılıqla məşğul olacağı, həm də hazırladıqları əl işlərini sərgiləyib satacağı yeni bir mərkəzə çevriləcək. Parkın axşam saatlarında daha çox ziyarət edildiyini nəzərə alaraq, Sənətkarlıq evinin işıqlandırılması və reklam materialları ilə işlənərək burda həyatın canlandırılması planlaşdırılır.
Belə tədbirlərin keçirilməsi onu göstərir ki, Balakən sənətkarlarının və kiçik ailə biznesi sahiblərinin bir araya gəlməsi, dövlət dəstəyi ilə yeni ideyaların həyata keçirilməsi bölgənin gələcəyinə böyük ümidlər bəxş edir. İşıq saçan Sənətkarlıq evi, Balakənin brendinə çevriləcək məhsullar və yaradıcı ideyalar rayonumuzun gələcək uğurlarına aparan yolun başlanğıcıdır.
Bu günkü tədbirin təəssüratlarını yazacaq olsaq – gələcəyin uğurlarına doğru atılan isabətli addımın şahidi olduq. Sənətkarların əl işləri, ailə bizneslərinin məhsulları, dövlətin dəstəyi və xalqın birliyi ilə Balakən brendi formalaşır. Bu brend rayonumuzun adını ölkədə və dünyada tanıdacaq, Balakəni mədəniyyət və iqtisadi inkişafın parlaq nümunəsinə çevirəcək.
Yeni Balakən












Leave a Reply