Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

ZARAFATA DÖNƏN BÖYÜK İMTAHANIMIZ!

Gəlin, Balakənimizin yaşıl gələcəyini və gözəlliyini birlikdə qoruyaq!
ZARAFATA DÖNƏN BÖYÜK İMTAHANIMIZ!

Hər il bu vaxtlar ölkədə böyük bir tədbirin məyusluqla bitən final mərhələsi yaşanır. Xeyr, söhbət hansısa çempionatdan getmir. Məsələ çox daha qəlizdir: qəbul imtahanlarının nəticələrinin elan olunması.

Bu sizə elə-belə elan olunma kimi gəlməsin. Söhbətin start mərhələsi imtahanın özündə başlayır. On bir il məktəbi oxuyursan, bir ətək pul tökürsən; üstündə valideyn basqısı, müəllim nəzarəti, əsgərlik məsələsi, gəlin köçmək söhbəti — bunları düşünə-düşünə gedirsən imtahana. Açırsan sual kitabçasını və ilk andaca sənə elə gəlir ki, bu, sadəcə, bir zarafatdır. Çünki ilk anda görürsən ki, bu suallar sənlik deyil. Ha gözləyirsən ki, kimsə ortaya çıxıb: “Əziz abituriyentlər, bu, bir zarafatdır” — desin. Görürsən ki, hamı ciddi işi ilə məşğul olur, boş xəyalları buraxıb girişirsən kitaba. Bir az düşünəndən sonra görürsən ki, lap o qədər də deyil, duyuq düşmək olur. Amma və lakin suallar çətindir.

Ən problemli məsələ də budur ki, bu suallar hər il daha da çətinləşir. Ədəbiyyatdan verilən sualları rəhmətlik Nizamiyə göstərsələr, “Xəmsə”ni yazmağına min peşman olar. Suallarda Məcnunu elə təqdim edirlər ki, Leyli ona o halda nəinki aşiq olmaz, hətta halına acıyıb ağlına dua oxuyar. Bizim dövrümüzdə informatika fənnindən sual düşmürdü, indi düşür deyirlər. İmtahandan gələn gənclərdən biri bu fəndən düşən sualların çətinliyini izah etdi. Sizi inandırım ki, o sualı o formada nəinki o gənc, heç NASA-da həll edə bilməzdilər. İlon Mask-a o sualı versələr, qazandığı pula lənət oxuyub kosmosla əlaqəsini kəsərdi. Bu sualları hazırlayanlar, hər halda, alimlərdir və mənim hər imtahandan sonra AMEA-ya olan ümidim daha da artır. Belə suallar hazırlamağı bacaran alimə atomu versən, elə parçalayar ki, heç tikəsini də tapmazlar.

Sualların çətinliyi fonunda daha bir maraqlı məqam isə hər il qəbul ballarının və təhsil haqlarının artmasıdır. Ortabab bir universitetdə İKT mütəxəssisi ixtisasını oxuyan bir gənc 500-dən yuxarı bal yığıb ildə 5 min manat oxuma haqqı verməlidir. Sanki mütəxəssis yox, Kosmik Agentlik üçün astronavt hazırlanır. Humanitar ixtisaslarda vəziyyət daha bərbaddır. Ölkəmizin marketlər şəbəkəsi ali təhsilli şəxslərin karyera mərkəzlərinə çevrilib. Məsləhət görürəm, belə marketləri çox da diqqətdən qaçırmayın. Çalışın ordakı əməkdaşlarla elmi dialoqlar aparın, çox şey öyrənəcəksiniz. Zarafat etmirəm, bu, həqiqətən belədir.

Zarafat demiş, deyirlər, bir gün Molla Nəsrəddin yolla gedərkən arxasından gələn bir yekəpər adam onun boynunun arxasına bir şillə ilişdirir. Molla arxaya çevrilib sual verir:

— Zarafat edirsən?

Adam da qayıdır ki:

— Yox.

Molla da deyir:

— Ay sağ ol, mənim də belə zarafatlardan xoşum gəlmir.

Müəllif: Zeynal

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir