Balakəndə maarifləndirici panel müzakirəsi keçirilib
Cəmiyyətin hüquqi biliklərinin artırılması, vətəndaş məsuliyyətinin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizədə ictimai fəallığın təşviqi məqsədilə Balakən rayon Mədəniyyət Mərkəzi və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə – cəmiyyətin ictimai mövqeyi” mövzusunda açıq panel müzakirəsi keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qurumlarının məsul nümayəndələri, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də fəal gənclər iştirak ediblər. Paneldə Balakən rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas Qabil Əlizadə, Balakən rayon prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Famil Əhmədli, Dövlət Təhlükəsizlik Xidmətinin baş leytenantı Asif Alagözov, ASAN Xidmətin Vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi Nərmin Sarıyeva və digər rəsmi şəxslər iştirak edərək mövzu ətrafında fikir və təkliflərini bölüşüblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra korrupsiyanın cəmiyyətə vurduğu zərərdən və onun ağır fəsadlarından bəhs edən maarifləndirici videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şəfəq Hacıyeva korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə bu sahədə hüquqi əsasların formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, korrupsiya və vəzifə cinayətlərinə qarşı mübarizə mövzusunu əks etdirən “İstintaq” filmi də həmin dövrün diqqətçəkən nümunələrindən olub.
Şəfəq Hacıyeva bildirib ki, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət idarəçiliyində şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, ASAN xidmət modelinin tətbiqi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi korrupsiyaya qarşı mübarizədə mühüm nəticələrin əldə olunmasına şərait yaradır. O, həmçinin mədəniyyət müəssisələrində həyata keçirilən maarifləndirici tədbirlər, dəyirmi masalar, diskussiyalar və tematik gecələrin vətəndaşlarda hüquqi şüurun formalaşdırılmasında xüsusi rol oynadığını diqqətə çatdırıb.
Məruzələrdən sonra keçirilən panel müzakirəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, qəbul olunmuş qanunlar və dövlət proqramları, şəffaflığın təmin olunması, vətəndaş məsuliyyəti və ictimai nəzarətin gücləndirilməsi məsələləri geniş müzakirə edilib. Tədbir çərçivəsində iştirakçılara “İstintaq” filmindən seçilmiş fraqmentlər nümayiş olunub, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər korrupsiyaya qarşı mübarizənin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ümumi vəzifəsi olduğunu qeyd edərək, hüquqi maarifləndirmənin, gənclərin fəallığının və hər bir vətəndaşın prinsipial mövqeyinin bu istiqamətdə mühüm rol oynadığını vurğulayıblar.
Sual-cavab formatında davam edən tədbirdə iştirakçılar onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər, korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılığın artırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda bildirilib ki, korrupsiyaya qarşı mübarizənin uğuru cəmiyyətin bütün təbəqələrinin birgə səylərindən asılıdır. Hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən biri olan şəffaflıq və hesabatlılığın təmin edilməsi istiqamətində maarifləndirici tədbirlərin davamlı keçirilməsi gələcəkdə də bu sahədə mühüm nəticələrin əldə olunmasına töhfə verəcək.
Yeni Balakən




















Leave a Reply