Gərgin zəhmətin nəticəsi – xalq üçün vicdanla xidmət
Uzun müddət davam edən gərgin iş və zəhmətdən sonra Balakən rayonunda içməli suyun verilişi bərpa olundu. Xətlərə suyun verilməsi rayon sakinləri üçün böyük sevinc və rahatlıq gətirdi. Bu uğurun arxasında isə görünməyən, lakin dayanmadan çalışan insanların fədakarlığı dayanır.
Rayon rəhbəri Natiq Ağayev məsuliyyətli və qətiyyətli yanaşması ilə prosesin başında oldu. O, üzdə söz verməsə də, arxa planda bütün gücü ilə çalışaraq respublika səviyyəsində aidiyyatı qurumları səfərbər etdi. Dəfələrlə dağa qalxaraq işlərin gedişini yerində izləməsi, sadə geyimi ilə işçilərin arasında olması onun idarəetməni mükəmməl bilməsi ilə yanaşı, xalqa vicdanla xidmət nümunəsi kimi yadda qaldı.
Əsl zəhmət sahədə idi
Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsi, idarənin rəisi Eldəniz Xudeynatov, Qəza Bərpa Xidmətinin rəisi Səfa Dibirov, traktorçular Eşqin və Carullah, su ustası Ramiz, böyük “HUNDAY” markalı traktorun operatoru Ramiz, usta Fərhad Xalayev və adlarını bilmədiyimiz digər mütəxəssislər hər gün səhər saat 7-dən gecə düşüncəyə qədər çalışaraq suyun verilişini təmin etdilər. Onlar selin vurduğu ziyanı aradan qaldırmaq, yolları və xətləri bərpa etmək üçün yorulmadan mübarizə apardılar.
Balakənlilərə çağırış
Artıq nəticə əldə olunub – Balakənə içməli suyun verilişi təmin edilib. Bildiyiniz kimi, 10 gün idi xətlər boş idi, hər yerdə su krantları açıq qalmışdı. Hörmətli Balakənlilər, xahiş olunur sudan istifadə etdikdən sonra krantları bağlayasınız. Unutmayın ki, sizin kimi suya ehtiyacı olan digər insanlar da var. Boruların dolması və suyun hər kəsə çatması üçün israfdan qaçmaq vacibdir.
Bu 10 gündə su qıtlığından hər kəs əziyyət çəkdi. İndi isə suyun dəyərini bilməli, onu qorumağı öyrənməliyik. Çünki bu zəhmət, bu fədakarlıq yalnız bir nəticə üçün idi – Balakənlilərin rahatlığı və sağlamlığı üçün.
Yeni Balakən















Leave a Reply