İllər keçdikcə elm və texnika sürətlə inkişaf edir. Müasir avadanlıqlar, yüksək texnologiyalar insanların rahatlığı, komfortu və sağlam həyatı üçün yaradıldığı deyilsə də, paradoksal bir mənzərə ortaya çıxır: həyat daha çox təhlükəyə məruz qalır, ekoloji kirlilik artır, gündəlik yaşayış çətinləşir. Deməli, inkişafla yanaşı unudulan dəyərlər də var – mədəniyyət, düşüncə, tərbiyə, ağıl və məsuliyyət.
Balakən gözəl rayondur, insanları saf və imanlıdır. Rayonun tarixi 1930-cu ildən başlayır, müxtəlif inzibati dəyişikliklərdən keçsə də, 2000-ci ildən sonrakı “qızıl onillikdə” sürətli inkişafla şəhərsalma yönündən gözəlliklərə sahib olmuşdur: parklar, yaşıllıqlar, işıqlı küçələr, səliqəli səkilər. Lakin bu inkişafın fonunda yeni problemlər də üzə çıxır. Demoqrafik artım o qədər nəzərə çarpmasa da, avtomobillərin sayı sürətlə çoxalıb. Küçələrdə sıxlıq, tıxac, hava və səs kirliliyi, avtoqəzalar artıb. Bu, maddi imkanların artması ilə düşüncənin azalmasının bariz nümunəsidir.
Ən acınacaqlı mənzərələrdən biri isə şəhər küçələrində başıboş dolaşan inəklərdir. Sanki maşınların yaratdığı maneələr azmış kimi, bu heyvanlar da qəza şəraiti yaradır, yaşıllıqları məhv edir, şəhərin ortasında peyin yığını qoyub gedirlər. Heyvanın ağlı yoxdur, bəs sahibinin? Mal-qaranın baxımsız, nəzarətsiz küçələrə çıxması həm rayonun infrastrukturuna ziyan vurur, həm də sahibini cərimələrlə üzləşdirir. Ən təhlükəli məqam isə magistral yollarda baş verir. Balakəndən keçən beynəlxalq yük maşınlarının qarşısına çıxan inək bir anda həm öz həyatını, həm də minlərlə manatlıq yükün taleyini məhv edə bilər. Zərərin miqyasını ən yaxşı heyvan sahibi bilir.
Son zamanlar şəhərdə çoxalan mal-qara əsasən yaxın kəndlərdən gəlir. Əvvəllər belə heyvanlar tutulub köhnə binanın həyətində saxlanılır, sahibinə cərimə tətbiq edilirdi. Görünür bu tədbir yumşaq idi. Daha sərt tədbirlər qaçılmaz görünür. Məsələn, xəbərdarlıqdan sonra təkrar küçəyə çıxan heyvanın kəsilərək uşaq evlərinə, internat məktəblərinə xeyriyyə məqsədilə verilməsi həm sosial fayda gətirər, həm də məsuliyyətsizliyə son qoyar. Çünki məsuliyyətsizlik nəticəsində itki qaçılmazdır.
Balakənin inkişafı göz qabağındadır, lakin bu inkişafı kölgələyən məsuliyyətsizliklər aradan qaldırılmalıdır. Küçələrdə başıboş dolaşan mal-qara yalnız şəhərin simasını deyil, insanların təhlükəsizliyini də təhdid edir. İnkişafın yanında mədəniyyət, düşüncə və məsuliyyət də olmalıdır. Əks halda, texnologiyanın gətirdiyi rahatlıq, küçələrdəki bir inəyin məsuliyyətsizliyi ilə bir anda alt-üst ola bilər.
Unutmayaq: bir inəyin küçəyə çıxması sadəcə bir heyvanın məsuliyyətsizliyi deyil, sahibinin düşüncəsizliyinin göstəricisidir. Hər birimiz bu şəhərin, bu rayonun gələcəyinə cavabdehik. Balakənin işıqlı küçələrində, yaşıllıqlarında, parklarında gəzən uşaqların təhlükəsizliyi hər şeydən önəmlidir. Əgər biz məsuliyyəti unudsaq, inkişafın gətirdiyi gözəlliklər də bir gün mənasını itirəcək.
Ramazan Abal











Leave a Reply