Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndən Günəbaxan Yağ Zavoduna Uzanan Yol – Sahibkarın Dövlət Proqramına Cavabı

Balakəndən Günəbaxan Yağ Zavoduna Uzanan Yol – Sahibkarın Dövlət Proqramına Cavabı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bölgələrdə geniş müzakirə olunur. İyunun 23-də Şəki-Zaqatala iqtisadi rayonunda keçirilən regional müşavirədə dövlət qurumlarının nümayəndələri, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermerlər və sahibkarlar iştirak edərək proqramın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Müşavirədə iştirak edənlər arasında Balakənli iş adamı Sərxan Kəltəpə də vardı. O, 2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İlk illərdə əkin-biçinlə başlayan yolunu 2017-ci ildən qarğıdalı toxumunun idxalı və satışı ilə genişləndirib. Ardınca aqrokimyəvi maddələrin, kənd təsərrüfatı üçün aqreqatların, ehtiyat hissələrinin, pilot suvarma sistemlərinin idxalı və satışı ilə fəaliyyətini daha da böyüdüb.

2020-ci ildə isə Azərbaycanın ilk hibrid qarğıdalı toxumunu istehsal edərək əkininə başladı. Bu toxum bölgənin şəraitinə uyğunluğu və yüksək məhsuldarlığı ilə fermerlər arasında geniş yayılıb. 2021-ci ildə müasir toxum zavodu və qarğıdalı, paxlalı bitkilərin qurudulması müəssisəsini quraraq istehsal həcmini artırdı. 2024–2025-ci illərdə respublikanın bir neçə bölgəsində iri həcmli pilot sistemləri quraraq yerli istehsal sahələrini daha da inkişaf etdirdi.

Sərxan Kəltəpə Dövlət Proqramı çərçivəsində yeni layihələrə start verib. Onun ən böyük təşəbbüsü Balakəndə Günəbaxan Yağ Zavodunun qurulmasıdır. Hazırda Kürdəmir rayonunda günəbaxan əkini üçün sahələrdə suvarma sistemləri quraşdırılır, Balakəndə isə zavodun layihələndirilməsi və sifariş işləri davam edir. Zavodun 2027-ci ildə tam gücü ilə fəaliyyətə başlaması, xammal və hazır məhsul anbarlarının, istehsal xətlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu müəssisə təkcə Balakən deyil, ətraf bölgələrin də məhsullarını emal edəcək.

Sahibkar bununla kifayətlənməyəcəyini, gələcəkdə ətçilik, südçülük və quşçuluq sahələrində də orqanik məhsullar istehsal edərək ölkənin ərzaq təminatına töhfə verəcəyini bildirib. Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən Sərxan Kəltəpə, öz əməli fəaliyyəti ilə bu çağırışa cavab verdiyini vurğulayıb.

Ali təhsilini biznesin idarə edilməsi üzrə almış, maliyyə sahəsində magistr dərəcəsi qazanmış iş adamı ailə dəyərlərinə də bağlıdır. O, evli, bir oğlu və üç qızı olmaqla dörd övlad atasıdır.

Yeni Dövlət Proqramı çərçivəsində bölgələrdə həyata keçirilən layihələr Azərbaycanın aqrar potensialını daha da gücləndirəcək. Balakənli sahibkar Sərxan Kəltəpənin təşəbbüsləri isə bu inkişafın canlı nümunəsidir. Onun qurduğu müəssisələr və planlaşdırdığı layihələr həm regionun, həm də ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

                                                     Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir