Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakən Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Sentyabrın 22-də Balakən Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyevin şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edib. Gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu qeyd edib. Ağsaqqalları rayonun ictimai-siyasi və sosial-mədəni həyatında daha fəal iştirak etməyə çağırıb.

Professor Vahid Novruzov Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayından, ölkə başçısı cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciətdən və bu müraciətdə ağsaqqallara verdiyi yüksək dəyərdən söz açıb.

Konfransda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının sədri və təftiş komissiyasının üzvləri səsvermə ilə seçiliblər.Sonda xatirə şəkil çəkildi.

                                         Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir