Balakəndə Qurban Bayramının İlk Günündə Yeni Kəsim Məntəqəsi Açıldı

Balakəndə Qurban Bayramının İlk Günündə Yeni Kəsim Məntəqəsi Açıldı

Balakən rayonuna başçı təyin olunan Natiq Ağayev ilk gündən etibarən rayonun ehtiyaclarını öyrənməyə, problemləri ilə maraqlanmağa və onların həlli istiqamətində qətiyyətli addımlar atmağa başladı. Onun ideyası və təşəbbüsü ilə ərsəyə gələn kəsim məntəqəsi bu gün – Qurban bayramının ilk günü istifadəyə verildi. Bu, Balakənlilərə bayram hədiyyəsi oldu.

Məntəqənin ilk kəsimi də qurbanlıq heyvanlarla başladı. Rayon İcra Hakimiyyətinin əzmkarlığı nəticəsində yaradılan bu məntəqədə ilk qurbanlıq heyvanın təkbiri oxundu, bütün niyyətlərin və saleh əməllərin Allah tərəfindən qəbul olunması üçün dualar edildi.

Tədbirdə Balakən RİH nümayəndələri, millət vəkilinin nümayəndəsi, məhkəmə təmsilçiləri, din xadimləri, şəhid ailələri, qazilər, ağsaqqallar və QHT-lər iştirak edərək məntəqənin açılışına xeyir-dua verdilər. Vətəndaşlar gətirdikləri iri və xırda buynuzlu heyvanları burada kəsdirmək imkanı qazandılar. Balakən DAİM-in baytarları heyvanları yoxlayaraq qida təhlükəsizliyini təmin etdi,AQTA, AXA nümayəndələri və Balakən GEM rəhbərliyi isə prosesi nəzarətdə saxladı.

Yeni kəsim məntəqəsi Balakən–Gürcüstan yolunun üzərində, Qullar kəndində köhnə kərpic zavodu adlanan ərazidə yerləşir. Burada həm mal bazarı, həm də kəsim məntəqəsi fəaliyyət göstərəcək. Gələcəkdə bazardan mal alan istər fərdi vətəndaş, istərsə də ət satışı ilə məşğul olan ticarətçilər natəmiz işlərdən azad olacaq, həkim və baytar nəzarətində peşəkar qəssabların gigiyenik xidmətindən yerindəcə faydalanacaqlar.

Bu addım Balakənin sosial və dini həyatında mühüm yenilikdir. Qurban bayramının ilk günündə istifadəyə verilən kəsim məntəqəsi həm dini dəyərlərə hörmətin, həm də vətəndaşların rifahına göstərilən diqqətin bariz nümunəsidir.

Bayramın sevinci, təmizlik və birliklə tamamlandı. Allah bütün niyyətləri qəbul etsin, Balakənə daha çox xeyirli işlər nəsib etsin.

                                                                             Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir