Qazıntı var, asfalt yoxdur

qazıntı var, asfalt yoxdur

Balakənin Füzuli küçəsi: qazıntı var, asfalt yoxdur
Balakən şəhərinin mərkəzində yerləşən Füzuli küçəsi illərdir sakinlərin gündəlik narazılığına səbəb olur. Küçədə aparılan kommunal işlər nəticəsində yolun səthində qazıntılar aparılıb, boru xətləri çəkilib, təmir işləri görülüb. Lakin bütün bu işlərin sonunda asfalt örtüyünün bərpası unudulub.
Yarımçıq işlər, yarımçıq məsuliyyət
Bir müddət əvvəl küçə sakini yeni inşa etdiyi mənzilinə su çəkdirmək üçün Asan Xidmət vasitəsilə Meliorasiya və Su Təsərrüfatı xidmətinə müraciət edib. Su çəkilib, işlər tamamlanıb, quyunun üstü qumla örtülüb… və məsələ bununla bitib. Asfalt isə bərpa olunmayıb.
Eyni vəziyyət bir qədər aşağıda da yaşanıb. Yolun altından keçən boru xəttində sızma baş verib, su səthə qalxaraq asfaltı korlayıb, sürətlə hərəkət edən maşınların təkərlərindən sıçrayaraq səkidən keçən insanların üzərinə tökülüb. Xətt təmir olunub, üstü yenə qumla örtülüb, amma asfalt yenidən çəkilməyib.
Nəticədə hər iki qazıntıya tökülən qum yağışlı havada palçığa, quru havada isə toza çevrilərək həm sakinlərə diskomfort yaradır, həm də küçənin görkəmini eybəcər hala salır. Bu, sadəcə estetik problem deyil, həm də sağlamlıq və təhlükəsizlik məsələsidir.
Yağış boruları küçəni batırır
Küçənin daha bir problemi isə Füzuli küçəsi ilə C. Məmmədquluzadə küçəsinin kəsişməsindədir. Burada yeni məskunlaşmış bir sakinin həyətindəki yardımçı tikilinin damından yağış suları birbaşa küçəyə axıdılır. Hər yağış yağanda küçədən keçən insanlar ikiqat əziyyət çəkir: həm yağışın islatması, həm də borudan tökülən suyun batırması.
Bu, sadəcə narahatlıq deyil, həm də insanlara qarşı hörmətsizlikdir. Belə hallarda su ötürücü arx və ya kanalizasiya xəttinə yönləndirmə aparılmalıdır. Əks halda, bu davranış həm qonşulara zülm, həm də şəhərin ümumi görünüşünə zərbədir.
Sakinlərin haqlı sualı
Balakənlilər haqlı olaraq soruşur: niyə qazılan yerlər qumla örtülüb, asfalt isə unudulur? Niyə işlər yarımçıq saxlanılır? Küçənin bərpası, asfalt örtüyünün yenilənməsi və yağış sularının düzgün istiqamətləndirilməsi həm sakinlərin rahatlığı, həm də şəhərin ümumi görünüşü üçün vacibdir.

Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir