Əli Ansuxski – Dövlətə sədaqətin və xeyirxahlığın simvolu
Müstəqil Azərbaycanın dövlət quruculuğu salnaməsində özünəməxsus iz qoymuş, xalqın rəğbətini qazanmış fədakar dövlət xadimi, siyasətçi və tanınmış xeyriyyəçi Əli Abdulqədir oğlu Ansuxskinin faciəli ölümündən sabah düz 30 il keçir. 1996-cı ilin 26 fevralında Bakının mərkəzində amansız sui-qəsd nəticəsində həyatdan vaxtsız qoparılan Əli Ansuxski, ölkəmizin ən mürəkkəb və taleyüklü illərində sarsılmaz dövlətçilik mövqeyi ilə seçilən şəxsiyyətlərdən biri idi.
O, Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna dərindən inanmış və bu yolun ən sadiq tərəfdarlarından biri kimi ölkədə sabitliyin bərqərar olması, qanunçuluğun möhkəmləndirilməsi naminə var qüvvəsi ilə çalışmışdır. Milli Məclisin deputatı olduğu dövrdə yalnız qanun yaradıcılığı prosesində deyil, həm də xalqla dövlət arasında möhkəm körpülərin qurulmasında müstəsna rol oynamışdır. Onun təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyaları bu gün də dərin hörmətlə xatırlanır.
Təkcə Balakən və Zaqatala bölgəsində deyil, bütün respublikada böyük nüfuza malik olan Əli Ansuxski, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli birlik və həmrəylik siyasətinin ən fəal təbliğatçısı və icraçısı kimi tanınırdı. Onun xeyriyyəçilik fəaliyyəti, kimsəsizlərə və ehtiyacı olanlara göstərdiyi maddi-mənəvi dəstək, bölgənin infrastrukturunun yenilənməsindəki şəxsi təşəbbüsləri onu insanların qəlbində əbədiləşdirmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin regionun ən qüdrətli dövlətinə çevrilməsi, vaxtilə Əli Ansuxski kimi dövlətə sadiq insanların ən böyük arzusu idi. Müzəffər Ali Baş Komandan bu arzunu gerçəkləşdirərək istiqlalımızı möhkəmləndirdi. Şübhəsiz ki, bu gün Əli Ansuxskinin də ruhu şaddır.
Onun vəfatından 30 il keçməsinə baxmayaraq, xatirəsi həm dövlət səviyyəsində, həm də təmsil etdiyi xalqın yaddaşında ehtiramla anılır. Əli Ansuxski Azərbaycan dövlətçilik tarixinə cəsarətli millət vəkili, sadiq silahdaş və böyük vətənpərvər kimi adını həkk etdirmişdir.
Əli Ansuxski – dövlətə sədaqətin, xalqa xidmətin və xeyirxahlığın parlaq nümunəsi olaraq yaddaşlarda yaşayır. Onun ömür yolu gələcək nəsillərə bir örnəkdir. Ruhu şad olsun!
Yeni Balakən









