Yaxşı rəhbəri qoruyaq – Balakən üçün dəyərli bir fürsət
Balakən rayon icra hakimiyyətində hər həftənin üçüncü günü rayon rəhbəri tərəfindən vətəndaş qəbulu keçirilir. Bu qəbul günləri sadəcə bir inzibati prosedur deyil, insanlarla dövlət arasında körpü rolunu oynayan mühüm bir məqamdır.
Uzun illər ərzində əvvəlki rəhbərlik dövründə həll olunmamış məsələlər, yanlış yanaşmalar, məmur səlahiyyətlərindən sui-istifadə halları vətəndaşlarda hökumətə inamı azaldırdı. Lakin yeni təyin olunan icra başçısı Natiq Ağayevin dövlət adamı kimi səmimiyyəti, rayona və insanına sevgisi, hər bir vətəndaşa ağsaqqal kimi yanaşması bu inamı yenidən bərpa etdi. Onun hər qəbulda insanları dinləməsi, dərdlərinə şərik olması, səmimi davranışı Balakənlilərdə rəhbərə, rəhbərin timsalında isə hökumətə güvən yaratdı.
Bu gün hər qəbulda çox sayda vətəndaş iştirak edir. İnsanlar inanırlar ki, onların problemi diqqətlə dinləniləcək, həll yolları araşdırılacaq. Amma unutmamalıyıq: Natiq müəllim də insandır. O da yorulur, hər gün müxtəlif dərdləri dinlədikcə ürəyi yüklənir. Onun məqsədi Balakən üçün keyfiyyətli iş görmək, vicdanlı məmur kimi xalqa xidmət etməkdir.
Təəssüf ki, bəzən vətəndaşlar qəbula aidiyyatı olmayan məsələlərlə gəlirlər. Kimi iş yerində ona “çömçəquyruq” deyildiyini şikayət edir, kimi bankdan kredit götürmək üçün icra hakimiyyətindən zaminlik istəyir, kimi isə şəxsiyyət vəsiqəsində ünvan səhv yazıldığına görə icra başçısına müraciət edir. Bu cür məsələlər nə icra hakimiyyətinin səlahiyyətinə daxildir, nə də rəhbərin həll edə biləcəyi problemlərdir. Belə müraciətlər həm digər vətəndaşların vaxtını alır, həm də rəhbəri lazımsız yorğunluğa salır.
Unutmayaq: icra başçısının əlində sehirli çubuq yoxdur ki, istənilən problemi bir toxunuşla həll etsin. O, sovet dövrünün birinci katibləri deyil ki, kolxoz sədrinə tapşırıq verib hər işi təşkil etdirsin. Bu günün idarəetmə sistemi fərqlidir, hər problemin öz aidiyyatı qurumu var.
Ona görə də gəlin yaxşı rəhbəri qoruyaq. Onu mənasız məsələlərlə yormayaq. Tanış-bilişlərimizi də başa salaq ki, qəbula yalnız həqiqətən icra hakimiyyətinin səlahiyyətinə aid olan problemlərlə gəlsinlər. Kiçik, şəxsi, aidiyyatsız məsələlər üçün doğru ünvanlara müraciət etsinlər.
Balakən bu gün şərəfli, vicdanlı bir rəhbərin diqqətindədir. Bu fürsəti dəyərləndirək. Çünki yaxşı rəhbər hələ bizə çox lazımdır.
Ramazan Abal








