Balakəndə şəhid ailələri ilə səmimi görüş
Bu gün Balakən Rayon İcra Hakimiyyətində (RİH) şəhid ailələri ilə geniş tərkibdə görüş keçirildi. Görüşdə həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsinin şəhid ailələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Natiq Ağayev şəhid ailələrini görməkdən və tanımaqdan məmnunluq duyduğunu bildirdi. O, hər bir ailəni dinləməyə, onların problemlərinə dəstək olmağa və kömək etməyə hazır olduğunu vurğuladı.
Başçı öz həyat yolundan da söz açaraq 35 ilini hərbi xidmətə həsr etdiyini, Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, Dövlət Təhlükəsizlik Xidmətində mühüm tapşırıqlar yerinə yetirdiyini qeyd etdi. “Müharibə mövzusu mənə yad deyil, od-alovun içindən çıxmışam,” – deyə o, şəhid ailələrinin dərdini daha dərindən anladığını ifadə etdi.
Sadəliyi və təvazökarlığı ilə seçilən Natiq müəllim işçilərinə və digərlərinə ona “cənab başçı” deyə müraciət etməyi qadağan edərək, xalqa xidmət üçün göndərildiyini, səmimiyyətini isə tədbir boyu ayaq üstə dayanaraq göstərdi. İki saata yaxın davam edən görüşdə şəhid ailələrinin problemləri dinlənildi, bir çox məsələlərin yerindəcə həllinə göstəriş verildi, digərlərinə isə qanun çərçivəsində izahlar verildi.
Başçı ailələrə tövsiyə edərək bildirdi: “Şəhidlik müqəddəs məqamdır. İcazə verməyin ki, kimlərsə bu adı şəxsi məqsədləri üçün istifadə etsin.”
Şəhid ailələrinin irəli sürdüyü təkliflərin bir çoxu artıq Balakən üçün planlaşdırılan işlər siyahısında idi. Natiq Ağayev yaxın günlərdə rayonun su-kanalizasiya sisteminin yenidən qurulacağını, su probleminin həll olunacağını müjdələdi.
Çıxış edən ailələr başçını “Balakənə xoş gəldiniz” sözləri ilə salamlayaraq ona uğurlar arzuladılar. Cavabında Natiq Ağayev vurğuladı: “Çalışdığım bütün sahələrdə birinci olmuşam, ən yüksək mükafatlara layiq görülmüşəm. Burada da üzü ağ, alnı açıq işləyəcəyəm. Fəaliyyətim həm sizlər həm də Prezident qarşısında şəffaf olacaq və bunu bütün qurumlardan da tələb edəcəyəm.”
O, Balakənə təyin olunmağından qürur duyduğunu, yeni iş yerlərinin açılacağını, rayonun nümunəvi bölgəyə çevriləcəyini bildirdi. “Əziz şəhid ailələri, mənim uğurlarımda sizin dəstəyiniz vacib və arzulanandır. Güvənimiz qarşılıqlı və dəyərlidir,” – deyə icra başçısı çıxışını tamamladı.
Yeni Balakən
P.S.Bəziləri vardır ki,birlikdən,gücdən qorxarlar,xoflanırlar,əndişə duyarlar- halbuki bu güclə dost olmaq,bundan yaxşı məqsədlərdə istifadə etmək varkən.Bunlardan biri olan sabiq başçı İslam Rzayev,şəhid ailələrinin Balkəndə böyük güc olduğunu görərək bundan hər zaman narahat idi.Bəzilərinin xətalarından,eqosundan məhərətlə istifadə edən sabiq başçı şəhid ailələrini üç yerə bölüb birini digərinə qarşı qoyaraq,-Parçala,hökm et!-prinsipi ilə qarşısına çıxacaq tək gücü də neytrallaşdırmışdı.Qruplar arası körüklənən bixoş münasibət çox da dərinləşmədən,səbəbkar və “maşa”lar bu bədbəxtçilik üzərində qurulan “xöşbəxliyin” “həzzini” yaşarkən bir anda rayonda maskalı doktorlar peyda oldu və artıq sancı verməyə başlayan bu “kör bağırsağı” əməliyyat etdilər..
İlkin peşə etibarıyla həmən doktorlardan olan Natiq Ağayevə qalan isə əməliyyat sonrası da steril şəraiti yaratmaqla reanimasiya prosesini uğurla tamamlamaq,xəstə idarəetməni tam sağaldaraq həyata bəxş etməkdir.









