Balakəndə Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub

15 İyun – Milli Qurtuluş Günü Balakəndə təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş nitqi ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 1993-cü ilin iyun hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin ölkəni siyasi böhrandan xilas etdiyini və sabitlik, inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın təməlləri məhz həmin dövrdə qoyulub, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Daha sonra çıxış edən Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, rayon ağsaqqalı Rəşid Musayev Ümummilli Liderin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.

Ardınca Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında Milli Qurtuluş Gününə həsr olunan kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Çerçiyeva Səadət Rövşən qızına Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası veteranlarına mükafatlar və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında rayonun tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

Konsertin sonunda rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Balakən şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir