Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

İtitalada ümumrayon iməciliyi

İtitalada ümumrayon iməciliyi

İtitalada ümumrayon iməciliyi – sel fəsadlarının aradan qaldırılması

Bu ilin iyul ayının 7-dən 8-nə keçən gecə Balakənin bir neçə kəndində baş verən güclü leysan yağışı sel-fəlakətinə səbəb oldu. Təbiətin qəfil şiddəti kəndlərdə evlərə, təsərrüfatlara ciddi zərər vurdu, bir çox evlər həyətləri ilə birlikdə məcrasından çıxan çayların palçıqlı suları altında qaldı.

Fəlakətin ertəsi günü – iyulun 8-də rayon rəhbəri Natiq Ağayev kəndlərə baş çəkərək vəziyyətlə yerində tanış oldu və zərərin aradan qaldırılması üçün təcili tapşırıqlar verdi. Bu tapşırıqların davamı olaraq bu gün İtitala kəndində ümumrayon iməciliyi təşkil olundu.

İməcilikdə rayon təşkilatları, kənd nümayəndəlikləri, regional mərkəzlərin nümayəndələri, texnika və işçi qüvvəsi birgə çalışaraq kəndi yenidən yaşanır hala gətirməyə səfərbər oldular. Qaz idarəsi 150 evə gedən əsas xəttdəki sızmanı aradan qaldırdı, elektrik şəbəkəsi zədələnmiş xətləri bərpa etdi, meliorasiya təşkilatı ağır texnika ilə həyətləri lildən təmizlədi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları pompalarla suları çəkdi, yol idarəsi kəndə qum və çınqıl daşdı, GEM isə evləri və həyətləri dezinfeksiya etdi.

Mədəniyyət, səhiyyə və təhsil sahələrindən gələn nümayəndələr də kənddəki müəssisələrə dəymiş zərəri aradan qaldırmaq üçün canla-başla çalışdılar. Bəzi təşkilatlar artıq üç gündür kənddə gecəli-gündüzlü fəaliyyət göstərərək sakinlərə dəstək olurlar.

Bütün bu işlərin koordinasiyası rayon fövqəladə hallar komissiyasının sədri Turan Dibirovun rəhbərliyi ilə həyata keçirilir. O, hər bir sakinin sözünü səbrlə dinləyir, onların dərdinə şərik olur, dövlətin gücünə və qayğısına inandıraraq yalnız olmadıqlarını hiss etdirir.

İtitalada başlanan bu iməcilik həm fəlakətin fəsadlarını aradan qaldırmaq, həm də birliyin gücünü göstərmək baxımından əlamətdar oldu.

                                                     Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir