Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakənin zəhmətkeş sahibkarı – Füzuli Varansovun yeni hədəfləri

Balakənin zəhmətkeş sahibkarı – Füzuli Varansovun yeni hədəfləri

Balakənin tanınmış papaq ustası Əhma kişinin ailəsində dünyaya göz açan Füzuli Varansov uşaqlıqdan zəhmətə alışmış, orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Akademiyanı uğurla başa vuraraq doğma Balakənə qayıdan gənc mütəxəssis ilk işini atasının papaqçı dükanının qarşısında yerləşən tütün zavodunda idxal-ixrac əməliyyatçısı kimi qurmuşdur. Qısa müddətdə bacarığı və çalışqanlığı ilə seçilən Füzuli Varansov Balakən Tütün ASC-nin sədri vəzifəsinə yüksəlmiş, rayon zəhmətkeşlərinin yetişdirdiyi tütün məhsullarının Rusiya, Gürcüstan və MDB ölkələrinə ixracını təşkil etmişdir.

Hazırda AzAqro MMC-nin rəhbəri olan sahibkar artıq 12 ildir ki, əkin-biçinlə məşğuldur. Növbəli şəkildə arpa, buğda və qarğıdalı əkən Füzuli Varansov bu il 60 hektar sahədə qarğıdalı əkərək hər hektardan orta hesabla 10 ton məhsul götürməyi planlaşdırmışdır. Artıq biçin işləri başlayıb və gözlənilən nəticələr özünü göstərməkdədir.

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramını dövlətin çağırışı olaraq qəbul edən sahibkar bu çərçivədə fəaliyyətini genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Gələn ilin əkin planında rayonda tikiləcək günəbaxan yağı zavodu üçün xammal olaraq günəbaxan əkməyi nəzərdə tutan Füzuli Varansov həm də heyvandarlıq sahəsinə qədəm qoyacaq.

Onun ən maraqlı layihələrindən biri isə müasir avadanlıqlarla təchiz olunmuş, iri və xırda buynuzlu heyvanların kəsimini həyata keçirə biləcək böyük qəssab dükanının açılmasıdır. Bu dükan Avropa və Türkiyədə gördüyümüz nümunələrə uyğun olaraq, heyvanın hər parçasının ayrıca doğranaraq bişirməyə hazır vəziyyətdə satışını təşkil edəcək. Sahibkar qəssablığı bir sənət səviyyəsində nümayiş etdirməyi, bu sahədə yeni mədəniyyət formalaşdırmağı hədəfləyir.

Füzuli Varansov dövlətin dəstəyindən istifadə edərək ölkədə “Balakən ət” adı altında ət dükanları zənciri yaratmağı da növbəti addım kimi planlaşdırır. Onun fikrincə, bu layihələr rayon iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına və dövlətin ərzaq təminatına mühüm töhfə verəcək.

Balakənin zəhmətkeş sahibkarı Füzuli Varansov öz əməli işi ilə sübut edir ki, dövlətin çağırışına cavab verən, torpağa bağlı olan hər bir insan həm rayonun, həm də ölkənin iqtisadi gücünü artırmaqda mühüm rol oynaya bilər. Onun planlaşdırdığı layihələr Balakənin kənd təsərrüfatı tarixində yeni bir səhifə açacaq.

Balakən şəhər Bələdiyyəsinin üzvü olan Füzuli Varansov evli,iki övlad atasıdır.

                                                     Ramazan Abal

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir