Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

“Balakənin köhnə binaları – inkişafın kölgəsində qalan miras”

“Balakənin köhnə binaları – inkişafın kölgəsində qalan miras”

İnkişafın təzahürü irəliləmək, böyümək, dəyişməkdir. Bu prosesdə kəndlər qəsəbəyə, qəsəbələr şəhərə çevrilir, şəhərlər böyüyür, metropollara, meqapollara dönüşür. Bu ardıcıllıqda irəliləyişin izlərini görmək mümkündür.

Amma təsəvvür edin: sovet dövründən, 70–80-ci illərdən qalma binalar, dar pəncərəli, içəriyə az işıq düşən otaqlar, səssizlik və insansızlıq… 2026-cı ildə belə mənzərəni gördükdə ilk düşüncə budur: “Bura nə qədər inkişafdan geri qalıb, görəsən burada nə baş verib?” Təəssüf ki, bu gün doğma Balakənimizdə də bu mənzərə ilə qarşılaşmaq mümkündür.

Köhnə binaların bir qismi istifadəsiz, bir qismi yöndəmsiz, bir qismi isə qapısında yekə qıfıl ilə dayanır. Müasir görünümlü binalar da var, amma baxımsız, sınıq-salxaq haldadır. Sahibləri isə yalnız şəxsi qazancını düşünür, binanı müasir görkəmə salmaqla şəhərin memarlığına gözəllik qatmaq barədə düşünmür. İcarəyə verirlər, bəzən müqaviləsiz, dövlətə fayda vermədən. Balakənin köhnə binaları və istifadəsiz torpaqları təkcə keçmişin mirası deyil, həm də bu günün laqeydliyinin göstəricisidir.

Bu məsuliyyətsizlik təkcə daşınmaz əmlakla bitmir. İstifadəsiz torpaqlar, münbit sahələr, suyu və infrastrukturu olan ərazilər də boş qalıb. Çox zaman sahibləri Balakənli deyil, Bakıda oturub rayondakı torpağı baxımsız,istifadəsiz buraxırlar.

Halbuki 2026-cı il Azərbaycanda Şəhərsalma və Memarlıq ili, həm də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair dövlət proqramının başlanğıc ilidir. Dövlətimiz dayanıqlı inkişaf yolunda təpərli addımlarla irəliləyir. Rayonumuzda da bu irəliləyişə ayaqlaşmaq üçün güc, potensial və siyasi iradə mövcuddur.

Əminik ki, istifadəsiz torpaqlar da, köhnə binalar da canlanacaq, dövriyyəyə qayıdacaq. Bu əmlaklar rayonun və ölkənin inkişafına qatqı verəcək, Balakənin müasir görkəmi ilə yanaşı, iqtisadi gücünə də yeni nəfəs gətirəcək.

Balakənin köhnə binaları və istifadəsiz torpaqları bu gün inkişafın kölgəsində qalsa da, sabahın parlaq mənzərəsində yenidən dirçələcək. Çünki inkişaf yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir.

Bu gün hər bir əmlak sahibi, hər bir torpaq sahibi öz məsuliyyətini dərk etməlidir. İnkişaf dövlətin çağırışı ilə başlayır, amma vətəndaşın əməli ilə gerçəkləşir. Balakənin gələcəyi üçün hər kəs üzərinə düşən işi görməlidir – indi, dərhal!

                                                                                             Ramazan Abal

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir