Balakən rayonu müxtəlif illərdə təbiətin şıltaqlığı ilə üz-üzə qalıb. Bu ilin iyul ayının 7-dən 8-nə keçən gecə aramsız yağan leysan yağışı nəticəsində rayona sel düşmüş, Kortala, Beçağar və İtitala kəndlərində kənd təsərrüfatına, şəxsi təsərrüfatlara, evlərə və infrastruktura ciddi ziyan dəymişdir.
Selin yaratdığı ən böyük fəsadlardan biri də dağlardan gələn içməli su xəttinin dağıdılması olmuşdur. Nəticədə rayon sakinləri bir müddət susuz qalmış, bu isə gündəlik həyatın dözülməz hala gəlməsinə səbəb olmuşdur. Müasir evlərin mətbəx, sanitar qovşaqlar, məişət texnikası ilə təchiz olunduğunu nəzərə alsaq, suyun olmaması insanların, xüsusilə körpələrin, qocaların, əlillərin və xəstələrin həyatını daha da çətinləşdirmişdir.
Belə ağır vəziyyətdə idarəetmə və xidmət sahələrinin üzərinə böyük yük düşmüşdür. Hökumətə müraciət edən hər bir vətəndaşı səbrlə dinləmək, həssas yanaşmaq və güvən hissi yaratmaq yalnız dövlət tərbiyəsi görmüş, təcrübəli rəhbərlərin bacaracağı işdir.
Artıq bu problemlərin əksəriyyəti aradan qaldırılıb, içməli suyun verilişi də bərpa olunub. Çətin günlərdə vicdanla xalqa xidmət edən, dayaq duran rayon rəhbəri Natiq Ağayevə, rayon icra hakimiyyətinin işçilərinə, xidmət təşkilatlarına və əməyi olan hər kəsə Balakən rayon Ağsaqqallar Şurası adından təşəkkürümüzü bildiririk.
Uca Allah dövlətimizi və xalqımızı bütün bəlalardan qorusun.
Xəlifə Mirəliyev
Balakən rayon Ağsaqqallar Şurasının sədri












Leave a Reply