Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən biri də mayın 10-da Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunan “Qəlblərdə yaşayan dahi” adlı konsert proqramı oldu. Rayon İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir həm mənəvi, həm də mədəni baxımdan yaddaqalan anlarla zəngin idi.
İlk olaraq rayon ictimaiyyəti,rəhbərlik tərəfindən Ulu Öndərin abidəsi ziyarət edildi, önünə gül dəstələri düzüldü. Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilid. Bu anlar tədbir iştirakçılarına dərin duyğular yaşatdı, xalqın yaddaşında əbədi iz qoymuş dahi liderin xatirəsinə ehtiramın təcəssümü oldu.
Daha sonra Milli Məclisin deputatı Nəsib Məhəməliyev və Rayon Ağsaqqallar Şurasının üzvü Mədət Bağırov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü misilsiz xidmətlərdən danışdılar. Onların sözlərində Ulu Öndərin xalqın qəlbində yaşayan dahi şəxsiyyət olduğu bir daha vurğulandı.
Konsert proqramı isə Balakənin zəngin mədəniyyətini, folklorunu və musiqi irsini bir səhnədə birləşdirdi. Uşaq İncəsənət Məktəbinin Xalq çalğı alətləri orkestri və xor kollektivi, Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansamblı, “Nənələr” ingiloy folklor kollektivi, “Cahan” avar xalq kollektivi, “Qönçə” rəqs qrupu, istedadlı mədəniyyət işçiləri və rayonun tanınmış müğənniləri bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşatdılar.
Balakəndə keçirilən bu konsert bir daha sübut etdi ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli-mənəvi dəyərlərin qoruyucusu, xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyətdir. “Qəlblərdə yaşayan dahi” proqramı həm musiqi, həm də ruhani bir bayram kimi yaddaşlarda qalaraq Ulu Öndərə olan sevgi və ehtiramın parlaq nümunəsinə çevrildi.
Yeni Balakən









