Bu gün Balakən Rayon Polis Şöbəsində Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan polis əməkdaşları və RPŞ-nin şəxsi heyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Şəhidlər xiyabanı ziyarət olunub. Rayon Polis Şöbəsində davam edən mərasimdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin, o cümlədən xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni isə bu dəfə xüsusi bir ruhla – canlı ifada səsləndirildi.
Giriş sözü ilə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov əməkdaşları və onların ailə üzvlərini “2 iyul – Azərbaycan Polisi Günü” münasibətilə təbrik edib. O, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrikini çatdıraraq, Azərbaycan polisinin yaranma tarixindən, çətin illərdə – xüsusilə Birinci Qarabağ müharibəsində göstərilən fədakarlıqlardan danışıb. Çingiz Aslanov vurğulayıb ki, Balakən polisi gecə-gündüz, yay-qış bilmədən rayonun asayişinin keşiyində dayanır,cinayətkarlıqla mübarizə aparır..
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev də çıxışında polis əməkdaşlarını təbrik edib, onların ölkənin müstəqilliyinin qorunmasında və daxili sabitliyin təmin olunmasında oynadığı mühüm rolu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsində polisin vahid hüquq-mühafizə orqanı kimi formalaşdığını, bu gün isə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında böyük uğurlar qazandığını bildirib.
44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının xüsusi qəhrəmanlıq göstərməsi də tədbirdə xüsusi vurğulanıb. Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və mükafatlar təqdim olunub, təqaüddə olan əməkdaşlara hədiyyələr verilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Balakəndə keçirilən Polis Günü tədbiri bir daha sübut etdi ki, Azərbaycan polisi yalnız qanunun keşiyində duran qurum deyil, həm də dövlətin müstəqilliyi, xalqın təhlükəsizliyi və sabitliyi uğrunda fədakarlıqla çalışan, şərəfli xidmət yolunu davam etdirən bir qüvvədir.
Yeni Balakən









Leave a Reply