İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Balakən şəhəri musiqi və sevinclə doldu. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası səhnəyə çıxaraq balakənlilərə unudulmaz anlar yaşatdı.
Konsert proqramı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Bu anlar tədbirə xüsusi bir ruh qatdı, həm milli qüruru, həm də uşaqların bayram sevincini birləşdirdi.
Ardınca Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Həcər Məmmədova çıxış edərək göstərilən qonaqpərvərliyə görə Balakən Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi. Onun sözlərində həm mədəniyyətin birləşdirici gücü, həm də bölgələrarası əlaqələrin önəmi vurğulandı.
Səhnəyə çıxan balaca ifaçılar isə tamaşaçıların qəlbini fəth etdilər. Onlar milli musiqimizi və klassik əsərləri böyük peşəkarlıqla təqdim edərək hər bir dinləyicidən alqış qazandılar. Uşaqların səmimi ifaları, musiqiyə olan sevgiləri və istedadları konserti daha da rəngarəng etdi.
Tədbirin əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların musiqi dünyasına daha geniş imkanlar açmaq və bölgələrarası mədəni əlaqələri gücləndirmək idi. Bu baxımdan konsert həm maarifləndirici, həm də mədəni dəyər daşıyan bir hadisə kimi yadda qaldı.
Konsertin sonunda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirdi. O, bu cür tədbirlərin uşaqların gələcək inkişafında mühüm rol oynadığını qeyd etdi.
Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olundu. Bu hədiyyələr uşaqların sevincini daha da artırdı və onların yaddaşında bu günü unudulmaz bayram kimi həkk etdi.
Yeni Balakən









