Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə fındıqçılığın düşməni – Amerika ağ kəpənəyi ilə mübarizə yolları

Balakəndə fındıqçılığın düşməni – Amerika ağ kəpənəyi ilə mübarizə yolları

Kortalada fındıq bağlarında zərərverici ilə mübarizə yolları müzakirə olundu

Karantin obyekti olan Amerika ağ kəpənəyinin  polifaqlığı, yayıldığı ərazinin iqlim şərtlərindən asılı olaraq, il ərzində 1- 4 nəsil verməsi, meyvələrə, park, meşə və kol bitkilərinə güclü ziyan vurma qabiliyyəti, yayılma tezliyi və yüksək məhsuldarlığı onun təhlükəli zərərverici olduğunu deməyə imkan verir. Zərərvericinin bitkiyə, xüsusən də meyvə bitkilərinə vurduğu ziyan məhsul itkisi ilə nəticələnir. Amerika ağ kəpənəyinin inkişafı üçün optimal şərait 70-80% nisbi rütubətlilik və +22-27°C temperatur hesab edilir. Zərərverici həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü və toxumları ilə qidalanır. Amerika ağ kəpənəyinin məhv edilməsi üçün yerli şərait nəzərə alınmaqla, özündə fitosanitar, kimyəvi, bioloji, fiziki və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilməlidir.

Təəssüf ki,bu zərərverici artıq bir neçə ildi Balakən rayonunda da kənd təsərrüfatına,fərdi təsərrüfatlara ciddi ziyan vurur.Özəlliklə insanların böyük ümidlə göz dikdikləri,rayonumuz üçün vacib sahə olan fındıqçılığı tamamilə məhv edir.

Rayon rəhbəri Natiq Ağayev bu gün Kortala kəndində həm fərdi təsərrüfatda,həm də fındıq bağlarında olaraq,təsərrüfat sahibləri,kənd sakinləri,mütəxəssislərlə görüşdü. Amerika ağ kəpənəyinin vurduğu zərəri yerində öyrənərək bununla daha səmərəli,təhlükəsiz mübarizə yollarını müəyyən etmək üçün kənd sakinlərini,mütəxəsisləri dinləmiş,fikirləri,təklifləri ilə maraqlanmışdır.Görüşdə iştirak edən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin  direktor əvəzi  Elvin Səmədov, Balakən rayonu Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli  zərərverici haqda geniş,dolğun məlumat verərək,görülən işlər,aparılan mübarizə tədbirləri barədə danışdılar. Amerika ağ kəpənəyinin bir neçə üsulla məhv etdiklərini bildirdilər.Elə bu vaxtı DAİM-ə məxsus dərman çiləyici qoşquya malik traktor da sahəyə,fındıq bağını kimyəvi üsulla dərmanlamaq üçün daxil olmuşdu.Amma nədənsə bu kimyəvi müdaxilələr heç də rəhbərin ürəyincə deyildi..Natiq müəllim kimyəvi müdaxilənin fəsadlarından danışarkən bu vasitələrdən daha effektli,daha zərərsiz,məsələni kökündən həll edəcək,mütəxəssisə belə gərək olmadan hər bir təsərrüfat sahibinin özünün fərdi şəkildə edə biləcəyi mexaniki vasitə olan,uzun saplı,yerində duraraq ağacın istənilən bölgəsinə çata bilən əldə düzəltmə məşəl ilə zərərli bölgənin zərərverici ilə birgə yandırılaraq məhv edilməsinin daha uyğun olduğunu bildirib. Bu üsul həm ekoloji baxımdan daha təhlükəsizdir, həm də zərərvericinin kökündən məhv edilməsinə imkan yaradır.

Balakən fındıqçılığı üçün böyük təhlükə olan Amerika ağ kəpənəyi ilə mübarizə yalnız mütəxəssislərin deyil, hər bir təsərrüfat sahibinin məsuliyyətidir. Əgər bu mübarizə vaxtında və düzgün aparılarsa, fındıq bağlarımızı qorumaq, kənd təsərrüfatımızı gələcək nəsillərə sağlam şəkildə ötürmək mümkün olacaq. Çünki sağlam bağ – sağlam məhsul, sağlam məhsul isə sağlam gələcək deməkdir.          

                                                           Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir