Mayın 19-da Balakən Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən orta əsrlərdə şimal-qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib. Balakən ABAD Mərkəzin akt zalında baş tutan konfransda RİHB-nin müavini Turan Dibirov, AMEA -nın Şəki Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, müəllimlər, mədəniyyət işçiləri, tarixçilər iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səslənib.
Konfransda giriş sözü ilə çıxış edən RİHB-nin müavini Turan Dibirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə tarixi ənənələrin yaşadılmasına və mütərəqqi yanaşmaların tətbiqinə çağırışdır. Qeyd olunub ki, Azərbaycanın müasir şəhərsalma tarixində Ulu Öndər Heydər Əliyev milli memarlıq simasının yaradıcısı kimi çıxış edir. Ulu Öndərin rəhbərliyi dövrü memarlığımızın intibah dövrü hesab olunur. Həmin dövr milli ornamentlərin, klassik Şərq elementlərinin və müasirliyin vəhdətini təşkil edən bir mərhələ idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir urbanizasiya tarixinin ən maraqlı nümunələrindən hesab olunur. Burada şəhərlər və kəndlər ekoloji standartlara uyğun şəkildə qurulur, alternativ enerji layihələri həyata keçirilir, ağıllı idarəetmə sistemləri tətbiq olunur.
Daha sonra AMEA -nın Şəki Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edərək konfrans əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir.
Konfransda Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Balakən-Zaqatala bölgəsində antik və erkən orta əsrlərdə şəhərsalma və memarlıq ənənələri”, Şəki Regional Elmi Mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanovun “Qafqaz Albaniyasının Şəki vilayətinin erkən orta əsr memarlıq abidələri”, Zaqatala Tarix Mədəniyyət Qoruğunun direktoru Anar Laçınovun “Zaqatala memarlığının dünəni və bugünü” və Qax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndinin “Qax rayonunda şəhərsalma və memarlıq həlli baxımından tarixi-mədəni irsin izləri” mövzusunda məruzələri dinlənilib.
Yeni Balakən









