23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən tədbir təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Turan Dibirov, icra hakimiyyətinin əməkdaşları, eləcə də müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Turan Dibirov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi davamlı olaraq təkmilləşdirilir, həyata keçirilən islahatlar isə səmərəli və şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verir.
O, həmçinin Möhtərəm Prezidentin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasının dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də dövlət qulluğunun ölkənin inkişafında, idarəetmənin təkmilləşdirilməsində, qanunçuluğun təmin edilməsində və vətəndaşlara layiqli xidmət göstərilməsində mühüm rol oynadığını vurğulayıblar. Onlar dövlət qulluqçularına peşəkarlıq, vətənpərvərlik və yüksək məsuliyyət hissi ilə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edərək, gələcək işlərində uğurlar arzulayıblar.
✨ Tədbir səmimi və işgüzar mühitdə keçib, dövlət qulluqçularının peşə bayramı münasibətilə onlara göstərilən ehtiram bir daha öz əksini tapıb.
Yeni Balakən









Leave a Reply