Balakənə beton bənddən çox, ağıllı Qabion bəndlər lazımdır

Balakənə beton bənddən çox, ağıllı Qabion bəndlər lazımdır

Balakən rayonu Azərbaycanın Şimal-Qərbində, Böyük Qafqazın cənub yamaclarında, Alazan–Həftəran vadisində yerləşir. Bu ərazidən Mazım, Katex, Balakən və Alazan kimi iri çaylar keçir. Yazda qarın əriməsi, yay və payızda isə güclü yağışlar nəticəsində bu çaylar tez-tez daşaraq kəndlərə, evlərə, şəxsi təsərrüfatlara və kənd təsərrüfatına ciddi ziyan vurur.

Meliorasiya idarəsi məhdud büdcə və az sayda texnika ilə bu fəlakətlərin qarşısını almağa çalışsa da, mövcud üsullar yetərli olmur. Çay sahillərinin möhkəmləndirilməsi üçün ya armaturlu beton bəndlər tikilir, ya da müvəqqəti val vurulur. Beton bəndlər çox bahalı layihədir, üstəlik korrupsiya riskini artırır. Val isə ömrü qısa olan müvəqqəti həll yoludur.

Halbuki daha ucuz, daha möhkəm və uzunömürlü bir sistem – Qabion bəndlər – mövcuddur.


Qabion bəndlərin mahiyyəti

Qabion bəndlər metal torlardan (sinklənmiş və ya PVC örtüklü setka) hazırlanmış qutuların daşlarla doldurulması yolu ilə qurulur. Bu qurğular:

  • Sel və daşqınla mübarizə üçün çay məcralarının tənzimlənməsində,
  • İstinad divarları kimi torpaq sürüşmələrinin qarşısının alınmasında,
  • Eroziyadan qorunma məqsədilə sahil xəttinin möhkəmləndirilməsində istifadə olunur.

Üstünlükləri

  • Çeviklik: Torpağın oturmasına uyğunlaşır, beton bəndlər kimi çatlamır.
  • Drenaj: Daşların arası açıq olduğundan suyun keçməsinə imkan verir, arxada təzyiq yaratmır.
  • Möhkəmlik: Təbii materiallardan qurulduğu üçün ətraf mühitə uyğunlaşır və zamanla daha da möhkəmlənir.
  • İqtisadi səmərəlilik: Beton bəndlərdən qat-qat ucuzdur, yerli imkanlarla həyata keçirilə bilər.

Balakən üçün çıxış yolu

Qabion bəndlərin qurulması Balakəndə yerli resurslarla mümkündür:

  • Meliorasiyanın cüzi büdcəsi,
  • Bələdiyyələrin kiçik vəsaiti,
  • İş adamlarının dəstəyi və ianələr,
  • İctimai iməciliklərdə kənd sakinlərinin iştirakı.

Düzgün təbliğat və güclü təşkilatçılıqla bu sistemin tətbiqi Balakənin illərlə davam edən sel və daşqın problemini öz gücümüzlə aradan qaldıra bilər.


P.S.

Mazım çayının Mazımqaray ərazisində hər il daşaraq Balakən torpaqlarını yuyub dağıtması acı mənzərədir. Gürcü tərəfi isə hiyləgər şəkildə Qabion bəndlərdən istifadə edir, çay yatağı bizə tərəf sürüşdükcə sistemi söküb bizim ərazidə yenidən qurur. Beləliklə, hər daşqında metrə-metrə torpağımızı itiririk. Bu, bir daha sübut edir ki, biz də ağıllı və davamlı həll yollarına – Qabion bəndlərə – keçməliyik.

Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir