Ağsaqqalların Dəyərli Görüşü – Qaysa kəndində

Ağsaqqalların Dəyərli Görüşü – Qaysa kəndində

Respublika Ağsaqqallar Şurasının IX Qurultayından qayıdan Balakən rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev bir neçə gün əvvəl şəhərdəki qərargahda idarə heyəti ilə iclas keçirərək qurultayın tövsiyələrini bölüşmüş, qarşıda duran vəzifələri müzakirə etmişdi. Bu gün isə iş planına uyğun olaraq nəzərdə tutulan görüşlərdən biri Qaysa kəndində baş tutdu.

Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, idarə heyətinin üzvləri Maqsud müəllim, Rəşid müəllim və Meysarat xanım uzun illər təhsil sahəsində xidmət göstərmiş, 42 il Qaysa kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, böyük şair Səməd Vurğunun əmizadəsi olan 1936-cı il təvəllüdlü Vəkilova Fəridə Cəlal qızını evində ziyarət etdilər.

90 yaşlı ağbirçək Fəridə müəllimə bu diqqətdən məmnunluğunu bildirərək, şanlı nəslinin sürgünlərə və güllələnmələrə məruz qalan nümayəndələrindən, öz həyat yolunun acı və şirin xatirələrindən səlis və dəqiq danışaraq dinləyənləri sanki tarixi ekskursiyaya apardı. Sözünün sonunda isə gənclərə çox önəmli bir tövsiyə verdi: ailə bağlarını qorumaq, ailə dəyərlərinə sahib çıxmaq. Onun fikrincə, insanın ən əziz sərvəti ailədir və bu kiçik dövləti qorumaq hər kəsin borcudur.

Xəlifə Mirəliyev görüşdə çıxış edərək cənab Prezidentin hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğıdan danışdı. O, dövlət başçısının Qurultaya ünvanladığı təbrik məktubunda ağsaqqallara və ağbirçəklərə verdiyi dəyəri, xoş sözləri görüş iştirakçılarının diqqətinə çatdırdı.

Fəridə xanımın maraqlı həyat yolu və zəngin xatirələri gələcəkdə onun şagirdlərinin qələmindən daha geniş təqdim olunacaq. Rayon Ağsaqqallar Şurasının bu görüşü önəmli bir dəyərə vurğudur ki, ağsaqqallar və ağbirçəklər cəmiyyətin mənəvi dayağı, gənclərin isə ən böyük örnəyidir.

                                                                                                                           Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir