Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

“Sürət Manyaklarının Qurbanı: Xədicənin Son Nəfəsi”

“Sürət Manyaklarının Qurbanı: Xədicənin Son Nəfəsi”

Yenə bir avtomobil qəzası,yenə bir bir can həyatdan qoparıldı.Gənc ömrü,həyatı hansısa sürət manyakının “kayfının” bədəli oldu.Bu gün ilkindi vaxtı,saat 17 radələrində yenə də hansısa trafik canavarı,sürət manyakı iş başında idi.Həyatdan qoparacaq insan,alacaq can axtarırdı..Tez də tapdı.Səhər övladı dərsə gedəcək və məktəb üçün lazımlı kitabı almaq üçün Talalar kəndindən Balakən şəhərinə gələn,kitabı hələ üstəlik balarına şirniyyat da alıb evə qayıtmaq üçün Rafiq Səmədov küçəsində,Liseyin qabağında dayanacaqda,pilləkənlərin üstündə yəni yoldan kənarda marşurut gözləyən gənc,üç uşaq anası olan Talalar kənd sakini Xədicə Mustafayevanı hansısa sürət manyakı,içki və narkotik təsiri altında maksimum sürət həddi 50 km/saat olan R.Səmədov küçəsində üstdən aşağı istiqamətdə çox yüksək sürətlə adətə uçurduğu avtomobilin idarəetməsini itirərək yolun sağında,yoldan kənarda dayanmış ananı vuraraq yolun sol hərəkət istiqamətinə,asfalta çıptdı.Xədicə Mustafayeva yerindəcə keçindi.Üç balası yetim qaldı.Xədicə o evin dirəyi idi.Evli olan Xədicənin həyat yoldaşı fəhlədir.Səhər gedir fəhləliyə axşam qayıdır.Xədicə isə ev işləri,uşaqların dərsləri,geyimi,yeməyi,alış-veriş,təmizlik,yaşlı qaynatasının baxımı,mal-qaranın baxımı və sairə,bir sıra işlərlə məşğul olur,səhərdən axşamacan boş durmazdı.Bəs indi kim baxacaq o yetimlərə..

Küçələrə radarlar quraşdırılır,kameralar qoyulur. Amma bu tədbirlər yetərli deyil. Çünki radar yalnız cərimə yazır, kamera yalnız çəkir. Amma sürəti məhdudlaşdırmır. Bu barədə,Füzuli və Nəsimi küçələrinin kəsişməsindəki təhlükə ilə əlaqədar, bir dəfə də yazmışdım.İstədiyin qədər kamera,radar qoy.Lap istəyirsən Azərkosmosdan peyk gətir qoy küçəyə,xeyri olmayacaq.Bilirsiz niyə?Çünki onların heç biri yerdəki sürəti məhdudlaşdırmır.Yerdəki sürəti məhdudlaşdıran yeganə şey fiziki sürət əngəlləyicidir. Tramplin (və ya rəsmi adı ilə sürəti məhdudlaşdırıcı fiziki əngəlləyici), nəqliyyat vasitələrinin sürətini azaltmaq və piyadaların təhlükəsizliyini təmin etmək üçün yollara quraşdırılan xüsusi süni nahamarlıqdır. Sürücüləri məcburi şəkildə sürəti (adətən 20-40 km/saat-dək) azaltmağa vadar edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə və dövlət standartlarına (AZS EN 13036) əsasən, bu qurğuların quraşdırılması ciddi qaydalara tabedir.Yəni”Yol hərəkəti haqqında” Qanuna görə, hər istənilən yerə tramplin qoyulması yolverilməzdir. Aşağıdakı yerlərdə onların quraşdırılması qadağandır:

  • Beynəlxalq və respublika əhəmiyyətli magistral yollarda.
  • Körpülərin, estakadaların və tunellərin daxilində.
  • Sürətli yardım, yanğınsöndürən və digər operativ nəqliyyat vasitələrinin əsas hərəkət marşrutlarında (xəstəxana və yanğınsöndürmə məntəqələrinin birbaşa çıxışlarında).

Balakənin əsasən təhlükə yaradan, necə deyərlər ara küçələri bu kateqoriyaya daxil olmadığından quraşdırılması mümkündür.Qanunvericilikdə də sərt tədbirlər nəzərdə tutulan dəyişiliklər edilməlidir.Bax belə Xədicələri həyatdan qoparan,körpə uşaqları yetim,anasız qoyanlara içkidən və narkotikdən daha güclü təsir etməlidir görülən tədbirlər,qanunlar ki,kimsə bir daha belə şərəfsizlik eləməsin.Aidiyyatı təşkilatlar,sizcə hələ nə qədər Xədicələr həyata doymadan yaşamlarına son verilərək həyatdan getməli,nə qədər balalar yetim qalmalıdır..?

Bir tramplin – bir həyat. Bir sərt qanun – bir balanın göz yaşını dayandırmaq deməkdir. Aidiyyatı qurumlar, məsuliyyət sizin üzərinizdədir. Balakənin küçələrində Xədicələrin son nəfəsi deyil, uşaqların gülüşü eşidilməlidir.

       Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir