Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Vətən müharibəsi şəhidi Yusif Təmirovun əziz xatirəsi ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Yusif Təmirovun əziz xatirəsi ehtiramla yad edilib

Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Təmirov Yusif Azər oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.

Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının nümayəndəsi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhid Yusif Təmirovun ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.

Şəhidlərin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Yusif Təmirov 28 sentyabr 1995-ci ildə Balakən rayonunun Katex kəndində anadan olub. 2001-2012-cü illərdə S.Qurbanov adına Katex 1 saylı kənd tam orta məktəbində təhsil alıb.

Yusif Təmirov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 5 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yusif Təmirov Balakən rayonunun Katex kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Yusif Təmirov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir