Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakən tütünçülüyündə uğurlar davam edir

Balakən tütünçülüyündə uğurlar davam edir

Balakən rayonunda aqrar sahənin ənənəvi və gəlirli istiqamətlərindən biri olan tütünçülük son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda bu sahənin potensialından daha səmərəli istifadə edilir, fermerlərin tütün istehsalına marağı isə ildən-ilə artır.

Məhz dövlət dəstəyi sayəsində 2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Balakən rayonunda müasir standartlara cavab verən Balakən Tütün İstehsalı və Emalı Kompleksi yaradılıb. Qısa müddətdə inşa olunan müəssisə 15 iyul 2018-ci il tarixindən fəaliyyətə başlayaraq bölgədə tütünçülüyün inkişafına mühüm töhfələr verməyə başlayıb. Kompleksdə Balakən rayonunda, eləcə də zərurət yarandıqda Zaqatala rayonunun yaxın ərazilərində istehsal olunan yaş tütün qəbul edilərək emal olunur.

Bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev müəssisədə olub, kollektivlə görüş keçirib. Rayon rəhbəri burada yaradılmış iş şəraiti, tütünün qəbulu, emalı və çeşidlənməsi prosesi, eləcə də məhsulun saxlanılması imkanları ilə yaxından tanış olub.

Görüş zamanı müəssisənin fəaliyyəti və rayonda tütünçülüyün gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Natiq Ağayev əmək bazarından səmərəli istifadə olunması, istehsalın keyfiyyətinin daha da yüksəldilməsi və sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində öz tövsiyələrini verib.

Müəssisədən verilən məlumata görə, cari ildə fermerlərdən qəbul edilən tütün məhsulunun 70 faizi birinci növə aid olub ki, bu da məhsulun yüksək keyfiyyət göstəricilərindən xəbər verir. Emal edilən tütün məhsulları növündən asılı olaraq kiloqramı 2,5-5 ABŞ dolları arasında qiymətlərlə Rusiya və İtaliya bazarlarına ixrac olunur.

Qeyd edək ki, Balakən Tütün İstehsalı və Emalı Kompleksi təkcə kənd təsərrüfatının inkişafına deyil, həmçinin yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artırılmasına və rayon iqtisadiyyatının güclənməsinə öz töhfəsini verir. Bu gün tütünçülük Balakənin iqtisadi həyatında mühüm yer tutur və gələcəkdə də rayonun sosial-iqtisadi inkişafının aparıcı sahələrindən biri olaraq qalacağı gözlənilir.

Ramazan Abal
“Yeni Balakən” qəzeti üçün.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir