Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlığın genişlənməsinə, yeni istehsal sahələrinin formalaşmasına və kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verir. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş və 2026-2030-cu illəri əhatə edən Kənd Təsərrüfatının Dayanıqlı İnkişafına dair Dövlət Proqramı da bu baxımdan regionlarda böyük maraqla qarşılanır.
Balakən rayonunda proqramın məqsəd və vəzifələrinin yerli sahibkarlara çatdırılması, onların təşəbbüslərinin dəstəklənməsi məqsədilə mütəmadi görüşlər keçirilir. Belə görüşlərdən biri rayonun Katex kəndində yerləşən və son illər bölgənin ən perspektivli təsərrüfatlarından birinə çevrilən “Bal Meyvə” müəssisəsində baş tutub.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev müəssisədə yaradılmış şəraitlə yaxından tanış olub, istehsal prosesi və sahibkarlıq fəaliyyəti barədə məlumat alıb. Müəssisənin rəhbəri Elçin Əhmədov fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək planlar barədə geniş məlumat verib.
Qeyd olunub ki, “Bal Meyvə” təsərrüfatı meyvəçilik, intensiv bağçılıq, balıqçılıq, quşçuluq və soyuducu anbar xidmətləri kimi müxtəlif sahələri özündə birləşdirən çoxşaxəli istehsal müəssisəsidir. Burada yaradılan müasir infrastruktur və tətbiq olunan yenilikçi yanaşmalar kənd təsərrüfatının inkişafına ciddi töhfə verir.
Müəssisənin fəaliyyəti ilə tanış olan Natiq Ağayev təsərrüfatın yalnız kənd təsərrüfatı baxımından deyil, həm də turizm istiqamətində böyük potensiala malik olduğunu vurğulayıb. O, ərazidə yaradılmış süni göllərin, adacıqların, yaşıllıq zolaqlarının, müxtəlif növ meyvə bağlarının, eləcə də yetişdirilən balıq və quş növlərinin aqroturizm və ekoturizmin inkişafı üçün əlverişli imkanlar yaratdığını bildirib.
Rayon rəhbəri müəssisənin gələcək inkişafı ilə bağlı tövsiyələrini verərək, sahibkarların qarşılaşa biləcəkləri problemlərin həllində dövlət dəstəyinin hər zaman onların yanında olacağını qeyd edib.
Belə görüşlər sahibkarlarla dövlət qurumları arasında əməkdaşlığın möhkəmlənməsinə, yeni investisiyaların təşviqinə və bölgələrin sosial-iqtisadi inkişafına xidmət edir. Bu gün “Bal Meyvə” müəssisəsi yalnız Balakənin deyil, bütövlükdə ölkənin kənd təsərrüfatı və aqroturizm sahəsində nümunəvi təsərrüfatlarından biri kimi diqqət çəkir.
Əminliklə demək olar ki, davamlı inkişaf strategiyasını uğurla həyata keçirən “Bal Meyvə” bölgənin kənd təsərrüfatı və turizm xəritəsində parlaq ulduza çevrilmək yolunda inamla irəliləyir.
Müəllif: Yeni Balakən



















Leave a Reply