Yazılarımızın birində qeyd etmişdik ki,Balakən rayonu suyun olmamasından deyil,suyun olmasından əziyyət çəkir.Balakənin içməli və suvarma su ehtiyacı rayondan axan çaylarla yanaşı qazılmış artezian quyuları vasitəsilə təmin edilir.Həmçinin tullantı, çirkab suları kanalizasiya,sel,yağış suları isə arxlar,kanallar vasitəsilə xaric olunur.Nəzəri olaraq belədir amma gəl bir də praktikada baxaq necədir.Xidmət düzgün qurulubmu,dəqiq,yenilənən uçot aparılırmı,umimi vəziyyət necədir?Rayonun bu sahədəki probleminin səbəbi,həlli yolları da məhz bu sualların cavabındadır.
Araşdırmamız zamanı məlum olmuşdur ki,rayonun istər su kanal şəbəkəsinə,istərsə də artezian quyularına xidmət həcmi və bu xidmət üçün maliyyə Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsinə 1991-ci ildə,düz 35 il əvvəl tərtib olunmuş uçot xəritəsi əsasında ayrılır.Bu 35 ildə çox şey dəyişib amma nə uçot xəritəsi,nə də ayrılan maliyyə dəyişməyib.Belə ki,Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsi 1991-ci ildə tərtib olunmuş uçot xəritəsinə əsasən ümumilikdə 209.42 km kanal şəbəkəsinə xidmət göstərir.Amma 1991-ci ildən bu yana kanalların sayı və uzunluğu artmış,509.42 km uzunluğa çatmışdır.Bu da o deməkdir ki,təxmimən ümumi uzunluğu 300 km olan kanal idarənin balansına, qeydiyyata alınmamışdır.Bu gün bu kanalların bir çoxu yiyəsiz olduğu,sahibsiz qaldığı üçün vətəndaşlar tərəfindən doldurulur,bəzilərinin içində böyük ağaclar bitib hansı ki,onlara artıq Ekologiya Nazirliyi əl dəyməyə qoymur,bəzilərini kol-kos basıb..Əgər idarənin balansında olsa hökümət tərəfindən maliyyə ayrılar,idarə xidmət göstərər,qısacası sahibi tapılardı.Həmçinin artezian quyuları da.1991-ci ilin uçot xəritəsinə əsasən idarə 204 artezian quyusuna xidmət göstərir.Amma faktiki olaraq bu gün 307-dən artıq artezian quyusu vardır.Beləliklə 103 quyu konkret olaraq qeydiyyatda deyil və Allah ümidinə buraxılıb.Son illərdə güclü yağışlar yağır,nəticədə sel suları vətəndaşların evlərinə,şəxsi təsərrüfatlarına,rayonun kənd təsərrüfatına ciddi ziyan vurur,əkin-biçini,mal-qarasını,toyuq –cücəsini,meyvə bağlarını,infrastrukturu məhv edir.Niyə?Bu yağışlar keçmişdə də yağırdı,o zaman yağan yağış,sel suları işlək,saz vəziyyətdə olan kanallar vasitəsilə nəzarətə alınır,yönləndirilərək xaric edilirdi.İndi o kanalların 300 km-i qeyri işlək,sahibsizdir.Sel sularını götürə,ötürə bilmir baxımsızlıqdan..
İçməli su əsasən dağ çaylarının hesabına təmin olunduğundan bir balaca yağış yağan kimi o çaylar bulanır,uzun müddət durulmur,sel olanda da dağlardakı daşıyıcı su boruları qırılır,selin qabağına düşərək axıb gedir.Yay aylarında güclü istilər nəticəsində çayların suyu azalır.Bu da öz növbəsində həftələrlə rayonda suvarma və içməli su problemi yaradır.Qeydiyyata alınmayan 103 artezian quyusu da qeydiyyata alınsa,xidmət göstərilsə heç bir su problemindən söhbər belə ola bilməz.Halbu ki,Balakən rayonu istənilən fəsildə,istənilən şəraitdə su problemi yaşayacağı rayon deyil.Çünki suyu var və boldur.Sadəcə xidmət zəifdir.Hətta təklif edərdik ki,dağlardan keçərək gələn su xətlərinin dağlardan keçən hissəsini təpələrin ətəyində,dərənin dibindən torpaq üzərində deyil də,iki tərəfdən o sərt qayalara bərkidilmiş polad troslarla yerdən hündürdə,havadan çəkilsin.Hövzədən çıxışının 100 metrəyə yaxın hissəsi rezin,elastik borularla çıxış verilərək sonradan dəmir boruya keçid edilsin.Boruların üzəri də pena dediyimiz köpüklə izolyasiya edilsə içəridəki su yayda dağ sərinliyində qalar,qışda donma təhlükəsindən qorunar…
Təklif olunan həll yolları
- Uçotun yenilənməsi – bütün kanallar və artezian quyuları balans uçotuna alınmalı, maliyyə ayrılmalıdır.
- Texniki modernizasiya – dağlardan gələn su xətləri torpaq üzərində deyil, polad troslarla havadan çəkilməli, elastik borular və izolyasiya ilə möhkəmləndirilməlidir.
- Maliyyə və xidmətin artırılması – idarəyə ayrılan vəsait real şəbəkə uzunluğuna uyğunlaşdırılmalıdır.
- İctimai nəzarət – sahibsiz qalan kanalların doldurulması və məhv edilməsinin qarşısı alınmalıdır.
Balakən sakinləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən yuxarıda qeyd olunanaları nəzərə alaraq mövcud kanalların və artezian quyularının balans uçotuna alınmasını xahiş edir.
Balakən suya möhtac rayon deyil. Əksinə, su ehtiyatı boldur. Problem xidmətin zəifliyi və köhnəlmiş uçot sistemindədir. Əgər bu məsələlər dövlət səviyyəsində həllini tapsa, Balakən həm içməli, həm də suvarma suyu ilə tam təmin olunacaq.
Yeni Balakən qəzetinin araşdırması göstərir ki, su problemi kağız üzərində deyil, real uçot və xidmətlə həll oluna bilər.
Yeni balakən










Leave a Reply