İyunun 4-də Balakən şəhər Mədəniyyət Mərkəzində uşaqların sevinci, musiqi və rəqs ahəngi ilə birləşən bayram tədbiri keçirildi. “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir Balakən Rayon Mədəniyyət Mərkəzi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları, valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Səhnə və zal şarlarla, güllərlə bəzədilmişdi, uşaqların bayram ovqatını daha da artıran ab-hava yaradılmışdı. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılaraq başlayan tədbirdə “Pöhrə” Təlim və İnkişaf Mərkəzinin təsisçisi Züleyxa Dibirova qonaqları salamlayaraq çıxışa başladı.Züleyxa xanım 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyəti barədə danışdı, Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı və sevgidən söz açdı..
Balakən rayon təhsil sektorunun müdiri Mehparə Mirzəyeva çıxışında uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və xoşbəxt gələcəyi naminə görülən işləri vurğuladı.
Daha sonra musiqili-əyləncəli proqram təqdim olundu. Balakən şəhər 1, 2, 3 və 4 nömrəli körpələr evi-uşaq bağçaları, “Pöhrə” Təlim və İnkişaf Mərkəzi, kənd bağçaları və Mədəniyyət Mərkəzinin rəqs dərnəyi bir-birindən maraqlı səhnəciklər, mahnılar və rəqslərlə çıxış etdilər. “Bizim şəhərimiz bizim gələcəyimizdir!”, “Biz ki varıq, Azərbaycanlıyıq”, “Sülh” kompozisiyası, “Pərilər ölkəsi”, “Birlik”, “Bakı, sabahın xeyir” kimi səhnələr uşaqların arzularını, vətən sevgisini və sülh istəklərini ifadə etdi.
Tədbir boyu “Qıtqılıda”, “Papatya”, “Bonbon” kimi rəqslər, moda nümayişi, flaşmoblar və mahnılar tamaşaçılara bayram ovqatı bəxş etdi. Palyaço və qurbağa kimi personajların çıxışları isə uşaqların sevincini daha da artırdı.
Sonda tədbir “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” arzusu ilə yekunlaşdı. Balakəndə keçirilən bu bayram uşaqların istedadını, yaradıcılığını və xoşbəxt gələcəyə olan ümidlərini bir daha nümayiş etdirdi.
P.S. “Pöhrə” Təlim və İnkişaf Mərkəzi yaşca və tutumca digər iştirakçıların ən kiçiyi olsa da,seçdiyi mövzu,bu mövzudakı səhnə çıxışı,tamaşası,performansı digərlərindən seçilirdi.
Yeni Balakən








