15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər

“Qurtuluşdan Zəfərə” – Balakəndə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans

Balakən rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər davam edir. Dünən Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbirin ardınca bu gün Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının inzibati binasında “Qurtuluşdan Zəfərə” adlı konfrans təşkil olunub. Tədbir YAP Balakən rayon təşkilatı, İncəsənət məktəbi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutub.

Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri Azad Balayev, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün Azərbaycan xalqının yaddaşına dövlətçiliyin qorunması, sabitliyin bərpası və inkişafın başlanğıcı kimi əbədi həkk olunub. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyaraq güclü dövlətə çevrilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu siyasət müasir çağırışlara uyğun şəkildə davam etdirilərək Azərbaycanı zəfərə aparıb. “Qurtuluş missiyası ilə xalqımızı məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin yolunu Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə zəfərlə tamamladı,” – deyə Azad Balayev qeyd edib.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının üzvü Meysarat Qaysayeva, Hənifə kənd tam orta məktəbinin direktoru Cavanşir Alqayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov, hərbi jurnalist Şaban Daşdəmirov və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Fuad Mikayılov Milli Qurtuluş Gününün xalqımızın taleyində oynadığı mühüm rolu, Ulu Öndərin dövlətçiliyin möhkəmlənməsindəki xidmətlərini xüsusi vurğulayıblar.

Konfrans çərçivəsində rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya veteranlarına hədiyyələr təqdim olunub, yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri verilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir