Balakənin İncisi – R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası
Balakənin mədəni həyatında özünəməxsus yeri olan R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası illərdir ki, rayonumuzun ən böyük və nümunəvi məktəbəqədər müəssisəsi kimi fəaliyyət göstərir. 1984-cü ildən qapılarını balaca fidanlara açan bu bağça, I Qarabağ müharibəsinin qəhrəman şəhid müəllimi Rafiq Səmədovun adını daşımaqla həm tarixi yaddaşımızı yaşadır, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayır.
2014-cü ildən etibarən bağçaya YAP Balakən rayon Təşkilatı Qadınlar Şurasının sədri Züleyxa Cavad qızı Dibirova rəhbərlik edir. Onun gərgin zəhməti, incə düşüncəsi və böyük hədəflərə ağılla yönələn idarəçilik bacarığı sayəsində müəssisə inkişaf edir.Dövlətin dəstəyi,Elm və Təhsil Nazirliyinin xətti ilə bağça 2025-ci ildə əsaslı təmir olunmuş, uşaqların hərtərəfli inkişafı üçün müasir şərait yaradılmışdır.Rayon Təhsil Sektorunun müdiri Mehparə Mirzəyevanın diqqət və qayğısı,müəssisənin problemləri ilə yaxından maraqlanması ümumi işin keyfiyyətinə müsbət təsir edir.
Bağçanın fəaliyyət istiqamətləri genişdir:
• uşaqların əqli, fiziki və yaradıcı potensialının inkişafı,
• sosial–emosional bacarıqlarının möhkəmləndirilməsi,
• estetik tərbiyə və əmək vərdişlərinin formalaşdırılması,
• sağlam həyat tərzinə həssas münasibətin aşılanması,
• milli-mənəvi dəyərlərə, ana dilimizə və dövlətçiliyimizə bağlılığın gücləndirilməsi.
Burada hər bir uşaq yalnız biliklə deyil, həm də sevgi ilə böyüyür. Müəssisənin pedaqoji kollektivi balacaların istedadını üzə çıxarmağa, onları cəmiyyət üçün sağlam və faydalı fərdlər kimi yetişdirməyə çalışır.
8 Mart – Analara Həsr Olunan Bayram
Bu gün bağçada “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə möhtəşəm tədbir keçirildi. Tədbirin iştirakçıları bağçanın kollektivi, balaca fidanlar və onların anaları idi.
Balacalar analarına bayram konserti təqdim etdilər:
• hər biri analarına təbii çiçək hədiyyə etdi,
• şeirlər söylədilər, mahnılar oxudular,
• rəqslər ifa etdilər, oyunlar oynadılar.
Bu anlarda anaların sevinc dolu baxışları, qürurla parlayan göz yaşları salonda xüsusi bir ab-hava yaratdı. Çünki övladın valideynə bəxş etdiyi duyğu, yaşatdığı hisslər bənzərsizdir.
Tədbirin gözəl və uğurla keçirilməsində bağçanın müəllim və tərbiyəçilərinin zəhməti danılmazdır. Onların fədakar işi, uşaqlara göstərdikləri qayğı və sevgi, rəhbər Züleyxa xanımın uzaqgörən idarəçiliyi ilə birləşərək bu günün bayram ovqatını daha da möhtəşəm etdi.
R.Səmədov adına şəhər 2 nömrəli körpələr evi–uşaq bağçası Balakənin təkcə ən böyük məktəbəqədər müəssisəsi deyil, həm də gələcəyimizin təməlini qoyan bir mədəniyyət ocağıdır. Burada böyüyən hər bir uşaq milli dəyərlərə bağlı, sağlam düşüncəli və yaradıcı bir fərd kimi formalaşır. Bu isə həm rayonumuz, həm də bütövlükdə ölkəmiz üçün böyük qürur mənbəyidir.
Ramazan Abal











